Nazarbayevin siyasi varisi kim olacaq? – Qısamüddətli və uzunmüddətli ssenari
27-02-2019, 07:37
Qazaxıstanda prezident üsul-idarəsinin ləğv olunması və parlament idarəçiliyinə keçid ehtimalı da mövcuddur”. Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Qazaxıstan prezidentinin mümkün siyasi xələfi haqqında danışan politoloq, Rezonans.kz informasiya-analitik portalının baş redaktoru Sultanbek Sultanqaliyev deyib.
Sultanqaliyevin sözlərinə görə, hökumətin tərkibində aparılmış dəyişikliklər də Nazarbayevin siyasi varisi məsələsində konkretlik yaratmayıb: “Hökumətin tərkibinin üçdə bir hissəsinin yenilənməsi və struktur dəyişiklikləri siyasi gündəmin əsas məsələsi olan prezident Nursultan Nazarbayevin varisinin kimliyinə aydınlıq gətirmədi.
Ölkənin birinci postuna namizəd qismində onlarla şəxsin adı çəkilir, hətta onların çoxunun adı varis qismində çoxdan hallanır. Bu barədə qazax politoloq Dosım Saptayevin maraqlı fikri var: “Varis siyahısından çıxarılmaqdan və o siyahıya düşməkdən qorxanlar var”.
Yeni baş nazir Əsgər Maminə gəldikdə isə, o, normal bioqrafiyaya malik olsa da, Nazarbayevin varisi olmaq üçün uyğun fiqur deyil. Heç özü də buna can atmır. Nəzərə alınması gərəkən daha bir vacib nüans var ki, hakimiyyətin ötürülməsi prosesi müəyyən qədər uzanacaq. Çünki fəaliyyətdə olan prezident dövlət başçısı postunu tərk etsə də, ölkənin ictimai-siyasi və sosial-iqtisadi vəziyyətini öz nəzarətində saxlayacaq. Ona görə də, qısamüddətli və uzunmüddətli varislik ssenarisi çox real görünür.
Digər tərəfdən, Qazaxıstanda prezident üsul-idarəsinin ləğv olunması və parlament idarəçiliyinə keçid ehtimalı da mövcuddur. Bu ehtimalın yaşamaq və reallaşmaq şansı kifayət qədər böyükdür. Bütün hallarda Qazaxıstan Konstitusiyasına taleyüklü dəyişikliklərin edilməsi qaçılmaz olacaq”.