İlhamə: "Brilliantı məhkəməyə verəcəyəm" — QALMAQAL
19-06-2015, 11:27
Son illər gənc ifaçıların retro əsərləri oxuması dəb halını alıb. Amma bir çox hallarda bu ifalar həmin əsərlərin ilk ifaçılarını qane etmir. Bəzən isə nəinki gənc, hətta təcrübəli sənətçilərin də ifası sözügedən bəstələri ilk ifaçılarını razı sala bilmir.
Xalq artisti İlhamə Quliyeva da Fikrət Əmirovun onun üçün yazdığı "Neyləmişəm" mahnısının həmkarı Brilliant Dadaşova tərəfindən oxunmasına razı deyil.
Sənətkar Ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Dadaşova əsəri lazımınca ifa edə bilməyib:
"1972-ci ildə dahi Fikrət Əmirov Teymur Elçinin sözlərinə mənim səsim üçün silsilə əsərlər yazıb. Onlardan "Gülür ellər", "Göygöl", "Mən səni araram", "Toy" mahnısı, "Neyləmişəm" kimi əsərlərin adını çəkə bilərəm. Bu mahnıları 1972-ci ildən oxumuşam. "Gülərəm gülsən" mahnısını isə məndən əvvəl Bülbül də oxuyub. O mahnılar Dövlət radiosunun qızıl fondunda da var. Bunlar mənim möhürünü vurduğum əsərlərdi və mülkiyyətimdir. Heç kəsə icazə vermirəm, heç kəsin hüquq çatmır ki, özüm sağ ola-ola möhürünü vurduğum əsərləri bərbad günə qoysunlar. Bir-iki müğənniyə özüm şəxsən icazə vermişəm. Ancaq eləsi də var ki, öz biabırçı ifası ilə Fikrət Əmirovun ruhunu incidir. Brilliant Dadaşova "Neyləmişəm" mahnısını bərbad şəkildə, aranjimansız, ara bir ifa kimi və özbaşına oxuyub. Mən buna etiraz edirəm".
Əməkdaşımızın "əgər sizdən icazə alsaydı, razılıq verərdinizmi" sualına İlhamə Quliyeva belə cavab verib:
"Məndən icazə alsa da, icazə vermərəm. Çünki o ömründə bu əsəri lazımi səviyyədə oxuya bilməz. Onun öz səsinə uyğun repertuarı var. Kişilərin səsiylə, xor səsiylə, bərbad halda, akapella ilə "lə-lə-lə" deyə-deyə oxuyub. Fikrət Əmirovun "lə-lə-lə" mahnısı yoxdur. O cür ciddi bir əsəri bərbad vəziyyətə salıb. Qəti surətdə etirazımı bildirirəm. Azərbaycanın televiziya kanallarına və onların rəhbərlərinə, radio rəhbərlərinə müraciət edirəm. Əgər hansısa kanalda Brilliant Dadaşovanın ifasında Fikrət Əmirovdan oxuduğum əsər səslənərsə, o kanalı da, aparıcını da, radionu da məhkəməyə verəcəyəm. Brilliantın özünü isə çox böyük məhkəməyə verəcəyəm. Bundan sonra izn istəsə də, razılıq vermərəm. Mənim oxuduğum əsər Brilliantın səsi üçün deyil. O falset, yalançı səslə cikkildəyə-cikkildəyə oxuyur. Dediyim kimi bir-iki nəfərə icazə vermişəm. Bilirəm ki, o ifaçılar heç vaxt mənim oxuduğum əsəri korlamazlar. Brilliant getsin öz xörəyini yesin".
Sənətkar sonda bir daha xəbərədarlıq edib:
"Neyləmişəm", "Göygöl", "Gülür ellər" əsərlərini yeni aranjimanda oxumuşam və bunlar dövlət radiosunun fondunda saxlanılır. Heç kəsin hüuquq çatmaz ki, başımın üstündən ifa üçün kiməsə icazə versin. Çox ciddi xəbərdarlıq edirəm".