Tarixçilərin aciz qaldığı Çingizxan sirri

19-11-2018, 08:52           
Tarixçilərin aciz qaldığı Çingizxan sirri
Onun dəfnində iştirak edənlər öldürüldü
Bu, bəlkə də, dünyanın ən böyük sirlərindən biridir. Ola bilər ki, yaxın gələcəkdə Çingizxanın qəbri tapılsın. O zaman bu dünyanın ən sensasiyalı tapıntılarından biri olacaq. Böyük Türk xalqının oğlu, dünyanın ən məhşur sərkərdələrindən biri sayılan Çingizxan ölümündən sonra gizli surətdə dəfn edilib. Bu günə qədər də tarixçilər onun sərdabəsini axtarırlar.

Çingizxan kimdir?

O, 1155-ci ilin oktyabrında Onon çayı ətrafında yerləşən Delyun-Boldokda doğulub. Atası Yesuqay batır qədim tayfalardan birinin başçısı olub. 1183-1204-cü illər arasında Timuçin hakimiyyət uğrunda gedən savaşlarda əsas rəqiblərini məğlub edərək, 1206-cı ildə çöl xalqlarının qurultayında qəbilə başçıları tərəfindən böyük xan Çingizxan titulunu aldı. Böyük türk imperiyası qurmaq arzusunda olan Çingizxan 1211-ci ildə dövlət və hərbidə bir çox islahatlar edərək yürüşə yollanır. Onun yürüşləri XIII əsrdə bütün Avrasiyanı silkələdi. Böyük sərkərdə Tanqut dövləti ərazisində yerləşən Si-Ya şəhərinə yürüş zamanı dünyasını dəyişib. Onun ölümünün dəqiq tarixi məlumdur. Çünki Xanı səfər zamanı rəsmi salnaməçilər müşayiət edirdilər. Sərkərdə 1227-ci il avqustun 25-də dünyasını dəyişib.

“Monqollar haqqında gizli rəvayətlər” kitabında Çingizxanın ölümü belə təsvir edilib: “Tanqutlar iki dəfə verdikləri sözə xilaf çıxdılar və üsyan qaldırdılar. Çingizxan tanqutları məhv etdikdən sonra donuz ilində göylərə qalxdı (1227)”.

Bu məlumat sərdabəni axtarmaq üçün kifayət etmədi. Amma başqa mənbələr də var. Bu barədə Mişel Xoanq yazırdı: “Çingizxan barədə monqol, çin və fars mətnləri mövcuddur. Bu mətnlər baş verən hadisələrdən kifayət qədər sonra qələmə alınıb”.

Bundan başqa, Villena de Rubruka, Plano Karpini, Ordirika de Pordenone, Marko Polo kimi səyyahların da bu barədə qeydləri var.

Sərkərdənin ölümü

Fransalı tarixçi Dosson “Monqolların tarixi” kitabında yazır: “Monqollar Si-Yaya soxuldular. Tanqut ordusunu dağıdaraq, dövlətin paytaxtı Nin Syanı mühasirəyə aldılar. Tanqut şahı əvvəlcə güclü müqavimət göstərdi və bununla da Çingizxanı qəzəbləndirdi. Bir müddət sonra Li Syan ümidsizliyini anlayaraq, şəhəri təhvil vermək barədə danışıqlara başladı. Bu zaman Çingizxan xəstə idi və ölümünün yaxınlaşdığını hiss edirdi. O, sərkərdələri çağıraraq, son vəsiyyətini etdi. Tanqut çarı təslim olduqdan sonra şəhərdə daşı-daş üstündə qoymamağı, qocadan tutmuş uşağa qədər hər kəsi qılıncdan keçirməyi əmr etdi”.

Səkkiz günlük xəstəlikdən sonra Böyük Sərkərdə gözlərini əbədi olaraq yumdu.

Məhşur səyyah Marko Polo gündəliyində yazır ki, Çingizxan Tanqutlar dövlətinin paytaxtını mühasirədə saxlayarkən öldürülüb. Sərrast tanqut oxatanı xanı uzaqdan oxla vurub öldürüb. Digər avropalı səyyah Plano Karpininin fikrincə, xanı ildırım vurub. Monqollar isə sərkərdənin tanqutlu gözəlçə tərəfindən öldürüldüyünü bildirirlər. Rəvayətə görə, Tanqut çarı Şidurxo-Xauan Çingizxana çox gözəl bir qız hədiyyə edir. Zifaf gecəsi tanqutlu qız Çingizxanın yuxu damarını dişləyərək, onu qətlə yetirir. Amma son illər tarixçilərin qənaətinə görə, xan hansısa daxili orqan xəstəliyindən dünyasını dəyişib.

