Qəmbərovun klubunda konsert verəcək Amaryan kimdir?

27-09-2019, 17:21           
Qəmbərovun klubunda konsert verəcək Amaryan kimdir?
Ötən gün mətbuatda Azərbaycan diasporunun Belarusdakı nümayəndələrindən olan Baxşı Qəmbərovun Minskdə sahibi olduğu “Mulyen Ruj” klubunda erməni müğənni olduğu bildirilən Quram Amaryanın konsertini təşkil etməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Kult.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, əslində Quram Amaryan erməni və müğənni deyil.
Amaryan 1993-cü il avqustun 9-u Tiflisdə yezidi ailəsində anadan olub. N.İ.Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetində ali təhsil alan Amaryan Ukraynanın “Rassmeşi komika” şousunun qalibi olub. Bundan başqa, bir çox komedi-şoularda çıxış edib. O, müğənni yox, yumoristdir.
Qeyd edək ki, “Zerkalo” qəzetinin keçmiş əməkdaşı Mövsüm Hacıyev Feysbukda Azərbaycan diasporunun Belarusda tanınmış nümayəndələrindən biri kimi təqdim etdiyi Baxşı Qəmbərovun Minskdə sahibi olduğu “Mulyen Ruj” klubunda “erməni müğənni” Quram Amaryanın konsertini təşkil etdiyini yazıb. M.Hacıyev bildirib ki, klubda Azərbaycan mahnılarının səsləndirilməsinə də qadağa qoyulub. Q.Amaryanın 18 oktyabrda “Mulyen Ruj”da proqramla çıxış edəcəyi barədə afişa da dərc edilib.
Görünür, Q.Amaryanın soyadındakı “yan” onun erməni müğənni olması təəssüratını yaradıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat İnformasiya və Analitik Təhlil Şöbəsinin müdiri Aqil Əsədov isə məsələnin araşdırılması üçün Belarusdakı diaspor üzvlərinə müraciət etdiklərini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.