Ərdoğan üçün qaranlıq 2015-ci il - Bəs “pendir” nə məsələdir?
24-05-2021, 08:28
“Türkiyə-Venesuela əlaqələrinin qəflətən istiləşməsi, Türkiyənin bu uzaq latınamerikan diyarından pendir almağa başlaması barədə xəbərlər məni təəccübləndirmişdi. Əlbəttə ki, yaxın və uzaqlığına baxmadan bütün ölkələrlə siyasi, iqtisadi, ticarət əlaqələrinin qurulması və inkişafı normaldır, burada qeyri-adi heç nə yoxdur. Həmin ölkənin "erməni soyqırımı"nı tanıması və paytaxtında buna həsr olunmuş heykəl ucaltması da problem deyil, dəfələrlə vurğuladığım kimi, Türkiyə də daxil olmaqla, dövlətlər beynəlxalq münasibətlərdə praqmatik yanaşmadan çıxış edir, belə məsələlərdən kədərlənən və qəzəblənənlər bizlər kimi çox şeydən xəbərsiz olan məzlum kütlələrdir”.
PİA.az-ın xəbərinə görə, bunu politoloq Şahin Cəfərli deyib.
“Məsələ burasındadır ki, Türkiyə özü pendir istehsalçısı (193 növ) və ixracatçısıdır. Son rəsmi rəqəmlər 2019-cu ilə aiddir, Türkiyə həmin il 671 min ton pendir istehsal edib, bunun 50 min tonu ixraca gedib. Bununla yanaşı, Avropada (Fransa, Niderland) bəzi xüsusi, bahalı pendir növləri var ki, Türkiyə özəl sektoru bunları idxal edir və dar kateqoriyadan olan, alıcılıq qabiliyyəti yüksək müştərilərə (zəngin fərdlər, beşulduzlu otellər və s.) çatdırır. Məsələn, 2019-cu ildə Türkiyənin 6,9 min ton pendir idxalatı olub.
Hamıya aydındır ki, xalqını acından qıran, milyonlarla insanı vətənindən didərgin salan iyrənc Maduro rejiminin yeganə rəqabətədavamlı məhsulu yerin altından çıxan neftdir. Lap tutaq ki, yaxşı pendir də düzəldirlər. 10,5 min km uzaqdan həmin pendiri gətirməyin daşınma xərcləri (bunun üçün soyuduculu nəqliyyat tələb olunur) xeyli yüksək olar və bu da öz növbəsində malın daxili bazardakı yekun qiymətinə ciddi təsir edər. Buna nə ehtiyac?..
Bəs, “pendir” nə məsələdir?
Sedat Pekerin bugünkü videosunda "pendir"in nə olduğuna aydınlıq gətirilir. Gerisini yazmıram, çünki kələfin ucunun haralara getdiyini yəqin təxmin edirsiz... Türkiyə köklü siyasi dəyişikliyə hamilədir. Mötəbər "Metropoll" sosioloji tədqiqat şirkətinin aprel sorğusuna görə Ərdoğan prezident seçkilərinin ilk turunda Mansur Yavaşa və Əkrəm İmamoğluna (bu şəxslər müxalifətin vahid namizədi olarsa) açıq fərqlə uduzur. Arzu edək ki, dəyişiklik qansız-qadasız, 2015-ci ilin 2 seçkisi arasındakı şübhəli hadisələr təkrarlanmadan gerçəkləşsin”, deyə Ş.Cəfərli qeyd edib.