“Rektor özünü dağıdıb sökməklə sübut etməməlidir” - Eldar

22-08-2016, 11:58           

“Eurovision – 2011”in qalibi Eldar Qasımovun “Qafqazinfo”ya müsahibəsi

-Almaniyada baş tutacaq “Daf Bama Music Awards” mükafatlarında namizəd olaraq göstərilirsiz. Sizdən əlavə həmin siyahıda Aygün Kazımova və Elnur Hüseynov da var.

- Bir neçə ay bundan əvvəl bizə belə bir təklif olunmuşdu. Mükafatlandırma mərasimi barədə araşdırma apardıq və bu qərara gəldik. Həmin mərasim bizim getdiyimiz istiqamətə uyğun deyil və imtina etdik. “Daf Bama Music Awards”da hər ölkədən bir neçə nəfəri seçirlər. Onlardan birini də qalib elan edirlər. Məncə, burada başqa şeylərdə var. Mən öz adıma danışa bilərəm ki, çıxışdan imtina etdim.

- Sonuncu dəfə “1 only” mahnısını və klipini təqdim etdiz. Əcnəbi dildə ifa olunan mahnılar niyə hit olmur?

- Klip yox, mətnli video idi. Ümumiyyətlə, bizim cəmiyyətimiz o qədər də ingilis dilində danışmır. Mahnını hiss eləmək üçün mətni başa düşmək lazımdır. Hələ ki, ingilis dilində danışanlarımız azlıq təşkil edir. Onların bir qismi isə bu dildə danışır və o istiqamətdə mahnılara qulaq asırlar. Amma əksər insanlar öz dilimizdə olan mahnıları ifa edirlər. Çünki, onlar ana dilini başa düşürlər. Milli musiqiyə meyilli mahnılar Azərbaycanda daha məşhurdur. İnanıram ki, insanlarımız əcnəbi və modern musiqiləri də dinləyəcəklər.



-Bəs siz niyə axına doğru yox, ona əks addım atırsız. Daha çox pul qazanmaq, hitlərə imza atmaq üçün ana dilində olan mahnılar oxuya bilərsiz...

-Düşünürəm ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı ola bilər. Anlayıram ki, mən də ingilis dilində mahnılar yazmaq, ifa etmək daha yaxşı alınır. Bu səbədən profilimi dəyişmirəm. İnsan səhnədə səmimi olmalıdır. Mən isə ingilis dilində mahnılar oxuyarkən səmimi oluram. Uşaq yaşlarımdan əcnəbi mahnılara qulaq asmışam, onların ifaları ilə musiqi tərbiyəsi almışam. İnanıram ki, düzgün yoldayam.

- 5 ildir ki, “Eurovision” kubokumuz yoxdur. Əksər fan səhifələri, təşkilat komitələri ifaçı və mahnı seçimində gerilədiyimizi deyirlər. Tutduğum yerlər də buna birbaşa sübutdur...

- Bizdən əvvəl və sonra ifa edilən bütün mahnılar ürəyimə yatır. Hər il gözəl mahnılar təqdim edirik. Avropa kütləsi də mahnılarla tanış olur. Tale və uğurdan söhbət gedə bilər. Cəmi bir dəfə alındı, nə vaxtsa da, alına bilər. Ancaq tarix hələ ki, buna icazə vermir. Bizdən asılı olan bir şey deyil. Sırf mahnıları soruşursuzsa, mən həqiqəti deyirəm, hər bir musiqi parçasını bəyənirəm.

- Siz də “Eurovision”dan qayıdan kimi ənənəni pozmadız. Digər iştirakçılar kimi passiv olmağa başladız... Kənara çəkilməyinizin səbəbi nədir?

- Kənardan elə görünə bilər. Yenə də qeyd etmək istərdim ki, mən daha çox başqa üslubda oxuyur, mahnı yazıram. Azərbaycanda bir qədər bu proses çətindir. Avropa və xarici ölkələrdən təkliflər olur, amma depressiyaya düşənlər də var. Onları çox yaxşı başa düşürəm. Biz ora gedəndə başqa mühit görürük. İnsanların öz işlərinə peşəkar yanaşdıqlarının şahidi oluruq. Hər saniyəmiz planlı şəkildə həyata keçirilir. Burada isə tamam fərqlidir.

