Babəkin sonunu gətirən şəxs: Böyük planı o hazırlamışdı

24-12-2018, 08:21           
Babəkin sonunu gətirən şəxs: Böyük planı o hazırlamışdı
Xilafət tarixinin ən böyük türk komandanlarından olan Buğa əl-Kəbirin adının mənası “Böyük buğa ulduzu”ndan götürülüb. 825-ci ildən etibarən Xilafət ordularında əmir kimi adı çəkilir. Babəkə qarşı Afşinin ordusunda yer alıb, 835-ci ildə xürrəmilərlə döyüşüb.

Kult.az xəbər verir ki, bu barədə tanınmış tarixçi Əkbər Nəcəf qeyd edib. O, Xilafətə qarşı Babəkin başçılığı altında 20 il mübarizə aparmış Xürrəmilər hərəkatının sonunu gətirən şəxsin Buğa əl-Kəbir olduğunu açıqlayıb:

“837-ci ildə Bəzz qalasına hücum planını hazırlayan və bunu Afşinə qəbul etdirən Buğa əl-Kəbirdir. O, həmçinin Azərbaycanda baş vermiş Məngüçur üsyanını yatırıb. Daha sonra isə Hicaz və Yəmamə bölgəsindəki üsyançıları da aradan qaldırıb".

Əkbər Nəcəf Buğa əl-Kəbirin 851-ci ildə Azərbaycan əmiri təyin edildiyini və Ərməniyyə bölgəsində fəaliyyət göstərən 300 xristian hakimi ortadan qaldıraraq üsyanları yatırdığını bildirib:

“Üsyançıların başında dayanan Aşot Arçrunini əsir alıb, Samirəyə göndərib. Əl-Kəbir həmçinin Tiflisi ələ keçirib və şəhərə neft tökərək yandırıb. Bundan başqa o, Beyləqanda meydana gələn pavlikianların üsyanına da son qoyub. 856-cı ildə isə Bizansa qarşı hərbi səfərə başçılıq edib”.

90 il ömür yaşayan Buğa əl-Kəbirin Xilafətin taleyində mühüm rol oynadığını bildirən tarixçi, onun xüsusi ordu yaratdığını vurğulayıb:

“862-ci ildə, 90 yaşında vəfat edən Buğanın xüsusi hərbi dəstəsi vardı. Bu dəstəyə özündən sonra oğulları Musa ibn Buğa ilə Məhəmməd ibn Buğa, onlardan sonra da nəvəsi Fəzl ibn Musa başçılıq edib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.