Xaqan dünyasını dəyişdikdən sonra qədim türk törəsinə görə onun dəfn mərasimi gizlin keçirilməli idi. Belə bir dəfn mərasimi böyük Hun sərkərdəsi Atilla üçün də keçirilib.

Çingizxanı dəfn edən qoşun uzun yol boyu qarşılarına çıxan bütün canlıları ağına-bozuna baxmadan qətlə yetirdilər. Dəfn mərasimi gizli qalmalı olduğundan, böyük xaqanın ölüm xəbəri qoşun Onon və Kerulenə çatanda elan edildi. Dəfn mərasimində iştirak edən bütün adamlar (yaxın qohumlardan başqa) qətlə yetirildi.

İran salnaməçisi Rəşidəddinin əsərində bu məsələyə toxunulub və qəbrin Burhan-Haldun sıra dağlarının hüdudlarında yerləşdiyi bildirilib: “Bir dəfə Çingizxan ovda imiş. Ov məkanında tənha ağac olan bir yer varmış. Ağacın altında sərkərdə atından enir və bu yerin onun qəbri üçün münasib olduğunu bildirir. Sonra isə adamlarına bu yeri nişanlamağı əmr edir”.

Heç bir tarixi mənbəyə istinad etməyən Vladimir Çerevansiy “İki dalğa. Tarixi xronika” (1898-ci il) əsərində yazır: “Nə tibetli sehrbazlar, nə də telenqutlar onu sağalda bildi. Ölümündən əvvəl Çingizxan vəsiyyət elədi: “Oğullarım və bahadırlar! Göyün və Yerin nökərlərinin gəldiyini hiss edirəm. Onlar öz işlərini bitirdikdən sonra ət və sümükdən ibarət cəsədimi götürün və sevimli oğlum Tulinin dediyi yerə aparın”.

Onun cənazəsi oğlanları və bahadırlar tərəfindən Tulinin göstərdiyi yerə aparıldı. Onları müşayiət edən dəstə qədim adətə uyğun olaraq yolda qarşılarına çıxan bütün canlıları məhv etməli idi. Çoxəsrlik sidr ağacının altında qəbir qazıldı. Sərkərdənin plaşı və atının yəhəri də qəbirə qoyuldu. Atın qarnını cırıb, dərisini soydular. İçini ağac budağı ilə dolduraraq müvəqqa düzəltdilər. Bu məlumatlara görə, qəbirdə heç bir xəzinə gizlədilməyib. Amma bununla belə, Çingizxanın qəbri avantüristləri, tarixçiləri və tədqiqatçıları hər zaman özünə cəlb edib.

Rəvayətə görə, zaman keçdikcə tənha ağacın bitdiyi ərazi sıx meşə örtüyünə büründü. Uryanhit tayfasından seçilmiş min nəfər əsgər meşəni qorumaqla vəzifələndirildi. Sonradan bu vəzifə ləğv edildi. Elə o vaxtdan heç kəs sərdabənin harada olduğunu bilmir. Bu, XIII əsrdə meydana çıxan versiyalardan biridir. Çingizxanın qəbrinin harada olduğu ilə bağlı digər versiyalar da var.

Monqol versiyası

Monqolustanda Çingizxanın qəbri bir neçə onillikdir ki, müxtəlif ölkələrin arxeoloqları tərəfindən axtarılır. 1920-ci illərin əvvəlində Monqolustan Elmlər Akademiyasının sədri Çingizxanın anadan olduğu yerin elə onun dəfn edildiyi yer ola biləcəyi versiyasını irəli sürüb. Amma axtarışlar heç bir nəticə vermədi. 80-ci illərin sonu – 90-cı illərin əvvəlində axtarışlar yenidən fəallaşdı. Məhşur monqol arxeoloqu Namsrayn Serocavın sözlərinə görə, qədim mənbələrdə Çingizxanın 1227-ci il iyulun 12-də Tanqud dövlətini işğal etdikdən sonra öldüyü qeyd edilib. Onun cənazəsi Burhan-Haldun dağının ətəyində, “İx qazar”da torpağa tapşırılıb. Alimin fikrinə görə, Çingizxanın qəbri ilə bağlı iki nəzəriyyə var. Birinci hipotezə əsasən, sərkərdə Boqd çayının yuxarısında, Xux nuur gölü yaxınlığında yerləşən Hentiy Xan dağının günəşli yamacında dəfn edilib. İkinci hipotezə əsasən isə, Çingizxanın qəbri Senxer çayının mənbəyində, Noqoon nuru dağının yamacında yerləşir.

