Ağ Evin Suriya siyasətinin gizlinləri: Türkiyə üçün qorxulu ssenari

25-12-2018, 18:31           
Ağ Evin Suriya siyasətinin gizlinləri: Türkiyə üçün qorxulu ssenari
ABŞ-ın hərbi kontingentin Suriyadan çıxarılmasının səbəbi və doğuracağı nəticələri ilə bağlı siyasi müzakirələr son günlərin əsas gündəm mövzusudur. Bu baxımdan, Donald Trampın “Twitter” hesabında verdyi iki açıqlama diqqəti cəlb edir. Ağ Evin rəhbəri sözügedən qərarı ilə bağlı öncə yaydığı tvitdə ABŞ hərbçilərinin Suriyada İŞİD-ə qarşı mübarizəsinin başa çatdığını və bu missiyanı başqa dövlətlərə həvalə etdiyini vurğuladı: “Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr-Türkiyə, İran, Suriya məşğul olmalıdır”. Prezident Tramp ikinci açıqlamasında “Bu işlə Türkiyə məğul olsun, biz evə dönürük”-deyə qeyd edib.

ABŞ prezidentinin məhz Türkiyənin adını xüsusi çəkməsi diqqəti bu mövzuya yönəldib. Çünki Türkiyənin Fərat çayının şərqində hərbi əməliyyatlar aparmağa hazırlaşdığı bir vaxtda ABŞ-ın qoşunlarını Suriyadan çıxarması bölgədə qüvvələr nisbətinin dəyişməsinə səbəb olacaq. Hazırda gözləmə mövqeyi tutan rəsmi Ankara daha çox ABŞ-ın və digər ölkələrin regionla bağlı yeni planlarını müəyyənləşdirməyə çalışır. ABŞ hərbi kontingentinin Suriyanı tərk etməsi ilə bağlı yaranmış vəziyyəti təhlil etmək üçün suallarımızı NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədova ünvanladıq:


-Donald Trampın açıqlaması ABŞ-ın öz mövqeyini Türkiyəyə güzəştə getməsidir, yoxsa bəzi ekspertlərin də iddia etdiyi kimi Vaşinqton kürd terrorçularına bundan sonra dəstəyini daha geniş şəkildə davam etdirəcək?

- Bu gün Yaxın Şərqdə və Suriya ətrafında çox maraqlı proseslər baş verir. Donald Trampın ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklər etməsi təsiri bağışlayan son hadisələr Suriyada məsələnin çox ciddi olduğunu göstərir. PKK terror təşkilatı və onun Suriya qolları olan PYD, YPG-nin maliyyələşdirilməsi bundan sonra da davam edəcək. İkincisi, ABŞ bölgəni tərk etsə də bu dəfəki rol dəyişikliyi İsrailə və Türkiyəyə verilib.

