“Azərbaycan ermənilərin ”bayraq təxribatı"ndan istifadə etməlidir"

12-05-2016, 12:40           
“Azərbaycan ermənilərin ”bayraq təxribatı"ndan istifadə etməlidir"
İsveçin paytaxtı Stokholmda keçirilən “Eurovision-2016" mahnı müsabiqəsinin 1-ci yarımfinalında iştirak edən Ermənistan təmsilçiləri təxribata əl atdılar. Belə ki, konsertdə Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyan Dağlıq Qarabağda qurulan separatçı rejimin ”bayrağını" qaldıraraq dalğalandırıb.

O, bu hərəkəti “green room”a bağlantı zamanı, kameraya nümayişkaranə şəkildə edib. Onu da qeyd edək ki, bir müddət əvvəl “Eurovision” mahnı müsabiqəsinin yayım hüquqlarının sahibi Avropa Yayım Birliyi tədbirdə nümayişi qadağan olunmuş bayraqların siyahısını yaymışdı. Həmin siyahıda qondarma “Dağlıq Qarabağ Respublikasının” da bayrağı var idi. Lakin ermənilər buna məhəl qoymayaraq, yenidən təxribat əməllərindən əl çəkmədilər.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan ADA Universitetinin professoru, politoloq Elnur Sultanov bildirib ki, əslində Ermənistanın atdığı bu kimi addımlara dünya tərəfindən heç bir ciddi reaksiya verilmir: “Ümumiyyətlə, bu yarışma Avropada və Qərbdə o qədər də ciddi yarışma sayılmır. Ora qatılanlar, buna maraqlı vaxt keçirmək, əylənmək üçün bir vasitə kimi baxırlar. Ona görə də bu yarışmanın piar (PR) effekti çox böyük deyil. Misal üçün, idman yarışlarını bu müsabiqədən daha çox adam izləyir. Lakin Avropa ailəsinə daxil olan yeni ölkələr yarışmaya bir qədər fərqli yanaşırlar. Onlar bu yarışmanı deyərdim ki, ciddiyə alırlar. Ermənistan iştirakçısının həmin yarışmada bayraq qaldırması məsələsinə gəlincə isə hesab edirəm ki, bu, sırf olaraq psixoloji müharibənin göstəricisidir. Lakin hadisə dünyada reaksiyaya səbəb olmur. Ermənilərin heç qondarma soyqırım iddiaları da Amerikanın əsas ana xəbər bülletenləri tərəfindən yayımlanmır. Eləcə də ermənilərin yarışmada bayraq qaldırması məsələsi də dünya mətbuatı tərəfindən ciddiyə alınmadı. Bu hadisəni qabardanlar Ermənistan kanalları, bir də Rusiyanın ermənilərin təsirində olan bəzi media qurumları ola bilər. Onları da dünyada heç kim oxumur”.

E. Sultanov bildirib ki, əslində bu kimi məqamlardan biz də istifadə etməliyik: “Lakin bunu piar məqsədi ilə deyil, psixoloji təsir kimi dəyərləndirmək lazımdır. Eyni zamanda Azərbaycanın burada vurğulaması lazım olan şərt budur ki, ümumilikdə ”Eurovision" mahnı müsabiqəsi barışla bağlı olan bir yarışmadır. Əsas məqsəd Avropa ailəsinin bir araya gəlməsidir. Burada qalxıb şiddətlə, qanla yaradılan qondarma bir qurumun bayrağını yelləmək ümumi prosesə zidd olan addımdır. Bu mesajı Azərbaycan tərəfi müsabiqənin təşkilatçılarına rəsmi şəkildə verməlidir. Bu, həm də ermənilərin addımına qarşı uğurlu cavab olardı. Yarışma adətən Avropa ailəsinin bir araya gələrək, konfliktləri unutduğu məkandır. Bunu Avropanın ən yaralı konfliktlərindən birinin “yarasını qaşımaq” kimi, dəyərləndirmək lazımdır. Azərbaycan qeyd etdiyim kimi bu məqamdan istifadə etməlidir. Ermənilərə ən gözəl cavabımız bu ola bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.