Aralıq dənizinin fantastik ehtiyatları uğrunda mübarizə

20-11-2018, 08:40           
Aralıq dənizinin fantastik ehtiyatları uğrunda mübarizə
3 trilyon dollarlıq neft və qaz ehtiyatı region ölkələrini üz-üzə gətirir; Türkiyə XİN: “Kipr adası ətrafındakı təbii ehtiyatlar yalnız Cənubi Kiprə deyil, hər iki tərəfə məxsusdur”

Aralıq dənizinin şərqində, Türkiyə sərhədləri yaxınlığında qaz axtarışı fəaliyyətləri Türkiyə və Cənubi Kipr arasında gərginliyə səbəb olub. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun yaydığı rəsmi açıqlamada ABŞ-ın “Exxon Mobil” şirkətinin Kipr adası sahillərində başlatdığı axtarış fəaliyyətlərinin regionda sabitliyə xidmət etmədiyi, problemin həlli baxımdan həssas durumu dəyişə biləcəyi qeyd olunur.

XİN sözçüsü bildirib ki, Kipr adası ətrafındakı təbii ehtiyatlar yalnız Cənubi Kiprə deyil, hər iki tərəfə məxsusdur. Ankara xarici şirkətlərin Şərqi Aralıq dənizində tək tərəfli hidrokarbon axtarışları fəaliyyətlərini dayandırmağa çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Kipr ətrafında baş verənlərə münasibət bildirib. Kipr ətrafındakı fəaliyyətləri təbii ehtiyatların oğurlanması adlandıran Ərdoğan bu fəaliyyətləri heç bir halda qəbul etməyəcəklərini bildirib.

Sitat: “Ölkəmizin və Şimali Kipr Türk Respublikasının (KKTC) kənarda qoyulmaqla haqlarımızın qəsb edilməsinə istiqamətli cəhdləri qətiyyən qəbul etməyəcəyik. Bizim kimsənin torpağında gözümüz yoxdur. Türkiyəni nəzərə almadan Şərqi Aralıq dənizində və ya Egey dənizində fəaliyyət göstərəcəklərinə inananlar böyük bir səhv etdiklərini anlamağa başladılar. Suriyadakı terrorçuların cavabını verdiyimiz kimi, meydanı dənizdəki quldurlara da verməyəcəyik”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə lazımi addımların atıldığını bildirib. Ancaq Cənubi Kiprin enerji naziri Yorqos Lakkotiripis kəşfiyyat-axtarış fəaliyyətlərinin planlandığı şəkildə davam etdiyini bildirib. Cənubi Kipr mediası isə “Stena IceMax” gəmisinin geoloji-kəşfiyyat fəaliyyətlərini davam etdirdiyini və dekabrın ortalarınadək axtarış fəaliyyətlərinin ilk etapının başa çatacağını yazıb.


Xatırladaq ki, yunan Kipri enerji naziri Yorgos Lakkotripis noyabrın 10-da Amerikanın “Exxon Mobil” şirkəti ilə “Qatar Petroleum” və Cənubi Kipr hökumətinin birgə “Eksklüziv İqtisadi Zonada” ərazisində yerləşən 10-cu bölgədə təbii qaz kəşfiyyat işlərini başlatdığını elan edib. Bundan öncə isə ABŞ dövlət katibinin enerji məsələləri üzrə müavini naziri Frensis Fannon Kiprə səfər edib. O da məlum olub ki, hazırda qeyd olunan bölgədə qaz kəşfiyyatını Britaniyaya məxsus “Stena Icemax” gəmisi həyata keçirir. Onun ətrafında isə bri sıra ölkələrin, o cümlədən ABŞ-ın hərbi gəmisi keşik çəkir. Maraqlıdır ki, Fannon Kiprdən sonra Şərqi Aralıq dənizinin sahilində yerləşən və perspektiv qaz ölkəsi hesab olunan İsrail və Misirə də səfər edib.



Qeyd edək ki, hazırda Türkiyə tərəfi də Aralıq dənizində kəşfiyyat-axtarış tədbirləri həyata keçirir. Türkiyəyə məxsus iki geoloji-kəşfiyyat gəmisindən biri Qara dənizdə, o biri isə Aralıq dənizində fəaliyyət göstərir. Lakin görünən odur ki, ABŞ hökumətinin yunan Kiprinə dəstək verməsi Ankara üçün çətinlik yaradıb. Çünki amerikalıların bu sahədə ciddi təcrübələri var, üstəlik, regionda böyük ehtiyatların olması xarici oyunçuları cəlb edir. Bu ilin yayında açıqlanan rəqəmlərə əsasən Şərqi Aralıq dənizi hövzəsində 3 trilyon dollar dəyərində hesablanan qaz yataqları var. Bu isə Türkiyənin 572 illik qaz ehtiyacı deməkdir.

Ancaq bu qədər böyük sərvətin ciddi müştəriləri var. Söhbət Yunanıstan, Cənubi Kipr, İsrail, Livan, Liviya və Misirdən gedir. Məsələ ondadır ki, indi Türkiyə ilə Misir, İsrail və Yunanıstan arasında problemlərin olduğu bir zamanda adıçəkilən ölkələr bölgədə birgə fəaliyyət göstərmək və Türkiyəni yalnız qoymağa çalışırlar. Hətta bu ilin yayında Türkiyə hərbi gəmiləri Kipr sahillərində kəşfiyyat fəaliyyətləri göstərən İtaliyanın Eni şirkətinə məxsus gəminin fəaliyyətini dayandırmağa məcbur edib.

Məsələ ondadır ki, Aralıq dənizinin şərqində yerləşən ehtimal olunan qaz yatağı bölgəsi beynəlxalq hüquq və BMT qərarlarına əsasən neytral ərazilərdə yerləşir. Yunanıstan isə bölgədən xeyli uzaqda yerləşir. Ancaq yunanlar bu məsələdə daha cəlb hərəkət edərək Türkiyənin İsrail və Misirlə münasibətlərində olan soyuqluqdan istifadə edərək bu ölkələrlə Yunan Kipri arasında anlaşma imzalamağa çalışır. Bi rmənada artıq ilkin razılaşmalar mövcuddur.

Aralıq dənizinin şərq sahillərində böyük enerji ehtiyatları mövcuddur. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində Heredot adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir.

Göründüyü kimi, fantastik gəlir və strateji olaraq Avropanın tələbatını ödəyəcək qaz ehtiyatından söhbət gedir. Bu isə təkcə yazıda adı çəkilən deyil, adları çəkilməyən ölkələrin böyük maraq və diqqətindədir. Bu isə o deməkdir ki, yaxın dövrdə bölgədə gərginlik və mübarizə davam edəcək.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.