“Azərbaycan və Türkiyə Qərb üçün Ermənistandan daha vacib dövlətlərdir” - politoloq
25-12-2018, 09:59
“3-cü dünya müharibəsi Qarabağdan başlaya bilər” iddiasına politoloq rəyi
İkinci Dünya müharibəsinin başa çatmasından bəri dünya iri nəhənglər arasında açıq hərbi toqquşmadan yayına bilib. Amma son vaxtlar beynəlxalq aləmdə qlobal təhdidlərin getdikcə kəskinləşməsi böyük müharibə təhlükəsini artırıb.
Virtualaz.org xəbər verir ki, bu barədə “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində ABŞ Ordu Kollecinin professoru Robert Farli proqnozlarını açıqlayıb. Məqalədə 2019-cu ildə üçüncü dünya müharibəsinin başlaya biləcəyi beş yer göstərilir ki, onlardan biri də Azərbaycandır. Onun fikrincə, Rusiya və Baltikyanı ölkələr, Ermənistan və Azərbaycan arasında, həmçinin Kəşmir və ya Venesueladakı münaqişələr səbəbindən böyük müharibə başlaya bilər.
Professorun bu açıqlamaları geniş müzakirələrə səbəb olub. Xüsusilə üçüncü dünya savaşının başlaya biləcəyi ehtimalları barədə müxtəlif fikirlər səslənməkdədir. Eyni zamanda ikinci Qarabağ müharibəsi başlarsa, yeni dünya savaşına çevrilə bilib-bilməyəcəyi yönündə fərqli mövqelər sərgilənir. Ekspertlər “Böyük Ermənistan” xülyası səbəbindən bu ehtimallarının çoxala biləcəyini qeyd edirlər.
Politoloq Əhəd Məmmədli yaxın zamanlarda bu müharibənin başlayacağını düşünmür: “Üçüncü dünya savaşından çox danışılır. Düşünürəm ki, yaxın zamanlarda bu baş verən deyil. Bu iddiada bulunanlar da, bunu təkzib edənlər də var. Atom bombasının olması həm də üçüncü dünya müharibəsinin qarşısının alınmasına bir nədəndir. Nüvə ölkələri bununla bir-birilərini dayandırırlar. Atom ölkələri bu silahla bir-birilərinin qarşısını alırlar. Lakin nə vaxtsa böyük müharibənin olmayacağına heç kəs zəmanət verə bilməz. Dünyada baş verən lokal müharibələr gələcəkdə növbəti dünya müharibəsinə çevrilə bilər. Düşünürəm ki, politoloq bunu nəzərdə tutur. Lokal münaqişələr, iqtisadi müharibələr, terror aktları, sosial qarşıdurmalar, dünyanı bürüyən bütün bu gərginliklər gələcəkdə üçüncü dünya müharibəsinə səbəb ola bilər. Dağlıq Qarabağda müharibə heç vaxt üçüncü dünya müharibəsinə səbəb ola bilməz. Böyük güclər Azərbaycan və Ermənistana görə bir-biri ilə müharibə edən deyil, özü də dünya müharibəsi. Türkiyə və Rusiya üz-üzə gələ bilər. Amma bunun üçün gərək ya Rusiya Azərbaycana, ya da Türkiyə Ermənistana hücum etsin. Düşünmürəm ki, Qarabağ müharibəsi olacağı təqdirdə Rusiya Azərbaycana, Türkiyə də Ermənistana hücum edəcək.
Türkiyə-Ermənistan sərhədində rus əsgərləri durur. Qarabağ müharibəsi olacağı təqdirdə Rusiyanın Azərbaycana ola biləcək hücumunu minimuma endirmək üçün Azərbaycan-Rusiya sərhədində də türkiyəli əsgərlər durmalıdır. Həmçinin Türkiyə-Rusiya münasibətləri üst səviyyəyə getdiyi vaxtda Azərbaycan Qarabağ problemini öz xeyrinə həll etməyi bacarmalıdır. Tarix boyu Türkiyə-Rusiya münasibətlərinin yaxınlığı Azərbaycan üçün müsbət nəticələnib. Bu yaxınlıq Azərbaycana qarşı Rusiya təhlükəsini azaldır. Rusiya təhlükəsi azaldıqca Qarabağ müharibəsini etmək imkanları da Azərbaycan üçün çoxalır. İkinci Qarabağ müharibəsi üçüncü dünya savaşına səbəb olan deyil. İkinci Qarabağ savaşına Azərbaycan və Ermənistandan başqa uzağı Türkiyə ilə Rusiya qoşula bilər. İndiki halda isə bu inandırıcı deyil. Yuxarıda qeyd etdiyim kimi, Türkiyə-Rusiya münasibətləri yüksək səviyyədədir. Bir də ki, Rusiya təhlükəsini azaltmaq üçün Azərbaycana Türkiyə hərbi bazaları yerləşdirilməlidir. Naxçıvan və Abşerondan başlamaq lazımdır. Üstəlik, Azərbaycan, Rusiya sərhədinə türk əsgərləri dəvət edilməlidir. Türkiyə-Ermənistan sərhədini ruslar qoruyursa, buna cavab olaraq Azərbaycan-Rusiya sərhədin də türk əsgərlər qorusun”.
Politoloq xristian dünyasının tarix boyu gerçəkləşdirməyə çalışdığı “Böyük Ermənistan” planından da söz açdı: “Xristian dünyasının böyük Ermənistan qurmaq planı olub, amma bunu gerçəkləşdirə bilməyiblər. Gerçəkləşdirə bilməmələrinin səbəbi çoxdur. Məsələn, Anadoluda türklər və kürdlərin buna dirənişi, Qərb və Rusiya üçün ”Böyük Ermənistan"ın əsas hədəf olmaması və s. İrana gəldikdə isə bu ölkəni nə Qərb, nə də Rusiya heç vaxt təhdid altında saxlamayıb. Əksinə, İrana, Türkiyəyə qarşı daim dəstək olublar. Çünki tarix boyu İran həmişə Avropa və Rusiyaya Türkiyənin qarşısını almaq üçün lazım olub. İranın da Azərbaycanın düşməni Ermənistanla çox isti münasibətləri var. Ermənistana görə nə ABŞ, nə Avropa, nə də Rusiya nəinki Türkiyə ilə, heç Azərbaycanla da müharibə edən deyillər. Qərb də Ermənistana görə nə Türkiyə, nə də Azərbaycanla müharibə edən deyil. Azərbaycan və Türkiyə Qərb üçün Ermənistandan daha vacib dövlətlərdir. Ələlxüsus da Türkiyə güclənməkdə davam etdikcə, Qərb daha tez erməniləri türklərlə üz-üzə qoyub gedəcək. Ermənistanın son və yeganə ümidi Rusiyadır. Son ümid Rusiyada da hər an erməniləri tərk edə bilər. 1915 kabusunu ermənilər gec-tez yenə yaşayacaqlar. Ermənistana görə müsəlman dünyası ilə xristian dünyası üz-üzə gələn deyil. Ermənistanın xristian dünyası üçün nə mənəvi, nə də milli dəyəri yoxdur. Ermənistanın arxasında duran yeganə güc Rusiyadır. Ruslar da erməniləri yüz il bundan əvvəl qoyub getdikləri kimi yenə də qoyub gedəcəklər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”