"Mardan Palace" hoteli barədə - SON QƏRAR
12-11-2018, 12:01
Dünyanın ən lüks hotelləri arasında yer alan "Mardan Palace" hoteli üçün son qərar verilib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, 2009-ci ildə keçmiş azərbaycanlı milyarder Telman İsmayılov tərəfindən açılan, lakin borclarına görə Halk Bankına verilən hotel Türkiyədə və xaricdə müxtəlif konsepsiyalarda 9 hoteli olan "Titanic Hotels" tərəfindən icarəyə götürülüb.
Bu barədə "Titanic Hotels"in idarə heyətinin sədri Mehmet Aygün məlumat verib. O, Halk Bankı ilə aparılan danışıqların müsbət nəticələndiyini bildirib: "Uzun müddətdir davam edən danışıqlar bitdi. "Mardan Hotels" üçün artıq yeni bir dövr başlayır. Bu mühüm obyekti yenidən türk turizminə verəcəyimiz üçün xoşbəxt və həyəcanlıyıq".
M.Aygün rəsmi açıqlamanın bu gün veriləcəyini vurğulayıb: "Hotelimiz yeni turizm mövsümündən etibarən fəaliyyət göstərəcək. Yerli və xarici qonaqlarımıza ən yaxşı xidmət göstərmək üçün əlimizdən gələni edəcəyik. Hotelin yenidən hazırlanması, nöqsanların aradan qaldırması ilə bağlı hərəkətə başlanılıb. Ümid edirəm ki, 2019-cu il turizm mövsümü hamımız üçün yaxşı keçər".
Xatırladaq ki, "Mardan Palace" hoteli Antalya Kunduda 2009-cu ildə Azərbaycan əsilli iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollar xərclənərək, xidmətə verilib. Amma hotel borclarına görə icralıq olub.
“Hürriyet” daha öncə də borclarına görə icralıq olub, sənədləri Halk Bankına dövr edilən "Mardan Palace" hoteli üçün "Titanik Hotels" və Maya Qrupunun masada olduğunu gündəmə gətirmişdi.