Türkiyə sanksiyalara görə ABŞ-dan qisas alacaqmı? – “İncirlik” bağlana bilər
16-12-2020, 08:29
Türkiyənin dövlət orqanlarından birinə qarşı Birləşmiş Ştatlar tərəfindən sanksiyaların tətbiqinin ardınca, belə bir ehtimal meydana çıxıb ki, Ankara Vaşinqtondan «qisas» almaq məqsədilə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbçilərindən «İncirlik» aviabazasından (Adana əyaləti) çıxmağı tələb edə bilər.
Dekabrın 15-də Türkiyənin «Əhval» informasiya-analitik portalının qeyd etdiyi kimi, Türkiyənin hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq, Ankara ilə Vaşinton arasında münasibətlərin arzuolunmaz mərhələyə qədəm qoyacağı təqdirdə, «İncirlik» aviabazasından ABŞ hərbçilərinin çıxarılmasına cavab amili kimi baxır.
Bu ərəfədə, ABŞ dövlət katibi Mayk Pompeo elan edib ki, ABŞ Türkiyənin Müdafiə Sənayesi İdarəsinin (SSB) rəhbərliyinə yönəlik sanksiya tətbiq edir. Siyahıda idarənin direktoru İsmail Demirin də adı yer alıb. Sanksiya ABŞ və Beynəlxalq maliyyə institutlarından SSB-nin kreditlər almasını, istehsalında ABŞ istehsalının komponentləri olan Türkiyə hərbi məhsullarının ixrac lisenziyalarının məhdudlaşdırılmasını, SSB rəhbərliyinin viza və maliyyə aktivlərinin dondurulmasını nəzərdə tutur. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) bu qərarı pisləyib və ABŞ-ın arqumentlərini rədd edib. ABŞ tərəfi sanksiyaların tətbiqini Türkiyənin ötən il Rusiyadan zenit-raket kompleksi (S-400) alması ilə izah edib. Türkiyə XİN bununla bərabər xəbərdarlıq edib ki, qardaş ölkə öz mülahizələri əsasında cavab tədbirləri görəcək.
«İncirlik» aviabazası Türkiyə və ABŞ HHQ tərəfindən onilliklər boyu birgə istifadə olunub və Pentaqonun İraq və Suriyada əməliyyatları üçün ön baza qismində mühüm nöqtədir.
AzPolitika.info