Çində müsəlmanlar üçün "tərbiyə düşərgələri"ndə nələr baş verir?
15-11-2018, 08:42
Səhər 5-də oyanmaq. 6-da səhər yeməyi-bir parça çörək. Sonra isə bir neçə saat kamerada vətənpərvər şüarlar altında addımlamaq və təbliğat filmlərinin seyri. Nahara – çörək və tərəvəzsiz tərəvəz şorbası. Bir qədər istirahət. Oturmağa icazə verilir, amma uzanmağa yox. Sonra isə hər şeyi yenidən təkrar etmək.
Teref.az Amerikanın Səsi-nə istinadən xəbər verir ki, keçmiş məhbusun sözlərinə görə, Çində "vətənpərvərlik tərbiyəsi düşərgələrində" bir gün məhz belə keçir.
Bu düşərgələrdə əksəriyyət uyğurlar və digər müsəlman azlıqlardan ibarətdir. Burada qazaxlar və qırğızlar da var. Çin müsəlmanlarının əksəriyyəti ölkənin ən böyük reqionların biri olan Sincanda yaşayır. Uyğurlar burada əsrlərlə yaşayır və region əhalisinin 45 faizini, çinlilər isə 40 faizini təşkil edir.
Region təkcə böyük əraziyə malik deyil. Bölgə həm də neft və təbii qazla zəngindir. Bu səbəbdən rəsmi Çin uyğurlar arasında mümkün separatçı əhval-ruhiyyədən narahatdır və onların mədəni və din hüquqlarını hər yolla pozur.Çinlilər və uyğurlar arasındakı ən ciddi gərginlik 2009-cu ildə müşahidə olunub. Çinin cənubunda iki uyğurun öldürülməsi Sincanda kütləvi iğtişaşlara səbəb oldu. Polis etirazları qəddarlıqla yatırdı. Lakin radikallar müqaviməti davam etdirdi və onlarla insanın ölümünə səbəb olan terror hücumları törətdi.
2016-cı ildə Sincanda partiyanın birinci katibi Çen Tsyuanqo olduqdan sonra uyğurların məsələsin daha sərt və sistemli şəkildə həllinə başlanıldı.
Şəhərlərdə xüsusilə də Xotan və Qaşqarda insanların üzdən tanınması üçün kameralar quraşdırılıb. Şəhərlərdə hər 100-200 metrdə 8-10 kamera quraşdırılıb. Küçələrdə isə yoxlama-buraxılış məntəqələri var. Xotan şəhərində 4-5 belə məntəqə var. Məntəqələrdə sakinlərin sənədləri yoxlanılır, şəkilləri çəkilir, barmaq izləri götürülür və göz qişaları skan edilir. Regionun hər bir sakini smartfonuna onun yerini müəyyənləşdirən, mesajları, zəngləri və İnternet trafikini izləyən proqram yükləməlidir.
Bəzi müsəlmanlar isə hətta öz evlərində Çin dövlət məmuruna sığınacaq verməyə məcbur edilirlər. Həmin şəxs müntəzəm olaraq ailəni ziyarət edir, bəzən orada yaşayır, onlara Çin dilini öyrədir və eyni zamanda müşahidə olunanların davranışı və ictimai mövqeyini qiymətləndirir. 2018-ci il hesabatına görə, bir milyon yarım ailə tərəfindən bir milyondan çox məmura sığınacaq verilib.
Bəyənilməyən və ya günahkar bilinənlər yenidən tərbiyə üçün xüsusi düşərgəyə göndərilə bilər. Buna səbəb məsələn, məscidə getmək ola bilər. Müxtəlif məlumatlara görə, bu cür düşərgələrdə digər müsəlmanlardan başqa 5 yüz mindən 1 milyona qədər uyğur var.
Aylarla təzyiqlərdən sonra rəsmi Pekin sənədlərdə “professional hazırlıq mərkəzləri” adlandırılan bu düşərgələri rəsmiləşdirib. Onların ekstremizmə qarşı mübarizə aparmaq üçün yaradıldığı deyilir.
Bəs yenidən tərbiyə sistemi işə yarayırmı? Bu cür düşərgələrin birindən buraxılan Qazaxıstan vətəndaşının buna `xeyr` cavabı verir. Onun sözlərinə görə,hakimiyyət əksinə bununla "insanlarda nifrət toxumları əkir" və "onları düşmənə çevirir".