Əfqanıstan qızılbaşlarının Qarabağ müraciəti VİDEO

29-05-2021, 09:02           
Əfqanıstan qızılbaşlarının Qarabağ müraciəti VİDEO
Dünya qızılbaşlarını birləşdirmək missiyasını üzərinə götürmüş beynəlxalq Qizilbash Unity platformasının Kabil nümayəndəsi, Əfqanıstan Qızılbaşlarının Həmrəylik Şurasının idarə heyətinin üzvü Mustafa Fəqih bəy ölkəsindəki yüz minlərlə qızılbaşın səsi olaraq Azərbaycana müraciət etdi.

Mustafa Fəqihi Afşar Kabilin İstiqlal Universitetinin mühazirəçisi, eyni zamanda bir qızılbaş vətənpərvəridir. İllərdir Əfqanıstandakı soydaşlarımızı təşkilatlandırmaq, onların haqlarını qorumaq, səsini eşitdirmək üçün heç bir kənar dəstək olmadan, bir qızılbaş sevdalısı olaraq fəaliyyət göstərməkdədir. Bəs kimdir bu qızılbaşlar və Əfqanıstana necə gedib çıxıblar?

1738-ci ildə Nadir Şah Afşar Dövlət-i Qızılbaşın (Səfəvi) ərazi bütünlüyünü bərpa etmək üçün qarışıqlıq dövründə üsyanlar səbəbi ilə əldən çıxmış torpaqlara yürüşə başlayır. Nadir Şah Afşar Qəndəharı fəth edir, ancaq, üsyançı quldurlar fürsət düşdükcə basqınlar edərək sərhədlərimizi pozur, qoşun gəldikdə isə Hindistandakı o zamankı Moğul dövlətinə qaçıb sığınırlar. Bu halların qarşısını almaq üçün Nadir Şah Afşar dövlət ərkanına yaraşacaq şəkildə Moğul sarayına elçi göndərir, quldurları təslim etməyi tələb edir. Tələbinə məhəl qoyulmadığını gördükdə isə, necə deyərlər, özünü daha yaxşı ifadə edə bilmək üçün qoşununu da alıb Hindistana yürüyür və Dehlini fəth edir, Moğul padşahı Məhəmməd Şaha rəhm edərək onu taxtına əyləşdirir, ancaq xətalarının təzminatı olaraq Sind, Pəncab, Kəşmir ərazilərini birbaşa öz dövlətinə qatır, qalan Hindistan isə Nadir Şahın dövlətinin vassalı olur. Bizim Əfqanıstandakı soydaşlarımız da həmin qutlu yürüş zamanı Nadir Şahın əfqan və hind ölkələrinin arasında strateji keçidləri qorumaq üçün köçürdüyü on iki minlik ordu korpusunun soyundan gəlir. Daha sonra qızılbaşların sərkərdəlik və idarəçilik bacarıqlarına görə əfqan hakimləri də minlərlə soydaşımızı ölkələrinə dəvət edirlər və beləcə iki yüz ilə yayılan bürokratiyadakı qızılbaş əsri başlayır.

«Qızılbaşlar, Azərbaycan türklərinin soyundan olan Əfqanıstandakı şiə etnoslardan biridir. Onlar, Əfqanıstanın müxtəlif vilayətlərində, o cümlədən Kabulda Çandavul, Muradxani, Afşar Nənəkçi, Darulaman, Vəzirabad, Təymani, Qala-i-Əlimərdan, Qala-i-Fətullah, Kuloləpuştə və Çarqala-i-Vəzirabad ətraflarında yaşayırlar.» – deyə Mustafa Fəqihi bəy qeyd eləyir. Həqiqətdə Əfqanıstanın içində adacıqlar halında “Kiçik Qarabağlar”, “Kiçik Təbrizlər”, “Kiçik Urmiyalar, “Kiçik Gəncələr” var ki, onlar Böyük Azərbaycanın əsrlərdən keçib gələn sorağıdır. Mustafa Fəqihi bəy müraciətində «Dövlət-i Qızılbaşı quran türk boyları bunlardır: Afşar, Şamlı, Bayat, Ustaclı, Təkəli, Zülqədər, Rumlu, Qacar, Varsaq və Qarabağ sufiləri. Onların əksəriyyəti Əfqanıstanda da hələ yaşayır.» – deyir.

Əfqanıstandakı soydaşlarımız üç əsrdir oranın şəhərli və kübar çevrələrinin bir hissəsi olduqlarına, Azərbaycanla gediş-gəlişin itdiyinə görə bu gün farsca danışırlar, ancaq hamısı öz ana dilini öyrənib bərpa etmək arzusundadır. Onlar hər il bir neçə tələbələrinin Azərbaycanda təhsil almasını, Əfqanıstanda Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasını, dərs vəsaitlərinin göndərilməsini istəyirlər. Bu məsələnin tezliklə həll edilməsinə ümid edirik, çünki bunun üçün dövlətlərarası zəmin artıq var. Belə ki, 2014-cü ildə Prezident İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşündə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Cənab Mustafa Fəqihi müraciətində Azərbaycanlı iş adamlarını Əfqanıstana investisiya yatırmağa dəvət edib. Əfqanıstan təbii sərvətləri ilə olduğu kimi, gənc iqtisadiyyatı ilə də cəlbedici ölkədir. Kənd təsərrüfatı, mədənçilik, enerji, nəqliyyat və logistika, otelçilik və tikinti materialları potensial gəlirli sektorlardır.

Mustafa Fəqihi bir qızılbaş, afşar olaraq ölkəsindəki yüz minlərlə soydaşımızın adından Qarabağ həsrətini də dilə gətirir. Onun sözlərini olduğu kimi sizə çatdırıram:

«Əfqanıstan, xüsusən də qızılbaşlar adından Azərbaycanın Qarabağdakı zəfərini təbrik edirəm. Qarabağın və xüsusən də Şuşa şəhərinin azad edilməsi, bizi, Azərbaycan sakinlərindən az sevindirmədi, çünki bura bizim birbaşa ata yurdumuzdur və Şuşa şəhəri cavanşir tayfasından olan qızılbaşlar tərəfindən tikilmişdir. Əcdadlarımızın vətənini ziyarət etməkdən məmnun olardıq. Ürəyimiz Azərbaycanladır. Yaşasın Əfqanıstan və Azərbaycan qardaşlığı!»

İmza: Qizilbash Unity, Elvin Məmmədli
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.