Bənzərlik, yoxsa təsadüf? - "Squid Game" serialı ətrafında qalmaqal VİDEO
15-09-2024, 17:04
Hindistanlı rejissor Soham Şah "Netflix" striminq xidmətini "Squid Game" ("Kalmar oyunu") serialına görə məhkəməyə verib.
Oxu.Az bu barədə Nyu-York ştatının Cənub dairəsinin federal məhkəməsinin sənədlərinə istinadən məlumat verir.
Hindistanlı rejissorun sözlərinə görə, dünyada səs-küy yaradan serial onun 2009-cu il istehsalı olan "Luck" filminin açıq-aşkar plagiatıdır.
Şahın sözlərinə görə, iki layihə arasındakı oxşarlıq heyrətamizdir.
"Squid Game"dəki əsas süjet, personajlar, mövzu, atmosfer, settinq və hətta hadisələrin ardıcıllığı "Luck" filmi ilə demək olar ki, eynidir. Belə bənzərlik təsadüf ola bilməz", - deyə o bildirib.
"Netflix" nümayəndələri Şahın iddialarını qəti şəkildə rədd edib və əsassız adlandırıblar.
Striminq xidməti cənubi koreyalı rejissor Hvan Don-hyokun layihəsinin orijinallığını müdafiə etmək niyyətindədir.
Qeyd edək ki, "Squid Game" serialı 2021-ci ildə çıxıb. O, çətin vəziyyətə düşmüş insanların iştirak etdiyi və yaşama uğrunda mübarizənin getdiyi oyun haqqındadır. İştirakçılar böyük pul mükafatı qazanmaq üçün təhlükəli sınaqlarda iştirak edirlər.
Serialın ikinci mövsümü 2024-cü ilin dekabrında yayımlanacaq.