Körfəz ölkələri Suriyanın kürd bölgəsinə hərbi qüvvə çıxardı

1-12-2018, 10:09           
Körfəz ölkələri Suriyanın kürd bölgəsinə hərbi qüvvə çıxardı
Kürdlərə dəstək, İranın bölgədə rolunu zəiflətməyi nəzərdə tutan plana Türkiyə və İran hansı reaksiyanı verəcək?

Körfəz ölkələri Suriyada fəallaşır. Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hərbçilərdən ibarət heyəti Suriyanın şimalında kürdlərin nəzarətində olan Ayn İsa şəhərində Suriya Demokratik Qüvvələri (SDQ) və koalisiya rəsmiləri ilə görüşüb. Bu barədə İraq kürd muxtariyyətində fəaliyyət göstərən “Basnews” saytı məlumat yayıb.

Saytın xəbərində görüşdə İŞİD-lə mübarizə, həmçinin İŞİD-dən azad edilən bölgələrdə terror təşkilatına məxsus gizli hücrələrin ifşa olunması istiqamətində atılacaq addımlar və regiondakı təhlükəsizliyin vəziyyəti müzakirə olunub. Bundan başqa toplantıda Suriyanın şimal və şərq sərhədlərində yerləşdiriləcək sərhəd mühafizəsi qüvvələrinin formalaşdırılması, onlara təlim və təchizatının körfəz ölkələri tərəfindən təmin olunması imkanları dəyərləndirilib.

Səfər və toplantı haqqında sayta açıqlama verən Suriyanın şimalından olan kürd siyasətçisi isə toplantının əsas məqsədinin Türkiyənin Fəratın şəqrində həyata keçirəcəyi əməliyyata qarşı atılacaq addımlların müzakirəsi, eləcə də İranın Suriyaya əsas giriş yolu olan şərq sərhədlərinin (İraq sərhədi - K.R.) möhkəmləndirilməsi və bununla da Tehranın Suriyada güclənməsinin qarşısını almaqla bağlı görüləcək işlər olduğunu deyib.

Maraqlıdır ki, ərəb heyəti ilə kürdlərin görüşündə həm də İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndələri də qatılıb. Mənbə iddia edib ki, amerikalılar Suriyada hələ uzun müddət qalmağı düşünür və bu toplantının əsas hədəflərindən biri də məhz bunun üçün şərtlərin hazırlanmasıdır.

O da diqqətçəkəndir ki, ötən gün Suriyanın kürd bölgəsinə (SDQ nəzarətində olan ərazilər - K.R.) ərəb ölkələrində bir siyasi heyət də gəlib. Ayn əl-Arab şəhərinə gələn ərəb mülki heyətininin burada SDQ liderləri ilə danışıqlar apardığı qeyd olunur. Bu barədə məlumatı Suriyada müxaliflərə yaxın, mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzinin yaydığı açıqlamada qeyd olunur ki, körfəz ölkələrindən gələn mülki heyət SDQ rəsmiləri ilə toplantı keçiirb. Xəbərdə deyilir ki, körfəz ölkələrindən gələn birgə heyət Fəratın sağ sahilindəki vəziyyət və görülə biləcək tədbirlər haqda danışıqlar aparıb.

Danışıqların davam etdiyi müddətdə isə adıçəkilən bölgədə koalisiya aviasiyası hava reydləri keçirib.

Məsələ ondadır ki, körfəz ölkələrinin, xüsusən də ABŞ-ın regionda əsas müttəfiqi kimi çıxış edən Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Küveytin, həmçinin Misirin Suriya münaqişəsində aktiv iştirakı çağırışını bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp edib. ABŞ prezidenti ərəb ölkələrini təhlükəsizlik məsələlərində yaxından iştirak etməyə, Suriyanın şimalına qüvvə göndərməyə çağırıb. Burada məqsəd bir tərəfdən ərəb ölkələrini aktiv hərbi-siyasi iştiraka cəlb etmək, regionda münaqişələrin həllində söz sahibi tərəflərdən biri kimi iştirakına nail olmaq, digər tərəfdən isə ABŞ-ın yükünü azaltmaq, hərbi və maliyyə xərclərini azaltmaq məqsədi güdür. Bunu Tramp açıq şəkildə bildirmişdi.

