Türkiyə yanğınlarında terror və iqtisadi müharibə izləri – Rəylər fərqlidir

10-08-2021, 15:09           
Türkiyə yanğınlarında terror və iqtisadi müharibə izləri –
Toğrul İsmayıl: “İki məqsəd güdülə bilər: Türkiyə iqtisadiyyatına, xüsusilə turizm sektoruna zərbə vurmaq və ölkənin cənub-şərq sakinləri arasında narazılıq yaratmaq”

Engin Özer: “Bu gün əsas sual odur ki, niyə alovun öhdəsindən vaxtında gələ bilmədik”

Vüqar Bayramov: “Yanğınların mənfi nəticələrinə baxmayaraq, Türkiyə iqtisadi ziyanı qısa müddətdə aradan qaldıra biləcək”

Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin Beynəlxalq əlaqələr və siyasət elmləri bölməsinin müdiri, azərbaycanlı politoloq, professor Toğrul İsmayıl Türkiyədəki meşə yanğınları ilə bağlı Rusiya mediasına maraqlı açıqlama verib. Deyib ki, yanğınların məhz turistik ərazilərə yayılaraq, belə ağrılı nəticələrə səbəb olması təsadüfi deyil.

Analitikin fikrincə, baş verənlər daha çox yanğının qəsdən törədildiyi versiyasını önə çıxarır: “Təbii fəlakət ölkə tarixində hələ bu həddə çatmamışdı”.

Toğrul İsmayıl: Milli Məclisin buraxılması qərarı Azərbaycandakı islahatlar fonunda düşünülmüş addımdır

“Təbii ki, səlahiyyətlilər təmkinlə bu barədə danışmağa davam edir və hər hansı bir təxribat olmaması üçün hərtərəfli araşdırma aparırlar. Bəs yanğın törədənlərin məqsədi nədir? İlk növbədə Türkiyə iqtisadiyyatına, xüsusilə turizm sektoruna zərbə vurmaq. İkincisi, ölkənin cənub-şərq sakinləri arasında narazılıq yaratmaq - turizm yerlərində ən çox bu bölgədən olan insanlar işləyirlər”, - deyə T.İsmayıl bildirib.

Onun fikrincə, təcavüzkarlar belə addımlarla cəmiyyəti parçalayacaqlarını hədəfləyə bilərlər: “Amma bu, onlar üçün o qədər də uğurlu olmayacaq: Türkiyə cəmiyyəti kürdlərlə PKK üzvləri arasındakı fərqi yaxşı bilir”.

Sözünün yekununda professor Türkiyənin yanğınların qarşısının alınmasında dəstəyinə görə Rusiya tərəfinə minnətdar olduğuna diqqət çəkib: “Bu, xüsusi əhəmiyyət kəsb edir, çünki heç NATO müttəfiqlərindən bu cür fəal dəstək olmadı”.

Lakin türkiyəli politoloq, Ankara-Moskva ekspert şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer AYNA-ya şərhində məsələyə fərqli yanaşıb. Qeyd edib ki, baş verənlər hələ araşdırılır və indidən bu barədə konkret bir şey söyləmək tezdir.

“Nədənsə, Türkiyə qanunlarına uyğun olaraq yanğınların şərtləri ilə bağlı araşdırma aparılsa da, bəzi kürd təşkilatlarını ittiham edən Toğrul İsmayıl daha çox prokuror kimi çıxış edir. Ancaq buna baxmayaraq, ifadənin müəllifi, baş verənlərin qeyri-adekvat, hüquqi cəhətdən əsassız şəxsi versiyaları ilə çıxış edir. İqtisadi zonalar və s. haqqında danışır”, - deyə o bildirib.

“Ona bir sual vermək istəyirəm: Türkiyədəki meşələr daha çox haradadır? Orta Anatoliyada meşə yoxdur, səhra iqlimi var. Qara dəniz sahili ölkənin cənubundakı qədər quru və isti deyil. Meşələr indi hərarətin qırx dərəcəni aşdığı yerlərdə yerləşir, eyni zamanda yanğınlar Yunanıstan ərazisini - Krit, Rodos və s. bürüyüb. Aralıq dənizində meşələr isti şəraitdə tez-tez yanırdı”, - Özer vurğulayıb.

Onun sözlərinə görə, burada ən asan şey hökuməti müdafiə etmək üçün baş verənlərdə bəzi terror təşkilatlarını, Qərbin təsirini, agentlərini və s. Günahlandırmaqdır: “Kim yandırdı – bunun araşdırılması istintaqın və prokurorluğun işidir. Araşdırmadan sonra bunu müzakirə edəcəyik. Ancaq məlumdur ki, Aralıq dənizinin hər yerində yanğınlar var. Hər il bu problem müəyyən dərəcədə Türkiyədə ortaya çıxır”.

Həmsöhbətimizin fikrincə, bu gün əsas sual “niyə alovun öhdəsindən vaxtında gələ bilmədik?” məsələsinə bağlıdır: “Cavabım odur ki, yanğınları söndürmək üçün kifayət qədər təyyarəmiz yoxdur. Türkiyədə bunlardan yalnız ikisi var, məsələn, İspaniyada 74-ə qədər. Belə yanğın vəziyyətində ölkəmizdə ən az 20-30 yanğınsöndürən təyyarəsi olmalıdır. Yanğınların söndürülməsinə xaricdən - Azərbaycan, İspaniya, Ukrayna və digər ölkələrdən təyyarələr cəlb edilib, ancaq özlərinə məxsus cəmi iki təyyarə var. Bundan əlavə, hökumət qeyri-mütəşəkkil hərəkət etdi, yerli səlahiyyətlilərlə lazımi koordinasiya yox idi. Düşünürəm ki, bu gün müzakirə edilməli olan budur. PKK-ya gəlincə, bununla prokurorluq məşğul olacaq”.

Bu arada, Türkiyə mətbuatının məlumatına görə, ilkin hesablamalar yanğınların Türkiyə iqtisadiyyatına 300 milyard lirə (34,8 milyard dollar) ziyan vurduğunu ortaya çıxarıb. Bunu AYNA-ya dəyərləndirən Azərbaycan Milli Məclisinin üzvü, iqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, rəsmi ekspert qiymətləndirmələri nəticəsində daha konkret rəqəm məlum olacaq.

İqtisadçı Vüqar Bayramov 71% səs çoxluğu ilə qalib gəldi, seçicilərə müraciət etdi

“Hər halda, yanğınlar Türkiyənin valyuta ehtiyatlarının yarısını aşaraq ciddi ziyan vurdu. Təbii ki, qardaş ölkə bu ziyanı ödəməyi və sınağa tab gətirməyi bacarır. Pandemiyanın təsirinə baxmayaraq, Türkiyə bu ili müsbət dinamika ilə başlamışdı. Bu ilin ilk beş ayında sənaye istehsalı indeksi illik hesablamada 40,7%, aylıq isə 1,3% artmışdı. Ümumi daxili məhsul bu ilin ilk yarısında rekord artdı - 7%. Eyni dövrdə informasiya və rabitə sektoru 18,1% artdı - Türkiyə iqtisadiyyatında ən yüksək artım. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq 7,5% artdı”, - deyə deputat bildirib.

Bayramov Türkiyənin iqtisadi artım nisbətlərinin bu il olduqca yüksək olduğunu söyləyib: “Yanğınların mənfi nəticələrinə baxmayaraq, Türkiyə iqtisadi ziyanı qısa müddətdə aradan qaldıra biləcək”.

Müəllif: Tanya Samsonova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.