"Tehranda, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə “Qarabağ Azərbaycanındır. Vəssəlam” şüarının da səslənməsinə böyük ehtiyac var.."

1-03-2019, 08:44           
"Tehranda, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə “Qarabağ Azərbaycanındır. Vəssəlam” şüarının da səslənməsinə böyük ehtiyac var.."
Teref.az Elxan Şahinoğlunun statusunu təqdim edir:
Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda “Ararat” idman-sağlamlıq kompleksində ermənilər qarşısındakı çıxışının mətni ilə tanış oldum. Yenə deyib ki, “mən Dağlıq Qarabağın əvəzinə danışa bilmərəm, Bakı birbaşa Qarabağ ermənilərilə ilə danışıqlar aparmalıdır”. Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi iki görüşdən nəticə çıxmadığını belə izah edib: “Danışıqlarda nəticə yoxdur. Vasitəçilər mənə “hansı güzəştlərə hazırsınız” sualını ünvanlayanda onlardan soruşuram ki, Azərbaycan hansı güzəştlərə hazırdır? Biz o zaman bu suala cavab verəcəyik ki, birinci bu suala Azərbaycan cavab versin”. Paşinyan Tehrandakı çıxışında müharibə ehtimalına da toxunub: “Kimsə düşünürsə ki, Qarabağ problemini güc yolu ilə həll etmək olar, kökündən yanılır. Bunu deyən anlamalıdır ki, qarşısında təkcə Ermənistanı yox, bütün dünya ermənilərini (oxu: həmçinin İran ermənilərini) görəcək”.

Göründüyü kimi, bu adam danışıqlara hazır deyil, az qala qışqırır ki, “məndən əl çəkin”. Belə isə mənasız danışıqlarda vaxt itirməyin mənası varmı? Danışıqların imitasiyasından imtina edib doğru bildiyimiz yolla getməliyik. O bizi dünyada yaşayan ermənilərin bir yumruq kimi işğal altındakı torpaqları “müdafiə” edəcəyi ilə qorxutmağa çalışır. Halbuki, mövcud durumu ondan yaxşı bilən eks-prezident Robert Köçəryan bu yaxınlarda dedi ki, Qarabağda müharibə gedəndə xaricdə yaşayan ermənilərdən barmaqla sayılacaq qədər könüllü gəlmişdi.

P.S. İranda “Qarabağ Ermənistanındır. Son” şüarının səslənməsinə şərait yaradılırsa, Tehranda, Təbrizdə, Ərdəbildə və digər şəhərlərdə “Qarabağ Azərbaycanındır. Vəssəlam” şüarının da səslənməsinə böyük ehtiyac var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.