Amerikalı məşhur müğənni “Qarabağ Azərbaycandır” klipini təqdim etdi - VİDEO
4-08-2021, 18:34
![Amerikalı məşhur müğənni](/uploads/posts/2021-08/1628087656_1.jpg)
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Milesin “Qarabağ Azərbaycandır” klipinin təqdimatı keçirilib.
Musavat.com xəbər verir ki, klipin təqdimat mərasimində amerikalı müğənni Della Miles və onun meneceri Hüseyn Fatih Oktay, Azərbaycanın Əməkdar artisti Qoçaq Əsgərov, BAMF-ın prezidenti Umud Mirzəyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bizim Yol” qəzetinin baş direktoru Bahəddin Həziyev Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Beynəlxalq müsabiqələr laureatı, “Xarıbülbül” kompoziyasının bəstəkarı Tural Məmmədli iştirak ediblər.
Mirzəyev bildirib ki, dünyaca məşhur müğənni, amerikalı vokalçı Della Miles Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycanda səfərdədir. Onun Bakı səfərinin əsas məqsədi 44 günlük Vətən müharibəsindən sonra erməni işğalından azad olunmuş Qarabağ torpaqlarına səfər etmək, erməni vandalizmi ilə tanış olmaq və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Şuşaya həsr etdiyi “Xarıbülbül” şeirinə bəstələnən eyniadlı musiqi əsərini ifa etməkdir.
O qeyd edib ki, Della Milesin bir neçə ay öncə Azərbaycanın Qarabağ zəfərinə həsr etdiyi “Qarabağ Azərbaycandır” adlı klipi işıq üzü görüb.
“Qarabağ Azərbaycandır” mahnısından danışan müğənni Azərbaycana olan sevgisindən söhbət açıb: “Çox gözəl mahnıdır. Bu mahnını ifa etmək mənim üçün qürurverici oldu. Hər zaman haqlının, məzlumun yanında oldum. Dini, irqi, dili nə olur olsun, haqlının yanında olmaq məni xoşbəxt etdi. “Xarıbülbül” layihəmizin də möhtəşəm olacağına inanıram. Mən o çiçəyi gördüm, qoxladım. Burada olmaq mənim üçün çox xoşdur”.
Qoçaq Əsgərov bilirib ki, Della Miles duet ifa etməkdən məmnundur:
“ “Xarıbülbül” şeiri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur. Çox təsiredici şeirdir. Çox möhtəşəm əsər ərsəyə gələcək. Della xanımın indi vaxtı olduğu üçün onu Bakıya dəvət etdik. Gəldi, öz sözlərini ifa etdi. Qalıb mənim ifam və musiqi alətlərinin son işləri. Biz sabah Qarabağa yola düşəcəyik. Della xanım hadisələrin baş verdiyi yerləri canlı-canlı görəcək. Onun Azərbaycana qarşı bu qədər həssas olması çox gözəldir”.
Sonda Della Miles ilə Qoçaq Əsgərov “Xarıbülbül” mahnısını ifa edib.
Qeyd edək ki, amerikalı müğənni ABŞ-ın Texas ştatında musiqiçi ailəsində dünyaya gəlib. Gənc yaşlarında Los-Ancelesə köçüb. O, burada Michael Jacksonun məşhur “Sisterella” musiqili tamaşasının baş qəhrəmanı olan “Ella” obrazını canlandırıb. Tamaşadakı ifası ilə məhşurlaşan Miles sonralar Michael Jackson və Vhitney Houston başda olmaqla bir çox müğənnilərin vokalçısı olub. Hazırda Türkiyənin İstanbul şəhərində yaşayır.
![](/uploads/posts/2021-08/1628087633_1.jpg)