Təbrizdən Bakıya köçən qadın: “Nəslimdə bir nəfər də olsun azərbaycanlı yoxdur”

17-11-2018, 08:19           
Təbrizdən Bakıya köçən qadın: “Nəslimdə bir nəfər də olsun azərbaycanlı yoxdur”
İranlı rəssam Şirin Bağçı Azərbaycanda rahatlıq tapıb və doğmalarından ötrü darıxsa da, İrandan Bakıya köçdüyünə görə peşman deyil.

Bu barədə rəssam qadın İçərişəhərdəki "Art Tower" qalereyasında keçirilən "Qadınlar və emosiyalar" fərdi sərgisinin açılışında Sputnik Azərbaycan-a deyib. Sərginin təşkilatçıları rolunda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Arts Council Azerbaijan çıxış ediblər.

Bağçı Azərbaycana 7 il əvvəl gəlib. Onun sözlərinə görə, köçməmişdən əvvəl dəfələrlə Azərbaycanda olub və bura onun çox xoşuna gəlib.

"Mənim bütün qohumlarım Təbriz şəhərindəndirlər. Bizim nəsildə azərbaycanlı yoxdur, amma mən bu xalqı çox sevirəm. Uzun düşüncələrdən sonra biz çox sakit və rahat olan bu ölkəyə köçmək qərarına gəldik. Köçəndən sonra mənim heç bir problemim olmayıb. Azərbaycanlılar çox qonaqpərvər və mehriban insanlardır, ona görə də onlarla tanış olmaq, ünsiyyət qurmaq çox asandır, lakin doğmalarımdan da ötrü çox darıxıram" - deyə Bağçı bildirib.

Bağçı uşaq yaşlarından rəsm çəkir. Universiteti bitirdikdən sonra isə o sevimli işi ilə ciddi şəkildə məşğul olmaq qərarına gəlib. İranda Bağçı bir dəfə də olsun fərdi sərgisini keçirməyib, lakin qarışıq sərgilərdə iştirak edib. Onun sözlərinə görə, Təbrizdə kifayət qədər istedadlı, peşəkar qadın rəssamlar var və onlardan çox şey öyrənmək mümkündür.

"Azərbaycana köçəndən sonra mən sənətlə məşğul olmağı davam etdirmək qərarına gəldim. Yeddi il ərzində sərgi keçirməmişəm. Mənim tələbələrim isə dəfələrlə müxtəlif müsabiqələrdə işlərini nümayiş etdiriblər və qalib olublar" - Bağçı deyib.


Rəssam "Qadınlar və emosiyalar" layihəsinin üzərində iki ildən çox işləyib. Sərgidə o, cəmi 20 işini nümayiş etdirib. Bu mövzunu Bağçı təsadüfən seçməyib. Bu mövzu rəssamı həmişə narahat edirmiş. Öz işlərində rəssam onda təəssürat oyadan qadınların obrazlarını çatdırmağa çalışıb. Rəsmlərin çoxunda Bağçı ona tanış olmayan qadınları çəkib.

"Mən özüm qadınam, ona görə də onları çox yaxşı başa düşürəm. Qadın və emosiya sözləri demək olar ki, sinonimdir, çünki birini digəri olmadan təsəvvür etmək belə mümkün deyil. Mən öz işlərimdə həm ehtiraslı, həm qısqanc, həm sevən, həm inadkar, həm də azadlıqsevər qadını göstərmək istəmişəm. Ümumiyyətlə, biz qadınlar bir flakona yerləşən emosiyalar buketiyik" - Bağçı bildirib.

Rəsmlərinin birində o İranın Şiraz şəhərindən olan qızı çəkib. Onun sözlərinə görə, bu şəhərdə İranın ən gözəl qadınları yaşayırlar. Rəssam əlavə edib ki, tanışlarının çoxu şəkilləri görəndə qeyd edirlər ki, onların hər birində müəllifin cizgilərini tapmaq olar.


"Mən istəyirəm ki, bütün qadınlar xoşbəxt olsunlar, sevilsinlər və ən əsası, sevimli işləri ilə məşğul olsunlar. Bu mövzuda işlərimi davam etdirmək niyyətindəyəm, çünki rəsmlərimdə göstərmək istədiyim çoxlu qadın emosiyaları var" - Bağçı qeyd edib.

İranlı rəssamın rəsmləri sərgini ziyarət edənlərin xoşuna gəlib. Hər bir qadın obrazı digərindən fərqlənib və obrazların hər birində bakılı qadınlar özlərini görə biliblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.