“Şou-biznes" əhli arasında "taxt-tac” davası...

28-02-2016, 19:55           
“Şou-biznes" əhli arasında "taxt-tac” davası...
Müğənni Röya Ayxan İlhamə Quliyevanın vida mərasimində tac söhbətini gündəmə gətirib.

Belə ki, İ.Quliyeva ilə bağlı fikirlərini bölüşən Röya bildirib ki, müğənni taclarını ona verib: “O, 73 il gözəl yaşadı. Allah hamıya elə ölüm qismət etsin. Axşam deyib-gülüb, səhər vəfat edib. Mən illərlə xəstə yatıb ölməkdən qorxuram. İlhamə xanım Şir bürcü idi, onlar tərifi sevir. İnanın mənə, qəlbən səmimi və pozitiv insan idi.

Özünü güclü göstərmək üçün kameralar qarşısında sərt qadın kimi davranırdı, istəmirdi ki, onu zəif bilsinlər. Mən də İlhamə xanım kimi dövlətimi sevmək istəyirəm. O, sənətkarlıqdan əlavə bizə öyrətdi ki, xalqı, sənətkarı sevmək lazımdır. Allah rəhmət etsin! Mənim onunla problemim olmayıb, çünki həmişə məsafə saxlayıb, sənətkar kimi qiymətləndirmişəm. Sonuncu dəfə danışanda dedi ki, səni çox istəyirəm, bütün taclarım sənindir. İlhamə xanımın gözəl mahnıları var, köhnə mahnılarını yenidən lentə aldıracağam".

İllərdir ki, şou-biznesdə “tac davası” getdiyi hər kəsə məlumdur. Şou-biznesin yeganə tac taxma hüququnun ona aid olduğunu iddia edən mərhum İlhamə Quliyeva tac taxan sənət adamlarına qarşı daim sərt sözlər səsləndirib: “Azərbaycanda hamı bilir ki, tacın sahibi İlhamədir. 15 il öncədə tac taxardılar. Mənim sənədlərlə olan taclarım var. Tac taxma hüququ mənimdir”.

İ. Quliyevanın vəfat etməsi tac mövzusunu yenidən gündəmə gətirib. Musavat.com İlhamə Quliyevadan sonra “Şou-biznesin taclısı”nın kim olacağı sualına cavab tapmağa çalışıb və tac taxan sənət adamlarının siyahısını hazırlayıb. Qeyd edək ki, araşdırma mətbuatda yayımlanan xəbərlər əsasında aparılıb.

“A-dan Z-yə” proqramına tac taxaraq qatılan aktrisa Məleykə Əsədova özünü kraliça adlandırmışdı: “Bu, səhnə geyimidir. Rol aldığım tamaşadakı personalla bağlıdır. Bu günə kimi demişəm, indi də deyirəm ki, mənim aktrisalığım 100 yox, lap 101 faizdir. Səhnənin kraliçasıyam”.

Müğənni Aygün Kazımova da tac qalmaqalına qoşulan sənətçilərdəndir. O, sosial şəbəkədə “Bakı payızı-88” müsabiqəsində çəkilən taclı fotosunu paylaşıb. Daha sonra itinə tac taxaraq “Tac qalmaqalı”na söz atıb. Müğənni sonuncu dəfə doğum günü mərasiminə tacla gəlib.

Müğənni Röya da sosial şəbəkədə taclı fotosunu paylaşan ifaçılardandır. Lakin o, fotoya heç bir şərh verməyib

Azəri qızı Günel “Onlar” verilişinin kamerası qarşısına tacla çıxmışdı: “Yeni kraliça gəlir, hamı ayağını yorğanına görə uzatsın. Şou-biznesin “bala kraliçası”yam. Sözlərimi İ.Quliyeva dəyərləndirsin və mənə cavab versin”.

Müğənni Elnarə Xəlilova isə dəfələrlə tac taxıb və bu addımına sosial şəbəkədə aydınlıq gətirib: “Məni bundan sonra dəfələrlə ad günlərində, toylarda, xına mərasimlərində tacla şahzadə obrazında görəcəksiniz.

“Eurovision 2011” qalibi Nigar Camal taclı fotosunu sosial şəbəkədə paylaşaraq “Kraliça xəstəliyi” şərhini yazıb

Xalq artisti Flora Kərimovayla məsələ ilə bağlı əlaqə saxladıq. O, fikirlərini belə ifadə etdi: “Qızım Zümrüd məndən xahiş edib ki, İlhamə Quliyeva haqda danışmayım. Onun barədə nə isə desəm, qızım məndən küsər. Tac məsələsi ilə bağlı bir tək cümlə demək istəyirəm. İlhamə Quliyevanın saxta taclarını hansısa müğənni özünə yaraşdırırsa, bu, onun şəxsi işidir, özünə İlhamənin tacı qədər verdiyi qiymətidir. Bundan artıq heç nə demirəm”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.