İSVEÇRƏ “ÖZBƏK ŞAHZADƏSİ”NİN PULLARINI GERİ QAYTARIR- Gülnarə Kərimovanın milyonları kimə çatacaq?

7-12-2018, 08:09           
İSVEÇRƏ “ÖZBƏK ŞAHZADƏSİ”NİN PULLARINI GERİ QAYTARIR- Gülnarə Kərimovanın milyonları kimə çatacaq?
Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın adı ətrafında qalmaqal səngimək bilmir. Bu ilin yayında İsveçrə məhkəməsi xanım Kərimovanın şikayətini rədd edərək, ona məxsus dondurulmuş vəsaiti (800 milyon İsveçrə frankı) qaytarmaqdan imtina etdi. Bu azmış kimi, bu ilin oktyabrında İsveçrə hüquq-mühafizə orqanları Gülnarə Kərimovanın Cenevrədəki mülkündən 38 milyon frank dəyərində qiymətli əşyalar (zərgərlik məmulatları) aşkar etdiyini açıqladı. İsveçrə polisinin iddiasına görə, fantastik qiyməti olan bu əşyalar qeyri-qanuni yollarla əldə olunub.

Bugünlərdə İsveçrə Daxili İşlər Nazirliyi Kərimovanın işinə yenidən qayıdaraq bildirib ki, ölkə özbək xanıma məxsus 800 milyon frankı özündə saxlamaqda maraqlı deyil.

Gülnarə Kərimova uzun müddətdir ki, Özbəkistanda həbsdədir. Onun konkret harada və hansı şəraitdə saxlanıldığı barədə məlumat yox dərəcəsindədir. Bəzi KİV-lər Kərimovanın bu ilin oktyabrında azadlığa çıxdığını bildirsələr də, bu məlumat rəsmən təsdiqlənməyib. Avropada isə keçmiş prezidentin qızının işi hələ yekunlaşmayıb. Onun İsveçrədəki aktivlərinin aqibətinin necə olacağı hələ də açar məsələ kimi qalmaqdadır.

İsveçrə prokurorluğu “özbək şahzadəsinə” 2012-ci ildən göz qoymağa başlayıb. Əvvəlcə Kərimovanın köməkçisinə cinayət işi açılsa da, sonradan özü, keçmiş əri və daha iki əməkdaşı da istintaqa cəlb olunub. İstintaq bu qənaətə gəlib ki, əcnəbi telekommunikasiya şirkətləri Özbəkistan bazarına daxil olmaq müqabilində Gülnarə Kərimovaya rüşvət veriblər.

Stokholmda nəhəng “Tella” telekommunikasiya şirkətinin üç sabiq rəhbərinin işi üzrə keçirilən məhkəmədə isə bildirilib ki, 2007-ci ildən 2010-cu ilədək şirkət Özbəkistanda fəaliyyətlərini davam etdirmək üçün Gülnarə Kərimovaya 400 milyon dollar rüşvət verib. Nəticədə İsveçrədə G.Kərimovaya məxsus əmlakın, qyimətli əşyaların və bank hesablarının üzərinə həbs qoyulub.

2013-cü ilin yayında mətbuatda xəbər yayıldı ki, Kərimovanın Parisdəki mülkünə və dəbdəbəli kurort sayılan San-Tropedəki villasına həbs qoyulub. 2014-cü ildə isə Fransa məhkəməsi “mütəşəkkil dəstə tərəfindən çirkli pulların yuyulması” və “əcnəbi vəzifəli şəxslərin korrupsiya əməlləri” təhqiqatı çərçivəsində Kərimovanın mülklərinə həbs qoydu.

Xanım Kərimova 2013-cü ilədək Özbəkistanı bir sıra beynəlxalq təşkilatlarda təmsil edirdi. Ümumiyyətlə, həmin ilə qədər onun karyerası yüksələn xətt üzrə gedirdi. Özbəkistan Xarici İşlər Nazirliyində çalışırdı – 1995-ci ildən nazirin müşaviri, 2003-2005-də Moskvadakı səfirlikdə məsləhətçi kimi. 2008-ci ildən ölkəsinin BMT-də və Cenevrədəki digər beynəlxalq təşkilatlarda daimi təmsilçisi idi. Paralel olaraq xarici işlər nazirinin beynəlxalq məsələlər və mədəni-humanitar sahə üzrə müavini postunu tuturdu. 2010-2012-ci illərdə isə Özbəkistanın Madriddəki səfiri olmuşdu.

2013-cü ildə ölkəsindən külli miqdarda pul çıxarmaqda şübhəli bilindi və barəsində cinayət işi açıldı. Daha sonra geri çağırılaraq diplomatik toxunulmazlıqdan məhrum edildi və hesabındakı 800 milyon frank donduruldu. 2015-ci ildə isə dələduzluqda və vergidən yayınmaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edildi.