Tapılmayan iz

Bu günə qədər aparılan bütün tədqiqatlar uğursuzluqla nəticələnib. 1960-cı illərdə monqol arxeoloqu Perlee və alman alim Şubert, Hentiy dağının yamacında qazıntı işləri aparsalar da, nəticə əldə edə bilmirlər. 1990-cı illərdə monqol-yapon ekspedisiyası da uğursuzluğa düçar olur.

1994-cü ilin payızında amerikalı iş adamı və tarixçi Mori Kravits Ulan-Batora səfəri zamanı Çingizxanın sərdabəsinin axtarışına 5 milyon dollar xərcləməyə hazır olduğunu bəyan edir və hökumət rəsmiləri ilə müqavilə imzalayır. Amma bu tədqiqat da nəticə vermir.

Çin nəzəriyyəsi və digər versiyalar

Lubsan Danzanın “Altan tobçi” əsərində Çingizxanın qəbri haqqında belə bir versiya var: “Sərkərdənin saxta cənazəsi Burhan-Haldunda dəfn edilib. Başqa bir versiyaya görə, Çingizxan Altay-xan dağının şimal yamacında, bəzi iddialara görə isə, Kentey-xan dağının cənub yamacında dəfn edilib”.

Çinli tarixçilərin fikrincə, Çingizxan əslən çinli olub və onun qəbri Çin ərazisində yerləşir. Əfsanəyə görə, Çin ərazisində yerləşən Ordos şəhərindən keçərkən arabalardan biri palçığa batır. Çingizxanın yaxın əsabələrindən biri arabaya yaxınlaşaraq: “sənin dövlətin, sadiq əsgərlərin, doğma monqolların, əsabələrin hələ uzaqdadır”, - deyir. Bu sözlərdən sonra arabanın ekipajı hərəkətə keçir. Deyilənə görə, bu səbəbdən hadisə baş verən ərazidə yurd salınır. Burada Xanın qarderobundan bir neçə əşya da saxlanılır. Hər il bu yurdda qurbanlar kəsilir. Çin versiyasına görə, Çingizxanın qəbri Ordosda yerləşir.

Yaponlar Çingizxanın Yaponiyada dəfn edildiyini iddia etmirlər. Amma onların fikrincə, Timuçin müxtəlif səbəblər ucbatından adadan materikə, monqol çöllərinə qaçan yapon samurayıdır.

Baykal əfsanələri

Rusiyada ən geniş yayılmış versiya Çingizxanın doğulduğu yerlə əlaqəli olan onon versiyasıdır.

Əfsanəyə görə, xan anadan olduğu Onon çayı ətrafında dəfn edilib. Sərkərdələr Xanın cəsədini Tanqutdan buraya gətirirlər və Delyun-Boldok dağı yamacında sədd tikərək çayın məcrasını dəyişirlər. Sonra isə çayın yatağında dağ büllurundan xan üçün sarkofaq tikirlər. İş başa çatdıqdan sonra bəndi uçururlar. Çay yenidən köhnə məcrası ilə axmağa davam edir.

1925-ci ildə bir qəzetdə dərc edilən məqaləyə görə, Kayuk adlı şəxs dostları ilə böyük xanın qəbrini axtarmağa yollanır. Amma onlar da xanın qəbrini tapa bilmirlər. Uzun axtarışlardan yorulan dostları Kayuku tərk edirlər. Təkbaşına axtarışı davam edən Kayuk bir şey əldə edə bilmir və özünü şam ağacından asır.

1961-ci ilin yay ayında arxeoloq Rijskinin yanına gələn sadə bir vətəndaş Çingizxanın qəbrini tapdığını bildirir. Amma Rijski ona inanmır. Vətəndaş bildirir ki, 1960-cı ilin payız ayında ördək ovuna çıxıbmış. Ov məkanında o, torpağın içində itən iki yoğun zəncir halqasına rast gəlir. Uşaq vaxtı isə eşitdiyinə görə, Çingizxan qızıldan hazırlanmış qayıqda dəfn edilərək torpağa basdırılıb və zəncirlərlə bağlanıb. Bu səbəbdən ovçunun fikrincə, o, qəbrin yerini tapıb. Amma alimin fikrinə görə, qızıl qayıq məsələsi hansısa əfsanədən uydurulmuş bir söhbətdir. Belə məsələləri ciddiyə almaq olmaz. Sonradan o ərazidə qazıntı aparılsa da nəinki qayığa, heç zəncirə də rast gəlinmir.

