ŞAH İSMAYIL SƏFƏVİ VƏ TUR ƏLİ BƏY MALKOÇOĞLU

26-08-2021, 12:41           
ŞAH İSMAYIL SƏFƏVİ VƏ TUR ƏLİ BƏY MALKOÇOĞLU
1514-cü il avqustun 23-də Azərbaycanın Maku şəhəri yaxınlığındakı Çaldıran düzündə Səfəvi ordusu ilə Osmanlı ordusu arasında həlledici döyüşlərdən biri baş vermişdir. Osmanlı mənbələrinə görə, Sultan Səlimin ordusunun sayı 100.000, qızılbaşların sayı isə 40.000 nəfər idi. Səfəvi mənbələrinə əsasən, Şah İsmayılın döyüşçülərinin sayı 20.000 nəfərdən artıq deyildi.

Türkiyə tarixçisi Riza Yıldırımın («Turkomans between Two Empires», s. 581) əsərindən: “(Qızılbaşların sayı) 20.000 nəfər olsa da, onların hər biri savaşda on döyüşçüyə bərabər idi”.

Döyüş qızılbaşların şiddətli həmlələri ilə başlanmış, üstünlük uzun müddət Səfəvi cəngavərlərinin (o dövrdə Səfəvi süvariləri cəngavər adlandırılırdı) tərəfində olmuşdur. Vəziyyətin hədsiz dərəcədə ağır olduğunu görən Sultan Səlim savaş meydanına özünün xüsusi təyinatlılarını – yeniçəriləri göndərdi. Lakin şanlı yeniçəri döyüşçüləri də qızılbaş bahadırlarının qılınc və nizə zərbələri altına düşdülər. Dəhşətli bir qırğın başlandı.

Venesiyalı müəllif Giovanni Maria Angiolello (1452–1525) döyüşü belə təsvir edir (Roger Savory: “İran under the Safavids”, s. 34): «Adamlarının tələf olduğunu görən Sultan Səlim geri çəkilməyə başladı. O, döyüş meydanından qaçmağa hazırlaşdı. Lakin bu kritik anda Sinan paşa özünü yetirərək əmr etdi ki, topları irəli çəkib bir-birinə qarışmış döyüşçülərə – həm yeniçərilərə, həm də qızılbaşlara atəş açsınlar. Topların – bu cəhənnəm maşınlarının gurultusunu heç vaxt eşitməmiş atlar qorxuya düşüb qaçmağa başladılar. Qızılbaş süvariləri nə qədər çalışsalar da vahimələnmiş heyvanları ram edə bilmədilər. İddia edirlər ki, əgər topların atları dəhşətə gətirən atəşi olmasaydı, şübhəsiz ki, qızılbaş süvariləri bütün ordunu məğlub edib qılıncdan keçirəcəkdilər”.


Şah İsmayıl Səfəvi bu döyüşdə şəxsən iştirak etmişdi. O, savaş meydanında osmanlıların ən qüvvətli pəhləvanlarından olan Tur Əlı bəy Malkoçoğlu ilə qarşılaşmışdı. Şah bir qılınc zərbəsi ilə Tur Əli bəyi, faktiki olaraq, iki hissəyə bölmüşdü. Tur Əlı bəyin qardaşı, cəsur və güclü döyüşçü Əli bəy Malkoçoğlu da bu savaşda həlak oldu. Maraqlıdır ki, onların atası Balı bəy Malkoçoğlunun 1510-cu, 1513-cü və ya 1514-cü ildə öldüyü ehtimal edilir.

İsgəndər bəy Münşi (1560–1634) yazır (“Dünyanı bəzəyən Abbasın tarixi”, s. 107): «Rumun adlı-sanlı dilavərlərindən və öz dövrünün şücaətli şəxslərindən olan Malkoçoğlu Rum çərxçilərindən (döyüşə ilk göndərilən dəstənin üzvü) idi. Malkoçoğlu həmişə rumlu komandirlər arasında özünü tərifləyərək deyirdi: Qarşı tərəfdə şahdan başqa elə bir kimsə yoxdur ki, mənimlə cəng edə bilsin. O, Süleyman şanlı xaqanla vuruşmaq məqsədilə Rum şücaətlilərinin arasından çıxıb o Həzrəti döyüşə çağırdı. Əmirlərin narazılığına baxmayaraq o Həzrət atını irəli sürdü, özünün zülfüqar nisbətli heydəri qılıncını qınından sıyırıb elə bir qəzəblə həmlə etdi ki, Malkoçoğlu bu şahanə hücumdan sarsıldı və hərəkət etməyə macal tapmadı. Cəsarət meşəsinin aslanı öz heydəri qolunun gücü ilə elə bir zərbə endirdi ki, onun həm polad dəbilqəsi, həm də zirehli geyimi ikiyə bölündü. Hər iki ləşkərdən qışqırtı qopdu, yuxarı aləmin mələkləri o ələ və qola – afərin – dedilər”.

Malkoçoğlu nəslinin əsasını XIV əsrdə yaşamış, serblərin Malkoviç nəslindən olan, İslam dinini qəbul edərək türklərin tərəfinə keçmiş Malkoç bəy qoymuşdur. Malkoçoğulları Osmanlı imperiyasının apardığı, demək olar ki, bütün müharibələrdə iştirak etmişdilər. 1389-cu il iyunun 15-də türklərlə serblər arasında baş vermiş Kosovo döyüşündə türk ordusunun sol cinahının komandiri serb Malkoç bəy idi. Bu savaşda o, böyük qəhrəmanlıq göstərmişdi. Malkoç bəyin oğlu Mustafa bəy də Kosovo savaşında fərqlənib serblərə ağır zərbələr vurmuşdu. Mustafa bəy Malkoçoğlu 1400-cü ildə Osmanlı ilə Əmir Teymur arasında müharibədə öldürülmüşdü.



Ayşegül Kılıcın (“Malkoçoğlu Balı bəy və məzarı haqqında”, s. 4) məlumatına görə, Mustafa bəyin Balı bəy, Murad bəy, Mehmed bəy və Yəhya paşa adlı dörd oğlu olmuşdur. Şah İsmayılla təkbətək döyüşü uduzmuş Tur Əli bəyin atası Balı bəy həmin Yəhya paşanın övladı idi. Bu nəsildən olan digər Balı bəy Malkoçoğlu Yəhyapaşzadənin (1495–1555) obrazını “Malkoçoğlu” serialında tanınmış türk aktyoru Cüneyt Arkın, “Möhtəşəm yüz il” serialında isə Burak Özçivit canlandırmışlar.

Bunu da qeyd etməyi vacib bilirik ki, həm yeniçərilər, həm də Osmanlı ordusunun akınçıları (həmlə dəstələrinin döyüşçüləri) özünün şəxsi keyfiyyətlərinə – sərkərdəlik məharətinə, igidlik və cəsarətinə görə Şah İsmayıl Səfəviyə rəğbət bəsləyirdilər.

Ardı var…

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
fedai.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.