2017-ci ilin 28 iyununda Özbəkistanın Baş Prokurorluğu Gülnarə Kərimovaya aşağıdakı ittihamlar üzrə cinayət işinin açıldığını elan etdi – dələduzluq, xarici valyutanın gizlədilməsi, gömrük qanunvericiliyinin pozulması, ticarət və xidmət qaydalarının pozulması, sənəd saxtalaşdırılması, cinayət fəaliyyəti ilə əldə olunan gəlirlərin qanuniləşdirilməsi.

Xanım Kərimovaya qarşı ittihamlar cinayətkar qruplaşma üzvlərinin, şahid və zərərçəkənlərin ifadələri, eləcə də qrupun nəzarətindəki 14 firma və 16 offşor şirkətin fəaliyyətinə dair materialların yoxlanılması əsasında irəli sürüldü. Məlumata görə, 12 xarici ölkədə G.Kərimovaya məxsus cinayət yolu ilə qazanılmış və dəyəri 1,5 milyard dollardan çox olan aktivlər aşkarlanmışdı.

İki cinayət işi üzrə Özbəkistana vurulan zərərin 2 milyard ABŞ dolları olduğu təsdiq edilib. Ötən il rəsmi Daşkənd Rusiya və bir neçə başqa ölkəyə müraciət edərək G.Kərimova ilə əlaqədə olmuş cinayətkar qrupun üzvlərini həbs etməyi xahiş etmişdi.

“İstintaq materiallarından aydın olur ki, 12 xarici ölkənin ərazisində cinayətkar dəstənin 1 milyard 394 milyon dollarlıq, 63 milyon avroluq, 27,1 milyon funtluq, 18,5 milyon franklıq aktivləri leqallaşdırılıb”, – deyə Özbəkistan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilirdi.

2018-ci ildə cinayət işində müəyyən canlanma oldu. May ayında İsveçrə prokurorluğu Kərimovanın keçmiş ərinin və köməkçisinin cəzalandırılmasına dair qərar çıxardı. Hər ikisi Özbəkistan vətəndaşı olan bu şəxslər öz ölkələrində iqtisadi cinayətlərdə təqsirli bilinərək uzun müddətə azadlıqdan məhrum edildilər.

Kərimovanın işi hələ yekunlaşmasa da, İsveçrə məlum vəsaitləri Özbəkistana qaytarmağa hazırlaşır. Ölkənin Xarici İşlər Nazirliyindən bildiriblər ki, qeyri-leqal yolla alınmış aktivləri geri (Özbəkistana) qaytarmaq İsveçrənin xarici siyasət prinsiplərini təşkil edir.

“Son 30 ildə İsveçrə ayrı-ayrı ölkələrə 2 milyarddan artıq vəsait qaytarıb. İstənilən başqa ölkədən daha çox”, – deyə İsveçrə XİN-in bəyanatında qeyd olunur.

İndi hamını ən çox maraqlandıran sual Özbəkistana qaytarılacaq pulların kimə çatacağıdır. Hazırda bu pullara iddialılar arasında Almaniyanın bir qrup müəssisəsi var. Bu müəssisələr 2000-ci illərin sonlarında Özbəkistanın ovaxtkı hökumətinə beynəlxalq forumlar keçirmək üçün Daşkənddə saray tikmişdilər. Sifariş formal olaraq İsveçrədə qeydiyyatdan keçmiş “Zeromax” şirkətinin tapşırığı ilə həyata keçirilirdi. Əslində isə bu şirkətin arxasında böyük ehtimalla Gülnarə Kərimova dayanırdı. 2010-cu ildə şirkət müflis oldu və özündən sonra 5 milyard franklıq borc qoydu.

İndi kreditorlar Gülnarə Kərimovanın və əlaltılarının əlindən alınmış vəsaitlərdən kompensasiya istəyirlər. Lakin məsələ ondadır ki, xanım Kərimova müflis olmuş şirkətlə hər hansı bağlılığını inkar edir. Özbəkistan hökuməti isə şirkətin müflis olmasına görə dövlətin hər hansı məsuliyyət daşımadığını deyir.

Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibə verən kreditorlardan biri bildirib ki, indi yeganə ümid Özbəkistan prezidenti Şavkat Mirziyoyevin 2019-cu ilin yanvarına planlaşdırılan Almaniya səfərinə qalıb. Lakin İsveçrə hökumətinin qaydalarına görə, korrupsiya pulları, qaytarılacaq ölkənin əhalisinə çatmalı, yenidən qeyri-leqal kanallarla axıb getməməlidir.

İsveçrənin bu istiqamətdə təcrübəsi də var. Məsələn, Qazaxıstana 115 milyon frank qaytarılanda ölkədə 2009-cu ildə “Bota” adlı xüsusi xeyriyyə fondu yaradıldı. Fondun məqsədi Qazaxıstandakı aztəminatlı ailələrə kömək etmək idi. Fondun vəsaitlərinin xərclənməsinə isə Dünya Bankı nəzarət edirdi…

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.