Biz elə olur ki, hər hansı konsert və çıxışı nəinki, bir gün, hətta bir neçə saat əvvəl belə danışmaq olur. Planlaşdırma yoxdur, orada isə iki həftə əvvəl nə edəcəyimizi bilirdim. Belə şeylər insan özünə əminlik gətirir. Sənət insanı belə olanda ancaq ifası barədə düşünür, proqramlaşdırmaya vaxt ayırmır. Mənim komandamın isə tələbləri başqa cürdür. Çalışırıq ki, bizimlə çalışan insanları başqa istiqamətlərə yansıdaq. Bəlkə də, burada olanlar düzgündür. Amma mən xarici mühiti seçirəm. İşdə çox tələbkar insanam.



- Tez-tez depressiyaya düşürsüz, bunun səbəbi nədir?

-Məni hər şey depressiyaya sala bilər. Yəni, küçədə yaralı pişik görsəm belə depressiyaya düşürəm. Özümü nasaz hiss edəndə, boğazım ağrıyanda dəhşət depressiya keçirirəm. Depressiya deməzdim, sadəcə olaraq vəziyyətim bir qədər dəyişir, kefsiz oluram. İçimdə yaşadığım belə hisslərdən, kefsiz olmaqdan zövq alıram. Çünki, kefsiz olanda sənətimlə məşğul oluram, mahnı yazmağa başlayıram.

- Kiminsə üçün mahnı yazmısız?

- Bəli, “Sevgi alovlandırandır” mahnısını bir neçə nəfər üçün yazdım. Daha sonra mahnı xoşuma gəlmirdi. Amma bir neçə mahnı var ki, maşınımda qulaq asıram. Həmin mahnı “play list”imdə var idi, bir-iki dəfə qulaq asdım. Dedim ki, yox, heç kəsə satmıram, özüm oxuyacam.

- Siz toya getmirsiz, albom satışları da ölkədə ürəkaçan deyil. Necə gəlir əldə edirsiz?

- Əlbəttə ki, hər bir müğənninin əsas gəliri korporativlərdəndir. Məndəki sistem ondan ibarətdir ki, konsert proqramı qururuq, agentlik və klublara satırıq. Həmin klublar proqramın satışı ilə məşğul olurlar.

- Qalib olanda "bozqurd" işarəsi göstərdiyiniz deyilirdi. Bu düşünülmüş bir addım idi?

- Yox, heç bilmirdim ki, bozqurd işarəsi belə olur. Həmin işarə beynəlxalq işarət dilində “mən sizi sevirəm” deməkdir. Ona görə də, səhnədə belə bir addım atdım.



- İkinci dəfər yarışmaya qatılmaq kimi bir niyyətiniz var?

- Hər zaman şansım var, amma istəyim yoxdur. Artıq bir dəfə qalib olmuşam. Eyni çaya iki dəfə girmək olmaz. Bir dəfə birinci seçilmişəm. Nə vaxtsa, müsabiqədə birinci yerdən daha böyük pillə uğrunda mübarizə başlayarsa, onda qatılaram. Hər zaman taleyimə təşəkkür etmək hissi ilə yaşayacam.

- Müsabiqə zamanı Nigar Camalla sizi Avropa mətbuatı sevgili kimi təqdim edirdi, sizə də bu barədə tez-tez suallar ünvanlayırdılar. Belə təqdimatdan narahatlıq keçirmədiz?

- Biz narahat olmurduq, rolumuz bundan ibarət idi. Psixoloqlar, bizlə işləyən şəxslər deyirdilər ki, siz insanlara yaxın və səmimi görünmək üçün belə etməlisiz. Onları inandırmaq üçün çox çalışırdıq. Media və şəkillərdən elə başa düşürdülər ki, Nigarla sevgili deyilik, sadəcə olaraq bizim çox yaxşı dostluq münasibətlərimiz var.

- Bütün Avropa ölkələrinin “Eurovision” təmsilçiləri siyasətlə yaxından maraqlanırlar. Dünyada və ölkələrində baş verən siyasi proseslərə münasibət bildirirlər. Bizim iştirakçılar isə uzaq gəzirlər. Amma siz sosial şəbəkədə hər zaman cəbhə bölgələri, Ermənistan-Azərbaycan münasibətləri barədə fikirlər bölüşürsüz...