ABŞ-ın hərbi kontingentini çıxartmasının əsas hədəflərindən biri də Türkiyədəki yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərdir. Belə ki, ABŞ öz silahlarını, artilleriya qüvvələrini, zirehli texnikasını və “Hammer” maşınlarını peşmərgələrə və PKK silahlılarına təhvil verərək Suriyadan çıxmağı planlaşdırır. Məlum olduğu kimi bu prosesin 60-100 gün ərzində həyata keçirilməsi nəzərdə tutulub. Burada müddətin üç ay seçilməsi təsadüfi deyil. Üç ay sonra Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək. ABŞ üç ay ərzində Suriyada problemin daha da qabarmasına və Türkiyədəki seçkilərə bu və ya digər şəkildə müdaxilə etməsinə nail olmağa çalışır. Yəni Türkiyədəki terror təhlükəsini qabarıq şəklə salmaq istəyir. Rusiya bu məsələyə reaksiya vermir. Çünki Rusiya məsələnin nə qədər ağır olduğunu anlayır. Ona görə ki, Rusiya ABŞ hərbçiləri getdikdən sonra Suriyada vəziyyətin daha da ağırlaşacağını anlayır. ABŞ Suriyada sabitliyi bu və ya digər şəkildə qoruyan tərəf idi. Lakin Amerika hərbçilərinin getməsi ilə Suriyada PYD/YPG terroru daha da genişlənəcək. Bu çox qorxuludur. Lakin mənim məlumatıma görə, Türkiyə silahlı qüvvələrinin əməliyyat planına 500 km Suriyanın dərinliklərinə doğru irəliləmək daxildir. Bu isə Suiyanın neft quyularının olduğu əraziləri əhatə edir. Ancaq ABŞ Suriyanın içərilərinə doğru türk ordusunun 500 km irəliləməsinə icazə verəcəkmi? Daha doğrusu, məsələ ABŞ qoşunlarının çıxması deyil, Türkiyənin Suriyanın daxilinə nə qədər irəliləyə bilməsindədir. Suriyada qazanc əldə edən ABŞ, Rusiya və başqa ölkələrdir. Türkiyə Suriyadan maddi gəlir əldə etmir. Yəni Türkiyə hərbi əməliyyatların və Suriya ərazisində silahlı qüvvələrin saxlanılmasını dövlət büdcəsi hesabına ödəyir. Rusiya və ABŞ isə öz hərbi qüvvələrinin xərcini Suriyadakı neft quyularından çıxarılmış neftin satışından əldə etdiyi gəlir hesabına təmin edir. Əsəd rejimi Rusiya ilə birlikdə ABŞ-ın nəzarətində olan ərazilərə iddia edir, yəqin ki, bundan sonra həmin bölgələri ələ keçirməyə çalışacaq. ABŞ isə Türkiyənin neftlə zəngin ərazilərinə irəliləməsini istəmir. Türkiyə isə milli təhlükəsizliyini təmin etmək üçün daha çox irəli gedəcək.

Lakin Trampın İranla bağlı tviti inandırıcı görünmür. Çünki İran ağır sanksiyalar altındadır. İran Suriyada qalıcı olmaqla terrorizmə qarşı mübarizədə heç bir rol oynaya bilməz. Əgər İran Suriyada güclənərsə, İsrailə qarşı mübarizədə “Hizbullah”a və “HƏMAS”-a daha çox dəstək verə bilər. Ona görə də ABŞ buna razı ola bilməz. 2019-cu ilin mart ayına qədər Suriya üzərində çox böyük hadisələrin baş verəcəyini görürük. Suriyadakı iddialarının qarşısını almaq üçün Türkiyəni terrorla təhdid edə bilərlər. ABŞ, Rusiya və İsrail Türkiyənin öz sərhədlərinin cənubunda, yəni Suriyanın şimalında təhlükəsizlik dəhlizi formalaşdırmasını istəmir. Ancaq ABŞ, Türkiyə və İsrail bütün istiqamətlərdə anlaşa bilərsə, biz 2019-cu ildə Türkiyənin və İsrailin strateji cəhətdən yaxınlaşmasını görə bilərik. Bu isə Yaxın Şərqdəki bütün qaydaları alt-üst edə bilər. ABŞ-ın istədiyi də regionu İsrailə və Türkiyəyə verib tərk etməkdir. Lakin bu hələ real deyil.

- PKK-nın liderlərindən biri Murad Qarailan ABŞ-a müraciət edərək Türkiyənin Fərat çayının şərq sahilində əməliyyatlara başlayacağı təqdirdə, Mosulu və Kərkükü tutacağını bildirib. Türk ordusunun həmin əraziləri nəzarətə götürəcəyinə imkan veriləcəkmi?

-ABŞ, Avropa, Birliyi, İsrail və Ərəb Liqası Türkiyənin Suriyada, İraqda əraziyə sahib olmasını istəmir. Türkiyənin bu cəhdlərinin də qarşısını almağa çalışacaqlar. Çünki onlar bilirlər ki, Türkiyə həmin ərazilərdə ədaləti bərqərar edərsə, qalıcı olacaq. ABŞ, İsrail, İngiltərə, Kanada, Ərəb Liqası Türkiyənin Suriyada və İraqda irəliləyişinin qarşısını almaq üçün bütün maliyyə, hərbi resurslarından istifadə edəcək. Çünki İraqda və Suriyada neft var. Mosul və Kərkük neftlə zəngin ərazilərdir. Ona görə də Türkiyəyə belə bir imkanı yaratmazlar.

