FETÖ-nü bu dəfə kim dirildir? - Türkiyədə yeni çevriliş təhlükəsi - ŞƏRH

21-02-2020, 16:23           
FETÖ-nü bu dəfə kim dirildir? - Türkiyədə yeni çevriliş təhlükəsi - ŞƏRH
Vüqar Zifəroğlu: “Türkiyənin Suriyada və Liviyada apardığı hərbi əməliyyatlar fonunda FETÖ kartı təzyiq vasitəsi kimi işə salınmağa başlayıb”

Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişi hazırlamasına dair məlumatlar son günlər yenidən gündəmə gəlib. Hətta bir neçə gün öncə bununla bağlı Türkiyə mətbuatında yayılan informasiyalarda Silahlı Qüvvələrin sabiq Baş qərargah rəisi İlkər Başbuğun da adı çəkilib. Lakin sonra açıqlama verən İlkər Başbuğun vəkilləri generalın FETÖ-ya heç zaman dəstək vermədiyini və sözügedən iddiaların əsassız olduğunu bildirib. “FETÖ-nün hədəfi olmuş Başbuğ çevriliş cəhdini lənətləyib və o, çevrilişin iç üzünü ortaya çıxaran ilk kitablardan birini yazan adamdır.

Bugünlərdə müvəkkilimizin də adının qarışdığı xəyali ssenarilər FETÖ-nün keçmişdə ortaya atdığı iddia və bu iddialara zəmin yaratmaq üçün ictimai zəmin yaratmaqdır”-deyə vəkillər İlker Sezar və Hilla Demirellinin birgə imzaladığı açıqlamada qeyd edilir.

Hərbi çevriliş barədə xəbərlərə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da sərt reaksiya verərək-“Türkiyədə heç bir hərbi çevriliş olmayacaq”-deyib.

O bildirib ki, ölkədə hərbi çevriliş planlaşdıran və arzulayan qüvvələr öz məqsədlərinə çatmayacaqlar: “Türkiyə xalqı, əvvəllər olduğu kimi istənilən hərbi çevriliş cəhdinə qarşı çıxacaq”.

Bu arada Cümhuriyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanı əvvəllər Fətullah Gülənə dəstək verməkdə ittiham edib.

Qeyd edək ki, bundan öncə Kılıçdaroğlunu Gülənlə əlaqədə ittiham edən prezident Ərdoğan ona qarşı məhkəmə iddiası qaldıraraq 500 min türk lirəsi və 82,5 min dollar təzminat tələb edib.

Buna cavab olaraq, CXP rəhbəri Türkiyə prezidentini məhkəməyə verərək ondan 5 kuruş və ya 1 dollar təzminat davası açıb.

Qeyd edək ki, 2016-cı il 15 iyul dövlət çevrilişinə cəhddən sonra Gülən şəbəkəsinin Türkiyənin həm daxilində, həm də xarici ölkələrdə ciddi zərbə vurulub. Ona görə də son günlər FETÖ terror təşkilatının yenidən Türkiyədə dövlət çevrilişi hazırlandığına dair məlumatların meydana çıxması gülənçilərin Ərdoğan iqtidarına qarşı potensial təhlükə mənbəyi olduğunu göstərir.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Türkiyə hakimiyyətinin 2016-cı ildən bəri Gülən şəbəkəsinə qarşı mübarizə aparması hələ FETÖ-nun mövqelərinin zəifləməsi anlamına gəlmir.

