Sənət adamları telekanalların onlara qoyduqları qadağalardan danışdılar – Sorğu
3-12-2015, 16:50
Sənət adamlarına telekanallar tərəfindən qeyri-rəsmi qadağa qoyulması son günlər medianın gündəmini zəbt edib. Xalq artisti Nazpəri Dostəliyeva ötən ay media nümayəndələrini bir araya toplayaraq mətbuat konfransı keçirdi. Xalq artisti bildirdi ki, 3 ildir ki, ANS və "Region TV"-dən başqa digər telekanallar onun efirə çıxmasına qeyri-rəsmi olaraq qadağa qoyub:
"Əvvəl çəkildiyim verilişlər və yayımlanmalı olan konsertim efirə verilmədi. Telekanal əməkdaşları mənə zəng edərək bildirdilər ki, konsertimi və qonaq olduğum verilişi efirə verə bilməzlər. Üç ildir ki, televiziyalardan uzaqlaşdırılmışam. Bu illər ərzində susmuşam və heç kimə, hətta televiziya rəhbərinə belə müraciət etməmişəm. Lakin jurnalistlərin haqqı və hüququ var ki, televiziya rəhbərlərindən xalq artistinə qeyri-rəsmi qadağa qoyulmasının səbəbini soruşsunlar, bu məsələni gündəmə gətirərək haqsızlığa son qoysunlar".
Xalq artistindən sonra müğənni Qismət Məmmədzadə də sosial şəbəkədə telekanallar tərəfindən qeyri-rəsmi qadağalarla rastlaşdığını qeyd etdi:
"Artıq neçə aydır ki mənə efirlərdə niyə görünmədiyim barədə suallar yazılır. Hər kəsə tək-tək cavab vermək imkanım olmadığı üçün ümumi cavab yazıram.
Bu ilin aprel ayından etibarən "Facebook" səhifəmdəki müxalifyönlü paylaşımlarıma görə (sonradan bir güvənli mənbədən öyrəndim ki, ən çox da M. Ə. Rəsulzadə ilə bağlı paylaşımlarıma görə) Azərbaycan telekanallarına mənimlə bağlı qadağa qoyulub.
Belə ki, aprel ayında ATV-nin bir prodüseri zəng vuraraq öncədən dəvət etdikləri bir verilişə gəlməyimin daha lazım olmadığını bildirdi. Sonra İctimai TV-dən kliplərim yığışdırıldı. Daha sonra isə “Lider” TV-yə öncədən dəvət olunduğum bir çəkiliş üçün getdiyim zaman efir rejissoru mənə "yuxarıdan" göstəriş olduğunu və telekanalın binasını təcili tərk etməli olduğumu bildirdi. Və sairə və ilaxır....
Yalnız ANS istisna oldu və məni bu telekanalda iyun ayına qədər iki verilişə dəvət etdilər. Bu da hörmətli Kamran Həsənlinin təşəbbüsü nəticəsində baş verdi. Qısacası, o vaxtdan indiyə qədər bu qadağa davam edir".
Musavat.com-un əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq məsələ ilə bağlı şou-biznes nümayəndələri arasında sorğu keçirib. Əməkdaşımızın "Sizə efirə çıxmağa qadağa qoyan telekanal varmı?" və "Televiziya kanallarının sənət adamlarına qeyri-rəsmi qadağa qoymasına münasibətiniz necədir" suallarına sənətçilərin cavabı müxtəlif olub.
Xalq artisti Faiq Ağayev: "Heç bir telekanal mənə qadağa qoymayıb, belə bir problemim yoxdur. Televiziya kanalları özəl şirkətlərdir, oranı eviniz kimi qəbul edin. Siz də evinizə hər kəsi buraxmırsınız. Obyektiv səbəblərdən sənətçiyə qadağa qoyulmasının tərəfdarıyam. Qərəzli şəkildə qoyulan qadağanın isə əleyhinəyəm".
