Məryəm Sultan: Çin höküməti anamı girov götürüb

4-11-2018, 12:29           
Məryəm Sultan: Çin höküməti anamı girov götürüb
Məryəm Sultan
Ankara Universitetində təhsil alan uyğur tələbə Məryəm Sultan 2017-ci ilin mart ayından bəri Çinin uyğurlar məskunlaşmış bölgəsində yaşayan anası ilə danışa bilməyib. Dostları ona anasının Çin hökümətinin siyasi maarifləndirmə düşərgələrinin birində nəzarətdə saxlanıldığını bildiriblər. Məryəm Sultan Amerikanın Səsi ilə söhbətdə deyir ki, Çin höküməti ona görə anasını "girov götürüb."

Məryəm Sultan Amerikanın Səsinə danışır

BMT və bir çox digər beynəlxalq qurumlar bildirir ki, Çin höküməti bir milyondan artıq uyğur türkünü həbs edərək “yenidən tərbiyə düşərgələri” (uyğur dilində: qayta terbiyelesh lagéri) adını verdiyi nəzarət mərkəzlərində əsir saxlayır.

Yenidən Tərbiyə Düşərgələri
Məryəm Sultanın anası, sabiq lisey işçisi Aygül onlardan biridir.

Məryəm Sultanın anası Aygül
“2017 mart ayından etibarən anamla danışa bilməmişəm və 2017 sentyabr ayında Çinin düşərgələrində saxlanıldığına dair məlumat aldım. O zamandan bəri onunla əlaqədar heç bir məlumatım yoxdur,” uyğur tələbə deyir.

Anam sadəcə uyğur olduğu üçün, türk olduğu üçün oraya göndərilib. Çünki, onların göstərdiyi səbəb heç bir qanuna uyğun deyil.
“Əslində anam 2017 ilinin ilk aylarında açıq düşərgələrdə idi. Açıq düşərgə deyəndə, yəni, orada qalmır, səhər gedir və axşam evə dönür. Orada onlara Çin Komunist Partiyasını tərifləyən və xaricdə yaşayan Uyğurlara söyüş söyən mahnılar oxutdururlar. Sonra qapalı tərbiyə düşərgələri adı verdikləri mərkəzə götürülmüş.”

Ankara Universitetinin tələbəsi anasının “yenidən tərbiyə düşərgələrində” həbs edildiyini Çində populyar olan ani mesajlaşma sistemi WeChat vasitəsilə bir dostundan öyrənib.

“Anamı uyğur olduğu üçün tutublar.”

O, anasının heç bir siyasi fəaliyyət göstərmədiyini və “hər nöqtəsinin ağır müşahidə altında olduğu Şərqi Türküstanda” siyasi fəaliyyətin əsasən mümkün olmadığını vurğulayır.

Bizə qarşı yavaş-yavaş assimilyasiya siyasəti yürütdülər. Amma biz assimilyasiya olmadıq, türkənmədik, bitmədik. Buna görə, bunu sürətləndirmək istədilər.
“Anam sadəcə uyğur olduğu üçün, türk olduğu üçün oraya göndərilib. Çünki, onların göstərdiyi səbəb heç bir qanuna uyğun deyil. Məsələn onlar deyir ki, ölkə xaricinə pul göndərdin! Amma, anam bunu qanuni yollarla edib. Çinin sənaye bankı vasitəsilə mənə, yəni qızına pul göndərib.”

Beynəlxalq media və insan haqları qurumları, xüsusilə xaricdə yaşayan uyğurların yaxınlarının maarifləndirmə düşərgələrində həbs edildiyini bildirirlər.

Məryəm Sultan isə deyir ki, “Çin höküməti xaricdə yaşayan uyğurların yaxınlarını girov götürür.”

Xaricdə yaşayan uyğurların yaxınları təhdid altında

“ Çin höküməti onları girov götürüb. Əslində hədəf bizik. Biz yurd xaricində yaşadığımız üçün, [Çin hökümətinin] etdiyi pislikləri xaricdəki media qurumlarına və digər insanlara anladacağımızdan qorxurlar. Buna görə, yurd xaricindən evinə geri dönən insanlar həbsxanaya atldı. Bizim kimi dönməyənlərin də ailəsi təhdid altında,” tələbə söyləyir.

Bu düşərgələr eynən həbsxanalar kimidir. Sadəcə adı fərqlidir. Həbsxanalarda olduğu kimi polislərin nəzarətindədir. Xaric dünya ilə bağlantı qurmaq yasaqdır. İşgəncələr var.
Sultan düşərgələrin fiziki şərtlər baxımdan həbsxanalardan fərqlənmədiyini ifadə edir.

O, Aksu vilayətinin Onsu nahiyəsində 5 düşərgənin mövcud olduğunu deyir: “Şərqi Türküstan 64 nahiyədən ibarətdir. Bir də şəhərlər var. Mənim fikrimcə, cəmi ən az 500 düşərgə var.”

“Çinin yavaş-yavaş assimilyasiya siyasəti bizə işləmədi, indi sürətlə bitirmək istəyirlər.”

Çin polis qüvvələri "yenidən tərbiyə düşərgəsi" olduğu təxmin edilən mərkəzin önündə - Sincan muxtar bölgəsi, Korla şəhəri
Çin hökümətinin son illərdə Uyğur türklərinə basqılarını qat-qat artırdığının səbəblərini dəyərləndirən Məryəm Sultan Çinin artıq tədrici assimilyasiya siyasətindən nəticə almadığını və assimilyasiya prosesini sürətləndirmək istədiyini önə çəkir:

“Bizə qarşı yavaş-yavaş assimilyasiya siyasəti yürütdülər. Bizi ‘bir yol bir kəmər’ layihəsinə əngəl olaraq gördülər. Amma biz assimilyasiya olmadıq, türkənmədik, bitmədik. Buna görə, bunu sürətləndirmək istədilər... Uyğurlar, qazaxlar və qırğızları digər etnik icmalara qarşı işlətdikləri metodlarla assimilyasiya edə bilmədilər. Buna görə, bizi qətliam və digər metodlarla yox etməyə çalışırlar. ‘Bir yol bir kəmər’ kimi layihələrini tamamlamaq üçün bizi etnik təmizləmə siyasətinə məruz qoyurlar.

Məryəm Sultan müsahibədə uyğur dilində təhsilə son qoyulması, həmçinin beynəlxalq medianın gündəmində olan həbslər və uyğur qadınlarının zorla çinli kişilərə ərə verilməsinə dair xəbərlər haqqında məlumatını Amerikanın Səsi ilə paylaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.