-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyyatları müvəqqəti təxirə sadıqlarını və ABŞ qoşunlarının çıxmasının nəticəsini gözlədiklərini deyib. Sizcə, rəsmi Ankara üç ay gözləyəcəkmi?

- ABŞ qoşunlarının Suriyadan çıxması, görünür, cənab Ərdoğan üçün də sual olaraq qalır. Çünki Türkiyə prezidenti bununla bağlı ciddi kəşfiyyat məlumatları alır. O, hərbi qüvvələrin çıxarılmasını Trampla razılaşdırsa da prosesin üç aya həyata keçirilməsi Türkiyə hakimiyyətini düşünməyə vadar edir. Yəni “ABŞ niyə tələsmir” sualı yaranır. Ərdoğan, ölkədə terror aktlarının baş verməməsi üçün ehtiyatlı açıqlamalar verir, Türkiyə polisi, təhlükəsizlik qüvvələri gücləndirilmiş rejimdə çalışır. Əgər yaxın 10-15 gündə Türkiyədə hər hansı terror aktı baş verərsə, türk ordusu yanvar ayında Suriyada olacaq.

-Digər ehtimallara görə, ABŞ-ın Suriyadan çəkilməsində başqa məqsəd var. 2019-cu ilin əvvəlindən etibarən ABŞ-ın Yaxın Şərqdəki hərbi fəaliyyətini Səudiyyə Ərəbistanının liderliyi ilə yaradılacaq və şərti olaraq “Ərəb NATO-su” adlandırılan alyans həyata keçirəcək. Bu planın əsas hədəfi isə İranın regiondan sıxışdırılmasıdır.

-Hazırda “Ərəb NATO-su”nun təşkil olunması istiqamətində çalışmalar davam edir. 1980-ci illərdə İran-İraq zamanı bu alyansı formalaşdırmaq mümkün olmamışdı. Bu da o vaxt SSRİ-nin mövcud olması ilə bağlı idi. Əgər “Ərəb NATO-su” yaradılarsa, onun zabit və əsgər heyətinin sayı dünyada ilk beşliyə düşəcək səviyyədə olacaq. Məndə olan məlumata görə, arxa cəbhədə yerləşdiriləcək zabit və əsgərlərin sayı 3-5 milyon nəfər olacaq. Ön cəbhədə isə bundan da artıq olacaq. ABŞ və Avropa Birliyi həmin ordunu cihad adı altında istədikləri ölkəyə yönəldə biləcək. Bu isə yaxın gələcək üçün çox təhlükəli bir siyasətdir. Əgər Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi alyans yaradarsa, ABŞ əməliyyatlarda birbaşa iştirak etməyəcək. Birliyin hərbi xərclərini ərəb dövlətləri çəkəcək, beynəlxalq ABŞ isə bu alyansın fəaliyyətinə beynəlxalq səviyyədə siyasi dəstək verəcək. Prosesdən qazanan isə ABŞ olacaq. Görünür, Ərəb Liqasının növbəti hədəfi İrandır. Lakin Ərəb Liqasının hədəfi yalnız İran deyil. Onlar birinci İranın, sonra isə Türkiyənin geosiyasi cəhətdən genişlənməsinin qarşısını almağa çalışacaq. Doğrudur, 2023-cü ildə Lozanna müqaviləsinin bir sıra maddələri qüvvədən düşəcək. Lakin “Ərəb NATO-su” Türkiyə üçün ciddi maneəyə çevrilə bilər. Yəni Türkiyə ərəb bayrağı altında ABŞ-ın ordusu ilə üzbəüz qala bilər. Yəni islam dünyasının güc mərkəzlərinin ordularının toqquşması fəlakət deməkdir.

- Sizcə, ərəb dövlətləri bir araya gələ biləcəkmi? Gəlin, unutmayaq ki, bir çox hallarda ərəb dövlətləri ortaq ümumi mövqedən çıxış edə bilmir.

- Hesab edirəm ki, bu birlik mümkün olacaq. Ərəblər İsrailə münasibətdə fikir ayırılığına malik olsalar da İrana münasibətdə birləşəcəklər. Yalnız bu məsələdə Qətərin fərqli mövqedən çıxış edəcəyini gözləmək olar.

Müşfiq Abdulla
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.