"Hanı 12,14, 16 minə toya gedənlər?" - müğənnilərdən vergi açıqlaması
16-12-2015, 13:26
Son günlər şou-biznes nümayəndələrinin vergidən yayınması məsələsi gündəmdən düşmür.
Axşam.az-ın məlumatına görə, “Vergidən yayınıb, xalqın cibinə girən müğənnilər” ittihamları bəzi ifaçıların etirazına səbəb olub.
Müğənni Kərim Abbasov və Elçin Cəfərov məsələ ilə bağlı açıqlama verib.
K.Abbasov heç vaxt vergidən yayınmadığını bildirib:
“Vallah ayıbdır. And olsun Allaha ayıbdır. Bu cür yazılar yazanlar görəsən niyə müğənnilərdən bu qədər acıqlıdır? Səbəb? Mən 8 ildir vergi ödəyirəm. Azərbaycan Respublikasının qanunu hər kəs üçün əsasdır. Amma mən heç kəsin cibinə girmirəm. Halal pulumu qazanıram. Özümlə bərabər 9 insan ailəsinə ruzi aparır. 9 insanın ailəsi də dörd-beş nəfərdən ibarətdir. Qurban olduğum Allahım... İki dənə saç telindən nazik olan səslə gör neçə ailəyə ruzi bəxş edir. Bu oğurluq sayılır? Bunu yazanlar, qələmin belə itidirsə və özünə güvənirsənsə, hansısa dövlət məmurunun adını yaz və de ki, xalqın cibinə girir, oğurluq edir. Bacararsan? Allahdan qorxun”.
E.Cəfərov isə media nümayəndələrinə müraciət edib:
“Bu günlərdə şou-biznes nümayəndələrinin vergi məsələsi gündəmi alıb. Vergi ödəmək təkcə müğənnilərin yox, hər bir şəxsin üzərinə düşəcək məsuliyyətdir. Azərbaycan qanunlarına riayət etmək bizim borcumuzdur. Jurnalist dostlarımızdan xahiş edirəm ki, bu cür müğənniləri düşürəcək səviyyədə yazı yazmayın. Axı biz düşmən ölkənin yox, Azərbaycanın sənətçiləriyik”.
Aparıcı Sərxan Kərəmoğlu isə müğənniləri qınayıb:
“Vergilərə görə heç kim sosial şəbəkədə şəkil paylaşmır. Hanı o 12, 14, 16 minə toya gedən qardaş və bacılarımız? Niyə foto paylaşmırsınız? Vergilər Nazirliyini qınamayın. Çünki müəyyən bir təbəqənin imkanı çatır, külli miqdarda pul verib müğənnini toya gətirir. Belələrinin güdazına evdəkilərin sözündən çıxa bilməyib, məcbur pulu ödəyən nə qədər ailə başçısı gedib. Onlar o pulları verərkən nə qədər heyfslənib heç bilirsinizmi? Xalqın cibinə girib, əvəzində toyları yola verənlər, indi mənşər ayağına gəlin. “Özünügöstərməklik” şəkilləri görmürəm”.