"Azərbaycanda dövlət dilinin adı bərpa edilməlidir" - AMEA-nın əməkdaşı

2-08-2021, 15:48           
"Azərbaycanda dövlət dilinin adı bərpa edilməlidir" - AMEA-nın əməkdaşı
Hər il avqustun 1-i ölkədə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Bu əlamətdar gün mərhum prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Həmin fərmanla ölkədə latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin avqustunda təmin edilib.

Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.

Bu gün dünyada yaşayan 50 milyondan çox azərbaycanlının heç də hamısı latın qrafikalı Azərbaycan əlifbasından istifadə etmir. Güney Azərbaycanda yaşayan 35 milyondan çox soydaşımız hələ də ərəb qrafikalı əlifbadan istifadə edir. Rusiyada yaşayan soydaşlarımız kiril qrafikalı əlifaba ilə yazıb-oxuyur.

AMEA-nın əməkdaşı, fəlsəfə doktoru Faiq Ələkbərli Günaz.TV-yə açıqlamasında bildirib ki, Azərbaycan əlifbası kimi dilimizin də adı bərpa olunmalıdır:

“Bu gün ən azı 50 milyon insan Azərbaycan türkcəsində danışır. Ancaq təxminən onun 10 milyona yaxını bu dildə yazır və təhsil ala bilir. Çünki Azərbaycan Respublikasının özündə belə 10 milyon insanın oxuyub yazmaq hüququna malik olanların müəyyən bir hissəsi rus dilində və başqa dillərdə təhsil alırlar.

Deməli, Sovetlər birliyi dönəmində dilimizin adının dəyişdirilməsi ilə paralel şəkildə rus məktəbləri sürətlə artırılıb. Hesab edirəm ki, dövlət hesabına olan rusdilli məktəblər dərhal bağlanmalıdır. Bir də, Azərbaycan Respublikasının dövlət dilinin adının türk dili adlandırılması bərpa olunmalıdır”.

Faiq Ələkbərli deyib ki, İran adlanan ölkədə türk dilinə basqılar bu gün də davam edir:

“İranda 1925-ci ildən başlayaraq geniş planda aparılan şovinist siyasət nəticəsində on minlərlə türk assimilyasiya olunub. Ümumilikdə türk dilində danışanlar daim təqiblərə, təhqirlərlə məruz qalıb. Bu siyasət bu gün də davam edir. Paniranistlər istər Pəhləvilər, istərsə də molla rejimi dövründə türk dilinə qarşı aqressiv mövqe tutublar. Bunun da əsas səbəbi türk əhalinin, o cümlədən Azərbaycan türklərinin farslaşdırılması olub”.

F.Ələkbərli deyib ki, artıq Güney Azərbaycan türklərinin müstəqil dövlət yaradıb, türk dilini də dövlət dili elan etmələrinin zamanı çoxdan çatıb: “Doğrudur, bu gün İranda fars dili qədər türk dilinin də dövlət dili olması məntiqli olardı.

Yəni, Azərbaycanın güneyindəki orta məktəblərdə də fars deyil, türk dilinin keçirilməsi təbii haqqımızdır. Üstəlik, molla rejimi bu addımları atmaq əvəzinə, yalnız hansısa universitetlərin tərkibində türk dilini xarici bir dil kimi tanıtdırmağa çalışır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.