2000-ci illərin araşdırması

2001-ci ilin sonunda monqol və amerikalı arxeoloqlardan ibarət qrup sensasiyalı açıqlama ilə çıxış edir. Onların sözlərinə görə, ekspedisiya Çingizxanın qəbrini tapıb. Qəbir Ulan-Batordan 350 km cənubda, Binder dağı yamacındadır. Tapılan kütləvi məzarlıqda 60 insan meyiti çıxıb. Qəbirlərdə tapılan və quru iqlimdə günümüzə qədər yaxşı qalmış bahalı silah, gözəl pal-paltarlar monqol əyanlarına məxsusdur. Ola bilsin ki, Çingizxan bu qəbirlərdən birində dəfn edilib.

Məzarlıqdan 50 km uzaqda qardaşlıq məzarlığı tapılıb. Burada yüzlərlə monqol döyüşçüsü yatır. Çox güman ki, bunlar Çingizxanın dəfnində iştirak edən əsgərlər olub. Sonradan izi itirmək üçün onları da qətlə yetirib basdırıblar. Amma alimlərin məzarlarda apardığı 3 illik araşdırmadan sonra məlum olur ki, Çingizxan burada dəfn edilməyib.

Bu günə qədər Çingizxanın məzarı əsasən 7 məkanda axtarılıb. Bu yerlərdən 5-i dağlıq ərazilərdir. Altay dağlarının Monqolustan ərazisində, İxe-boqdo massivinin zirvələrindən birində rusiyalı səyyah Kozlovun ekspedisiyası 1923-26-cı illərdə xanın qədim mavzoleyini tapır. Amma burada da Çingizin qəbri aşkar edilmir.

Xan-Kokşun dağının yamacında şəhər xarabalıqları tapılır. Arxeoloji qazıntı zamanı üzərində yazı olan daş plitə aşkar edilir. Yazıya əsasən, şəhər 1275-ci ildə Çin imperatorunu məğlub edən Xubilay xanın (Çingizxanın nəvəsi) qoşunları tərəfindən salınıb. Bu şəhərdə Çingizxanın nəslindən olan 13 nəfərin məzarı var. Şəhərdə arxeoloji qazıntılar davam etdirilir. Amma yerli sakinlər buna qarşı çıxırlar. Onlar arxeoloqlara qədim rəvayəti xatırlatdılar. Böyük xanın qəbrini tapıb qazıntı aparacaqları təqdirdə, böyük bəla, fəlakət baş verə bilər. Məsələn, İkinci dünya müharibəsi ərəfəsində professor Gerasimovun başçılıq etdiyi sovet alimlərindən ibarət ekspedisiya Əmir Teymurun qəbrini açdı. Ertəsi gün isə Almaniya SSRİ-yə qarşı müharibə elan etdi.

Monqol-yapon ekspedisiyası

1990-cı illərdə yapon-monqol ekspedisiyası Çingizxanın qəbrini axtarır. Bu zaman 88 yaşlı henqeyli qoca böyük sərkərdənin dəfni ilə bağlı uşaq vaxtı eşitdiyi rəvayəti danışır. Guya sərkərdələrdən biri Çingizxanın cəsədini vətənə aparır. O, 4 müxtəlif yerdə qəbir qazır. Xanın məzarını böyük bir qoşunla qoruyur. Üç ay sonra o yerə böyük at sürüsü qovub gətirir ki, bütün izləri itirsin. Sonra isə sərkərdə, Çingizxanın qəbrini tapan şəxsə mükafat təyin edir. Amma heç kəs qəbri tapa bilmir.

Hentey dağı yaxınlığında böyük bir ərazi müqəddəs elan edilib. Guya bu əraziyə qədəm basan hər bir insan ölə bilər. Darxan adlı monqol qövmü müqəddəs ərazini artıq 700 ildir ki, qoruyur. Amma ötən yüzilliyin birinci yarısında darxanları bu ərazidən məcburi surətdə köçürürlər. Yaponlar ən müasir texnikaya sahib olsalar da, Çingizxanın məzarını tapa bilmirlər.

Məhşur paleoetnoqraf Vladimir Deqtyarevin fikrincə, monqollar Çingizxanın cəsədini mumyalayıb dəfn edəcəkləri yerə aparıblar. Mumyalanan cəsəd taxta sarkofaqa, sonra isə sıra ilə qalay, qurğuşun, mis, gümüş və qızıl tabuta qoyulub. Amma harada dəfn edildiyi bu günə qədər də məlum deyil. Çünki dəfndə iştirak edən bütün əyanlar və əsgərlər qətlə yetirilib.

Deyəsən, hələ uzun illər Çingizxanın sərdabəsi tarixçi və arxeoloqların mövzusu olacaq.

Hikmət Həsənov
publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.