Müğənni Elnarə Xəlilova: "Telekanalların hər birinə çox böyük hörmətim var. Əslində istərdim ki, daha çox telekanal olsun, bu zaman tamaşaçıların seçim şansı da çox olar. Amma telekanallar bu şərtlə çox olsun ki, hər birində maraqlı, səviyyəli, müxtəlif yaş təbəqəsi və zövqünə uyğun verilişlər yayımlansın. Heç bir telekanalda qadağada deyiləm. Çünki ilk növbədə buna səbəb yoxdur. Həm də mənə elə gəlir ki, sənətdə təcrübəsi olan, efir, ekran estetikasına uyğun gələn, səsi, istedadı olan, tamaşaçı sevgisi qazanmış, müəyyən auditoriyası olan, danışığı, oturuşunu-duruşunu bilən bir sənət nümayəndəsinə niyə qadağa olmalıdır ki? Qadağanı mən yalnız özüm-özümə qoya bilərəm. Məsələn, mən özümü görmədiyim verilişə getmirəm. Mənim üçün qadağada olan verilişlər olub. Sağ olsunlar, hər zaman məni verilişlərə dəvət edirlər, amma seçimi mən edirəm. Çünki artıq hər verilişə gedən vaxtım deyil, heç solo karyeraya başladığım vaxtlarda da çağırılan bütün verilişlərə getmirdim. Hər zaman seçim etmişəm. Övladlarıma isə televiziyaya baxmağa qadağa qoymuşam, çünki ilk növbədə dərsləri ön plandadır, asudə vaxtlarını isə atası, mən, nənələri təyin edirik. Baxsalar da, yalnız cizgi filmləri və uşaq verilişlərinə baxa bilərlər, o da az hallarda baş verir".
Meyxanaçı Namiq Qaraçuxurlu: "Mənə heç vaxt telekanallarda qadağa qoyulmayıb. Əlbəttə ki, sənəti olan sənətkara qadağa qoyulması mənfi haldır. Həm də eyni telekanalda istedadsız adamlara at oynatmağa şərait yaranırsa, bu lap yandırıcı olur".
Müğənni Nura Suri: "Mənə də qadağa qoyan telekanallar var. "Space"də neçə illərdir ki, "zapret"dəyəm. Əvvəllər bu haqda açıqlama vermişdim. Məni çağırmasınlar, o telekanalda efirə çıxmaq istəmirəm. Əvvəl reytinqlərini qaldırsınlar, sonra camaata qadağa qoysunlar".
Aşıq Samirə Əliyeva: "Şükür Allaha ki, mənim qadağam yoxdur. Mənə heç vaxt qadağa qoyulmayıb. Bütün telekanallarla gözəl münasibətim var, daima mənə dəyər verirlər, proqramlara çağırırlar. Təşəkkür edirəm".
Müğənni Qismət Məmmədzadə: " "Facebook" statusumda məsələ ilə bağlı ətraflı yazmışam. Qadağalarla bağlı heç bir yerə müraciət etməmişəm, çünki bizdə özəl telekanal yoxdur. Əgər tapşırıq yuxarıdan gəlibsə, kimdən kimə şikayət edim? Müraciətimin mənasız olduğunu bildiyim üçün heç kimə şikayət etmədim. Müracət etmək fikrim yoxdur. Bu qadağadan narazı deyiləm. Əvvəllər televiziya kanalları çağıranda gedirdik, sevənlərim məni efirdə görmək istəyirdi. Öz başıma özüm efirdən uzaqlaşa bilməzdim. Telekanallarda artan məddahlıq, yaltaqlıq mənə görə deyil. Çox zaman əsəbləşirdim, əziyyət çəkirdim. Yaxşı ki, məni efirdən uzaqlaşdırıblar. Təşəkkür edirəm".
Rəqqasə Oksana Rəsulova: "Beş il öncə telekanallardan biri mənə "zapret" qoymuşdu, iki il məni efirə çağırmadılar. Daha sonra qadağanı götürdülər. 3 ildir ki, məndən müsahibə almağa çalışırlar. İndi də mən özüm-özümə qadağa qoymuşam, o telekanalın verilişlərinə çıxmıram, açıqlama vermirəm. Səbəbsiz mənə qadağa qoyduqları üçün proqramlarında iştirak etmək istəmirəm".