Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

8-05-2021, 20:20           
Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi
Təbriz Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri İnstitunun rəhbəri Behruz Sari hökumətin Urmu gölü ilə bağlı siyasətindən danışıb. O, problemin həlli ilə bağlı hökumətin yarıtmaz siyasətini sərt tənqid edib.

Behruz Sari bildirib ki, gölün qurumasının qarşısını almaq mümkündür. O, hesab edir ki, bunun üçün gölün çevrəsindəki imkanlardan istifadə etmək daha məqbuldur.

Alim hökumətin Araz çayından Urmu gölünə kanal çəkmək ideyasını yersiz və nəticəsiz adlandırıb, bunun Urmu gölündən başqa Araz çayına və çay ətrafı bölgələrə də ciddi ziyan vuracağını deyib.

Sari bu layihənin yalnız təbliğat xarakteri daşıdığını bildirib. Arazın suyunun şirin olduğunu və bölgə əhalisi, xüsusilə əkinçilik və balıqçılıqla məşğul olan insanlar üçün həyati əhəmiyyət daşıdığını vurğulayan Sari bir yeri abadlaşdırmaq üçün başqa geniş bir bölgəni məhv etməyin başadüşülən olmadığını bildirib.

Ekologiya üzrə mütəxəssis məsələ ilə bağlı hökumətin gördüyü tədbirlərin yetərsiz olduğunu deyib. O , bildirib ki, yerli ətraf mühit təşkilatları, su hövzələrinin idarəetmə qurumları və başqa əlaqədar orqanlar təklikdə problemin həllində hansısa ciddi addım atmaq iqtidarında deyillər.

Bəhruz Sarı bildirib ki, hazırda Urmu gölünün su həcmi 3 milyard 640 milyon kubmetrdir.

Bu isə uzun müddətli ortalama (15 milyard kubmetr) ilə müqayisədə böhranlı durumdadır. Ötən il gölün suyundan 1 milyard 400 milyon kubmetr daha itirilib. Halbuki, müxtəlif elmi və texniki yollarla bunun qarşısını almaq mümkün idi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.