Nadir: “O sözü demişəmsə, iki balamın...”
2-03-2016, 12:41
“Şəhidlərə nəinki lənət deyə, o haqda düşünə bilmərəm. Əgər “Şəhidlərə lənət olsun” demişəmsə, iki cavan balamla meyitimi görün”.
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə jurnalistlərin suallarını cavablayarkən deyib. O, bildirib ki, onu şərləyən mətbu orqanları məhkəməyə verəcək:
“Ömür boyu məhkəmələrdən qaçmışam. Kimsə kimisə məhkəməyə verəndə o adama demişəm ki, məhkəməyə vermək lazım deyil, sabah üz-üzə gələcəksiniz. Şou-biznes aləmi elədir ki, tez-tez qarşılaşırsan. Mənim 8 yaşım olanda qonşumuz bizə pislik etmişdi, evimizin qapı, pəncərəsini qırmışdı. Atam yox idi, o işi görən kişi xeylağı idi. Mən anamın ayaqlarına düşdüm ki, qonşumuzdur, polisə vermə. O an anam dedi ki, bala, sənin bu üzüyumşaqlığın başına bəla olacaq. Amma bəzi adamlar məni məcbur edir ki, onları məhkəməyə verim. Axı Nadir sizə nə edib? Mənim yazımda bir sözü dəyişib rəhməti lənət etmək insanlığa sığmır. Şəhidlərə nəinki lənət deyə, o haqda düşünə bilmərəm. Bu hansı insanlığa, vicdana sığar? Mən həmin xəbəri yazan saytların rəhbərləri ilə danışa bilməmişəm. Vallah, məhkəməyə verməyə utanıram. Sabah məhkəməyə çıxıb məndən üzr istəyəndə yenə utanacağam, çünki o insanın cavan və ya yaşlı olduğunu bilmirəm. Həmin adamın təzminatı mənə lazım deyil. Jurnalistlərin adına ləkə gətirən həmin şəxsi ifşa etmək istəyirəm. Məncə, o insanlar özlərinə iş axtarsınlar, işverənlik, dələduzluq, saxtakarlıq və s. ilə məşğul olsunlar. Əminəm ki, məni tanıyanlar o xəbərlərə inanmayıb. Əgər o sözü demişəmsə, iki cavan balamla meyitimi görün. Sosial şəbəkədə bu xəbərlərə inanıb insanlar məni təhqir edir”.
Sənətçi statusunda mərhum İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova haqda yazdığı “Şəhid bacısının dilindən İlhamə xanıma qarğış eşitmək istəməzdim”sözlərinə də aydınlıq gətirib: “Mən demişəm ki, öz mənafeyimizə görə şəhidlərin adından istifadə etməyək. Kimsə pis iş görür, sonra deyir ki, şəhid ailəsidir. Şəhidlərin adından istifadə etməsinlər. Hər kəs özünə cavabdehdir. Onlıara o biri dünyada əzab verməyin. Səhv hərəkətə görə hər kəs özü cavab verəcək. Bizdə tez-tez deyirlər ki, “filan kəsin qohumuyam”. Bu adət halını alıb”.
Müğənni “İnstagram”da ona təhqir edən şəxsi məhkəməyə verdiyini də açıqılayıb: “Məni təhqir edən adamın profilinə girib nömrəsini götürdüm, təhqirlərinin də fotosunu çəkdim. Prodüserim Ruslan Əliyev bu işlə məşğuldur. Məhkəmə prosesi gedir, o insanı çağırıb təhqir etməsinin səbəbini soruşacaqlar. Məni xoşlamayan şəxslər səhifəmi izləməsinlər”.
teref.az olaraq bir qazi qardaşının şəhid ruhunu təhqir edəcəyinə inanmırıq və bu hadisənin Nadir Qafarzadəyə qarşı təxribat kimi qəbul edirik. teref.az olaraq bildirmək istəyirik ki, Nadir Qafarzadənin qardaşı 1 ci Qarabağ savaşında iştirak edib və orda ağır yaralanıb. Günün bu günündə də Nadir Qafarzadə öz qardaşının ailəsinə baxır.
teref.az