Politoloqdan Türkiyə və Rusiya liderlərinin görüşünə şərh:"Ərdoğan vədini yerinə yetirməkdə çətinlik çəkir, bu isə Putinin xarizmasına təsir edir"
2-12-2018, 10:03
“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı tələsdirir”.
Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanla Putinin bu gün Argentinadakı görüşünü şərh edərkən deyib.
Elxan Şahinoğlu bildirib ki, Putin Suriya Prezidenti Bəşər Əsədlə birgə sentyabr ayında İdlibə hücum hazırlayırdı:
“Məntiqləri belə idi ki, İdlib terrorçuların son qalasıdır, oranı azad etmək lazımdır. Ancaq bu hücum Türkiyənin maraqlarına cavab vermirdi. Çünki hücum nəticəsində Türkiyə həm yeni qaçqın axını ilə üzləşəcək, həm də dəstək verdiyi Suriya silahlı müxalifətinin neytrallaşdırılmasının şahidi olacaqdı. Ona görə Ərdoğan Putindən oktyabrın 15-nə qədər zaman istədi. Ərdoğan həmin tarixə qədər İdlibdəki terrorçuları şəhəri tərk edəcəyinə inandıracağını vəd edirdi. Artıq bu vədin üstündən ay yarım keçib və terrorçular hələ ki, İdlibi tərk etməyib. Terrorçular ona görə şəhəri tərk etmirlər ki, artıq gedəsi yerləri yoxdur, hara getsələr, məhv ediləcəklər. Ona görə də elə İdlibdə qalıb döyüşməyə üstünlük verirlər. Həmin terrorçular Türkiyəni də eşitmir. Ərdoğan öz komandası ilə əlindən gələni edir, ancaq vaxt da gedir”.
Politoloq vurğulayıb ki, Putin Türkiyə ilə yenidən münasibətləri gərginləşdirmək istəmir:
“Çünki ortada böyük layihələr var. Ancaq terrorçular İdlibdə qaldıqca və Ərdoğan vədini yerinə yetirməkdə çətinlik çəkdikcə, bu, Putinin də nüfuzuna, xarizmasına mənfi təsir edəcək. Çünki belə çıxır ki, Putin Ərdoğana güzəştə gedir, ancaq ortada İdliblə bağlı nəticə yoxdur. Təsadüfi deyil ki, G-20-in Argentinada toplantısı çərçivəsində Ərdoğanla görüşən Putinin əsas mözusu İdlib idi”.
Politoloqun sözlərinə görə, Türkiyə ağır bir işi üzərinə götürüb: “Əlbəttə, Ərdoğanın hələ bir az zamanı var. Ancaq minlərlə terrorçunu inandırmaq asan deyil”.