Azərbaycan şou-biznesini cinayət aləmi ilə nə bağlayır?
17-02-2016, 01:48
Dünyanın məşhur ulduzlarının səhnəyə çıxdıqları konsertlərdən, rol aldıqları filmlərdən, ölkədaxili və xarici qastrol səfərlərindən milyonlarla dollar qazanması danılmaz faktdır. Onlar əldə etdikləri gəlirlərin bir qismini sənətlərinə sərf etsələr də, bir qismi ilə ölkələri üçün nümunəvi addımlar atırlar. Aktrisa Ancelina Coli xeyirxah tanınmışların siyahısında ilk sıradadır. O, daim qaçqınlara, kimsəsizlərə əl tutur, övladlığa uşaq götürür. Məşhur model İrina Şeyk isə Rusiyada böyüdüyü şəhərdə xəstəxana tikdirib. Türkiyənin pop ulduzu Gülben Ergen isə tikdirdiyi 32-ci məktəbin açılışına hazırlaşır.
teref.az musavat.com-a istinadən bildirir ki, xeyirxah əməllərlə yadda qalan ulduzların siyahısını yetərincə uzatmaq mümkündür. Çünki ictimai insan olan sənət adamlarının əldə etdikləri qonorar onlara heç kimə möhtac olmadan həm xeyirxah əməllər görməyə, həm də sənətlərini davam etdirməyə imkan verir. Bəs Azərbaycanda sənət adamlarının vəziyyəti necədir? Onlar kiminsə yardımı olmadan uğur qazana bilirlərmi?
Məlumdur ki, əcnəbi məşhurlardan fərqli olaraq, yerli sənətçilərin gəlir mənbəyi toydur. Təbii ki, toyla dolanan şou-biznes əhli azdır. Müğənnilərin çoxu imkanlı və vəzifəli şəxslərlə “dostluq” etməyə üstünlük verirlər. Çünki bu “dost”lar onları tanıdır, maddi durumunu yaxşılaşdırır və ya çətin vəziyyətdə onlara dayaq olur, yəni “day-day”lıq edirlər. Danılmaz faktdır ki, sənət adamlarına bu “dost”luq bəzən baha başa gəlir. Cinayətlərdə adları hallanan “dostlar” yerli məşhurları çətin vəziyyətə salırlar.
Musavat.com son günlər İlhamə-Aygün Kazımova qalmaqalı məşhurların cinayətkarlarla dostluq etməsinin onlara yaratdığı problemləri bir daha gündəmə gətirdi. Belə ki, Aygün onu təhqir edən İlhamənin Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili, adam oğrusu Hacı Məmmədovla fotosunu yaydı.
Fotonu şərh edən İ.Quliyeva isə mətbuata açıqlamasında bildirdi ki, Hacının cinayət əməllərindən xəbərsiz olub: “Hacı Məmmədov bütün sənət adamlarını qəbul edirdi, süfrələr açırdı. Onun “qara işləri”ndən bizim xəbərimiz yox idi. Mən anamı “Qarabulaq”a aparırdım. Anam orada dincəlməyi sevirdi. Hacı Məmmədov şəklimi “Qarabulaq”ın girişində qoyub, məni reklam edirdi. Mənim Hacı Məmmədovla o qədər şəkillərim var ki?”
Hacı Məmmədovun İlhaməylə yanaşı, Manana ilə 2006-cı ildə “Qarabulaq” istirahət mərkəzində çəkdirdiyi şəkillər də mətbuatın gündəmini zəbt etmişdi. H.Məmmədovun Manana Caparidzeyə “Mersedes” markalı avtomobil hədiyyə etməsi iddialarına müğənni “Mən bir il “Qarabulaq” istirahət mərkəzində oxudum. Axırda pulumun əvəzinə həmin maşını mənə verdilər”, – deyə aydınlıq gətirmişdi.
Müğənni Mətanət İsgəndərlinin sabiq ABU rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayev ilə münasibətinin olması, sənətçi barədə bir çox ittihamların səslənməsinə səbəb olmuşdu. Belə ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin 2003-cü il oktyabrın 23-də müğənni Mətanət İsgəndərlinin evinə aparıldığını və oradan oğurlandığını iddia etmişdi. Müğənninin ittihamlara cavabı, “Bu məsələdən artıq yorulmuşam. Cavab vermək istəmirəm” kimi olmuşdu.
Nəticə olaraq belə qənaətə gəlmək olur ki, yerli sənət adamlarının yetərincə qazanc əldə edə bilməməsi onları “dost”lara möhtac edir. Onların da kifayət qədər maliyyəsi olsa, ölkə üçün nümunəvi işlər görərlər. Misal olaraq qeyd edə bilərik ki, əməkdar artist Elnarə Abdullayeva 200 min manat xərcləyib, Şamaxıya su çəkdirmişdi. Digər yerli məşhurlar isə tez-tez təşkil edilən xeyriyyə konsertlərində çıxış edir, qocalar və kimsəsiz uşaqlar evinə baş çəkirlər. Deməli, pul, yəni güc hər şeyi həll edir.