“Bu sistemin tamamilə sıradan çıxarıldığını söyləmək hələ tezdir. Yəni FETÖ ilə bağlı problemlərin olması və bu amildən istifadə edərək Türkiyə dövlətinə zərbə endirmək ehtimalları həmişə qalır. Bu səbəbdən hesab edirəm ki, FETÖ təhlükəsi ilə bağlı yayılan növbəti siqnallar ciddiyə alınmalıdır. İlkər Başbuğun və ya adları hallanan başqa bir şəxsin FETÖ ilə əlaqəsinin olub-olmaması başqa bir söhbətin mövzusudur. Amma uzun illər boyu bu şəbəkə Türkiyənin idarəçilik aparatına, hərbi və təhlükəsizlik sisteminə virus kimi yayılıb. Bunun 2016-cı il dövlət çevrilişinə cəhd hadisələri və ondan sonra aparılan mübarizə tədbirləri ilə aradan qalxdığını söyləmək əsassız olardı. Yəni belə bir təhlükə Türkiyə üçün hər zaman mövcuddur. Xüsusilə də Türkiyənin Yaxın Şərqdə gərgin siyasi proseslərdə iştirak etdiyi, qarşıdan seçkilərin gəldiyi bir vaxtda FETÖ təhlükəsi yenidən baş qaldıra bilər. Bu baxımdan, həyəcan siqnalının yerli mediada yer alması başa düşüləndir. Ola bilsin ki, Türkiyənin Suriyada və Liviyada apardığı hərbi əməliyyatlar fonunda FETÖ kartı təzyiq vasitəsi kimi işə salınmağa başlayıb. Çünki Türkiyənin Liviyada möhkəmlənməsi bir sıra planları alt-üst edib. Yəni Türkiyənin Liviya ilə bağlı siyasəti bölgədə maraqları olan bəzi dövlətlərin planları ilə üst-üstə düşmür. Bu mənada Suriyada və Liviyada müşahidə olunan fəallıq Türkiyəyə qarşı alternativ variantların işə salınmasına səbəb ola bilər. Bu variantlar içərisində də ən təhlükəlisi FETÖ faktorudur”.

Vüqar Zifəroğlunun fikrincə, yayılan məlumatlar FETÖ tərəfdarlarının Türkiyənin siyasi elitasında və idarəçilik aparatında qaldığını təsdiq edir:

“Onlar illər boyu bu sistemin daxilinə sızıb möhkəmləniblər. Hətta öz adamlarını da yetişdiriblər. Ona görə də FETÖ şəbəkəsini 2-3 ilə təmizləmək mümkün deyil. Türkiyə siyasətində məxfi məlumatlara malik şəxslərdən biri olan Dövlət Baxçalı da artıq dövlət çevrilişindən danışırsa, deməli belə bir təhlükə var”.

Qeyd edək ki, 2016-cı ilin 15 iyul dövlət çevrilişinin təşkilinə görə rəsmi Ankara Fətullah Gülənə siyasi sığınacaq vermiş ABŞ-ı ittiham etmişdi. Amma Türkiyə ordusunun İdlibdəki vəziyyətlə bağlı Suriya daxil olmasından sonra Bəşər Əsəd rejiminə və Rusiyaya münasibətdə ABŞ-la yaxınlaşma müşahidə olunur. Bu isə FETÖ-nu çevrilişə təhrik edən edən qüvvənin bu dəfə ABŞ deyil, başqa dövlət olması ehtimalını yaradır. Lakin Vüqar Zifəoğlu bu yanaşma ilə razılaşmadığını deyir:

“ABŞ başqa dövlətin deyil, öz yanında yer alır. ABŞ-ın özünün köklü, dəyişməz Yaxın Şərq siyasəti var. Bu siyasətdə Türkiyə ilə üst-üstə düşməyən kifayət qədər məqamlar var. Bu mənada ABŞ-ın Suriya məsələsində Türkiyənin yanında olduğunu demək olmaz. ABŞ Türkiyə-Rusiya və Türkiyə-İran münasibətlərinin gərginləşməsi fonunda yaranmış vəziyyətdən faydalanmağa çalışır. Faktiki olaraq, bu gün Türkiyə iki cəbhədə savaşır. Bunlardan biri Liviya, digəri Suriyadır. Suriyada Türkiyəyə həmlələr edildiyi zaman Liviyada da general Həftərin qoşunu hücuma keçdi. Həftərə dəstək verən əsas ölkə ABŞ-dır. Yəni Türkiyəni iki cəbhədə savaşmağa məhkum edərək tək qoyublar. ABŞ-ın son zamanlar Türkiyəyə dəstək məqsədilə verdiyi bəyanatlar daha çox diplomatik xarakter daşıyır. Əməldə isə biz bunun tamamilə əksinin şahidi oluruq”./Cebhe.info/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.