SOS: Əfqanıstanda 16 min azərbaycanlının həyatı təhlükədədir: - “Kömək istəyirlər”

16-08-2021, 20:32           
SOS: Əfqanıstanda 16 min azərbaycanlının həyatı təhlükədədir:
Əfqanıstanın Taliban tərəfindən ələ keçirilən üçüncü böyük Herat şəhərində təxminən 16 min etnik azərbaycanlı yaşayır.

Bu haqda informasiyanı Əfqanıstandakı Azərbaycan diasporunun nümayəndəsi Fərid Şabanpur “Sputnik Azərbaycan”a açıqlamasında deyib.

O bildirib ki, onlardan 500-ü keçmiş yerli məmurlardır:

“Bu baxımdan ailə üzvlərinin həyatı xüsusilə təhlükədədir”.

Diaspor nümayəndəsi Azərbaycandan xahiş edir ki, Əfqanıstanda vəziyyət sabitləşənə qədər bu insanları bir müddət bu ölkədən çıxarsın.

"Üç gün əvvəl Taliban Herata girdi. Etnik azlıqların orada necə və hansı şəraitdə yaşadığından danışmaq çox çətindir. “Qoy türklər Türkiyəyə, azərbaycanlılar Azərbaycana, taciklər isə Tacikistana getsin”. Taliban belə deyir. Onların fikrincə, Əfqanıstan yalnız əfqanlar və puştunlar üçündür. İki ay əvvəl Taliban zadəganlarımızın evlərinə soxuldu. Yerə uzadaraq onları dindirməyə başladılar”, deyə Şabanpur əlavə edib.

“Bütün azərbaycanlıların və türklərin adları xüsusi siyahılara daxil edilib”. Azərbaycan diasporunun nümayəndəsi deyir ki, indi onların həyatı böyük təhlükə altındadır.

Onun sözlərinə görə, dörd gündür hər kəs blokadadadır, işləmək imkanı yoxdur. Şabanpur özü Azərbaycandan olan dostlarından kömək istəyib:

“Təəssüf ki, Kabildə Azərbaycan səfirliyi işləmir. Ona görə də Azərbaycana getmək mümkün deyil. Türkiyə bu günlərdə Əfqanıstan vətəndaşlarına viza vermir, çünki bir çox insan onun ərazisinə getmək istəyir. Belə çətin günlərdə Əfqanıstan azərbaycanlıları Azərbaycandan etnik azərbaycanlıların müdafiəsi üçün ayağa qalxmasını və onları tarixi vətənlərinə aparmalarını xahiş edirlər. Kömək istəyəcək başqa heç kimimiz yoxdur”, deyə Şabanpur fikirlərini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.