İçkili yaxalanan xanım prodüsserdən əsəbi reaksiya: “Yaxşı dostlarımla yeyib-içmişəm” (VİDEO)
30-11-2015, 06:00
Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edərkən saxlanılan prodüser Təranə Səmədova son müsahibələrində sərxoş olduğunu inkar etmişdi. Lakin xanım prodüser Facebbok səhifəsində etiraf edib ki, spirtli içki qəbul edibmiş. Musavat.com xəbər verir ki, son insidentin videogörüntüləri ilə bağlı müzakirələrdə sosial şəbəkə istifadəçilərindən biri “Təranə xanımın fikirləri maraqlıdır mənim üçün. Görəsən, özünə necə haqq qazandıracaq?” yazıb.
Təranə Səmədova həmin istifadəçiyə əsəbi cavab verib: “Sən mənim nəyimsən ki, mən sənin qarçında özümə haqq qazandırmağa çalışıb. Yaxşı dostlarımla oturmuşam, yemişəm-içmişəm, çıxanda gərək ayıq sürücü çağıraydım. Çağırmayıb səhv etmişəmsə də, özü yıxılan ağlamaz. Sağ olsun məni tanıyıb mənə hörmət qoyan dostlarım, elə onlar da yoluna qoyulmasında köməklik etdilər. Bundan sənə nə? Səndən üzr istəməliyəm? Ya əvvəldən icazə almalı idim?”.
Xatırladaq ki, prodüser Təranə Səmədova noyabrın 28-də Bakıda sükan arxasında sərxoş saxlanılıb. APA TV-nin məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları Nəsimi rayonu ərazisində, Hüseyn Seyidzadə küçəsində “Hyundai” markalı avtomobilə “Saxla!” əmri veriblər.
Sürücü əmrə tabe olmayıb və qaçmağa cəhd göstərib. Yol polisi avtomobili təxminən 3-4 kilometrdən sonra süni tıxac yaratmaqla saxlaya bilib.
Məlum olub ki, sürücü, tanınmış prodüser Təranə Səmədova spirtli içki qəbul edib. Avtomobildən düşmək istəməyən Təranə Səmədova növbəti dəfə qaçmağa cəhd edib və bu zaman “Tofaş” markalı başqa bir avtomobili əzib. Yol polisi əməkdaşı Pərviz Musayev sürücünün tabe olmadığını bildirib: “Sürücü bilərəkdən tabe olmadı və hərəkət sürətini artırdı. Dəfələrlə ziq-zaqvari manevr hərəkətləri edərək, məsuliyyətdən qaçmağa çalışdı. Amma sürücü tərəfimizdən operativ şəkildə süni tıxac vasitəsilə saxlanıldı”.
Təranə Səmədova sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinədən imtina edib.
Əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə yerinə tanınmış meyxanaçı Pərviz Bülbülə də gəlib. Təranə Səmədova onun avtomobilinə əyləşmək istəsə də, onun ərazidən uzaqlaşa biləcəyindən ehtiyatlanan polis əməkdaşları buna mane olublar.
Post Patrul Xidmətinin əməkdaşları Təranə Səmədovanı məcburi qaydada tibbi müayinəyə aparıblar.
Faktla bağlı protokol tərtib edilib, avtomobil isə cərimə meydançasına yerləşdirilib.
Musavat.com