- Öz adımdan danışa bilərəm. Bilirəm ki, mən fikrim kiməsə lazımdır. Bunu kimsə müsbət və ya mənfi qəbul edə bilər. Mən heç vaxt kiminsə xoşuna gəlmək naminə etmirəm. İçimdən keçəni edirəm, paylaşıram, fikirlərimi bölüşürəm.



- Sonuncu dəfə cəbhədə baş verən gərginliklə bağlı paylaşım etmiş, sülh bağlanmasını istəmişdiz. Amma sizin həmin fikirlər birmənalı qarşılanmamışdı, əksər insanlar öz etirazını bildirmişdi.

- Mənim üçün maraqlı deyil. Tam səmimiyəm. Mənə heç bir psixoloji təsiri də olmadı. Millət şərh yazsın deyə paylaşımlar etmirəm. Ürəyimdən keçəni edirəm. Bilirəm ki, insanların çoxsu mənimlə həmfikirdir. Sadəcə olaraq o qədər də məşhur deyillər. Məndə izləyici sayı çoxdur, şərhlər də çox olur.

Həmin rəylər mənə mənfi təsir etmir. Hətta, ermənilər nəsə şərh bildirəndə, bizimkilər şəxsi həyatım barədə artıq nəsə yazanda silmirəm, sildirmirəm. Çünki, insanların fikirlərinə hörmətim var. İnsanın özünə hörmətim olmaya bilər, amma fikirlərə hörmət etmək lazımdılr.

- Bakı Slavyan Universitetində pedaqoq kimi fəaliyyət göstərməyiniz barədə xəbərlər yayılmışdı...

- Pedaqoq kimi yox, Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzində tələbə olan zaman çalışırdım. 2012-ci ildə magistraturanı bitirdim, Kamal Abdulla məni universitetdə saxladı. Mən Ölkəşunaslıq kafedrasının mütəxəssisi oldum, orada çalışmağa başladım. Bunlar keçmişdə qaldı. Kamal müəllim və əksər dostlarım orada yoxdu. Mən də BSU-dan çıxdım.

- Yeni rektor Nurlana Əliyeva BSU-nun rəmzi hesab ediləcək mozaikaları sökdürüb. Bu barədə məlumatınız var? Bir BSU tələbəsi kimi rektorun addımına münasibətiniz necədir?

- Mənə yayılan xəbərləri göndərdilər. Xaricdə idim, dincəlirdim. Məlumatları oxuyanda çox əsəbiləşdim. Bu, sözün bitdiyi yerdir. Məncə, rektor rektorluğunu başqa işlərlə sübut etməlidir, dağıdıb sökməklə yox. Kiminsə başına düşdüyü üçün belə addım atdığını deyir. Bunu söküb yenidən bərpa etmək lazımdır.

Artıq həmin mozaikalar BSU-nun rəmzi hesab edilir. Nə qədər tələbələr universiteti bitirib, bəlkə də çoxu nənə-baba olub. Ancaq bu mozaikalar orada yaşayırdı. Bu bizim tariximizdir, düzdü, tarixi abidə deyil. Sökmək nəyə lazımdır? Yenə deyirəm, rektor başqa şeylərlə işlərlə məşğul olmalıdır.



- Bu yaxınlarda əmi olduz, təbrik edirəm. Sizi nə vaxt ata görəcəyik?

-Hələ ki, bilmirəm. Ailə həyatını planla necə qurmaq olar? Mən indi deyəcəm ki, 5 il sonra ata olacam, buradan çıxan kimi başıma kərpic düşəcək, sabah ata olmaq niyyətinə düşəcəm. Belə şeyləri bilmək olmur. Məktəbdə oxuyanda sinif yoldaşlarımız, dostlarımız bir-biriləri ilə danışırdılar, deyirdilər ki, mən 18 yaşımda evlənərəm, ərə gedəcəm.

Bunu necə planlaşdırmaq necə olur? Birdən həmin şəxsi tapmadın? Məcburən ərə gedəcəksən? Bizdə məcbur evlilik hələ də qüvvədədir. Biz isə öz fikirlərimizlə yaşamağı bacarmalıyıq. Heç evlənməyə namizədim yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.