Ərəblərin Suriyanın şimalında aktiv gücə çevrilməsi bir tərəfdən İranın təsirini azaltmaq, Hizbullah və digər müttəfiq qüvvələri ilə Suriyada əsas sahə gücünə çevrilməsi qarşısında maneə yaratmaq məqsədi güdür, ikinci tərəfdən isə Fəratın şərqində əməliyyat keçirməyə hazırlaşan və son iki ildə Rusiya ilə yaxınlaşmaqla faktiki olaraq Suriyanın şimalında təsirli hərbi gücə çevrilən Türkiyənin rolunu azaltmaqdır.

Suriyanın şimalında ABŞ-a məxsus 20-dən çox hərbi baza var. Eyni zamanda Fransının da 5 hərbi obyekti mövcuddur. Ancaq bu azdır, üstəlik İdlib əməliyyatı başa çatdıqdan sonra Suriya hökuməti və Rusiyanın diqqəti kürd bölgələrinə yönələcək. Və bu zaman aydındır ki, Rusiya, İran və Türkiyə Suriya ordusu ilə birgə hərəkət edəcək. Kürdlər üçün müdafiə imkanları xeyli azalacaq. Baxmayaraq ki, bölgədə güclü ABŞ hərbi qüvvələri var. Bu səbəbdən də indi İdlib əməliyyatı uzanır və bu uzanma dövründə koalisiya yeni müttəfiqəri bölgəyə cəlb etməkdədir.

Məsələ ondadır ki, adı çəkilən körfəz ölkələrinin həm də Türkiyə ilə soyuq münasibətləri var və bu səbəbdən də Suriyanın şimalında möhkəmlənməkdə maraqlıdırlar. Çünki Suriyanın şimalı güclü kürd hərbi-siyasi təşkilatları son 35 ildə Türkiyə üçün ciddi başağrısına çevrilib. İndi isə kürdlərin Suriya münaqişəsinin həllindən sonra muxtariyyət əldə etməsi ilk növbədə Ankara üçün ciddi təhlükəyə çevriləcək. Çünki Suriyanın şimalındakı kürdlər PKK ilə müttəfiqdir, eyni siyasi-ideoloji görüşü paylaşırlar.

Yeri gəlmişkən, noyabrın ortalarında körfəz ölkələrindən birinə məxsus ilk hərbi baza Suriyanın şimal-şərqindəki Deyr əz-Zor vilayətinə yerləşdirilib. Deyr əz-Zor hazırda kürdlərlə hökumət qüvvələri və qismən də İŞİD-in nəzarətində olan bölgədir. Vilayətdə hərbi əməliyyatlar dayanmır. Suriyanın İraqla əsas sərhəd-keçid məntəqələrindən biri olan, üstəlik ərazisində neft və qaz istehsal olunan vilayət uğurunda savaşlar son 7 ildə dayanmayıb.

Artıq necə deyərlər, ilk addım atılıb. Körfəz ölkələrindən biri Suriyada öz hərbi varlığını yaradıb. Son iki səfər onu göstərir ki, ərəb ölkələrinin aktivliyi daha da artacaq. Bəlli olduğu kimi, artıq BMT nəzdində Suriyada Konstitusiya Komissiyası yaradılması istiqamətində işə başlanılıb. Ölkənin gələcəyi ilə bağlı qərar yaxın dövrdə veriləcək. Bu prosesdə körfəz ölkələri də aktiv iştirak edəcək. Ancaq bu gedişə Türkiyə və İranın hansı reaksiyanı verəcəyi maraqlıdır.

Onu da qeyd edək ki, dekabrda ABŞ və Türkiyə arasında iyunda imzalanmış Menbic anlaşması işə düşməlidir. Bu anlaşmaya görə kürd silahlıları Menbici tərk etməli, ABŞ və Türkiyə ordusu Menbicdə nəzarəti həyata keçirməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.