Lirə “qiymətə minəcək”: Ancaq bunun üçün gözləmək lazımdır

27-11-2021, 07:10           
Lirə “qiymətə minəcək”:
Türkiyə iqtisadiyyatında müşahidə olunan proseslər ciddi narahatlıq doğurur.

Ölkənin milli valyutası son günlər ərzində kəskin dəyər itirməyə başlayıb. Bu istiqamətdə son iki gündə bir qədər sabitlik nəzərə çarpsa da, mövcud problemin tam olaraq öz həllini tapması üçün zamana ehtiyac var.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyəyə 10 milyard ABŞ dolları investisiya ayırıb. Bunu Ankarada keçirilən mətbuat konfransında Əbu-Dabi Dövlət İnvestisiya Fondunun sədri Məhəmməd Həsən əl-Suveydi bildirib.

Xatırladaq ki, BƏƏ Dövlət İnvestisiya Fondu, Türkiyə Rifah Fondu və Türkiyə Prezident Administrasiyası yanında İnvestisiya İdarəsi arasında əməkdaşlığa dair sənədlər imzalanıb. Ekspertlər ayrılan investisiyanı Türkiyə iqtisadiyyatının indiki böhranlı vəziyyətində müsbət addım kimi dəyərləndirirlər.

Türkiyənin mövcud problemi hansı istiqamətdə həllini tapacaq və burada Azərbaycanın rolu nə ola bilər?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, Azərbaycanın hazırda bu məsələdə roluna gəldikdə, hansısa bir mexanizmlə bağlı elə bir xüsusi çəkimiz yoxdur:

"Yaxud ölkəmizin ticarət dövriyyəsinin həcmi elə də güclü deyil ki, stimullaşdırıcı addım atsın. Ancaq hazırda müxtəlif yollarla imkan daxilində Azərbaycan tərəfindən təsiredici alətlərdən istifadə edilir. Ancaq ilk növbədə Türkiyə daxili maliyyə alətlərindən istifadə etməklə mövcud problemi səngidə bilər. Nəzərə alsaq ki, BƏƏ-nin əslində yardım statuslu bir dəstəyi oldu. Çünki dəyərləndirsək görərik ki, ayrılan kapitalın statusu və şərtləri elə yardım əsasındadır. Əlbəttə ki, bu, öz müsbət reaksiyasını verəcək. İlin sonunadək bu təzyiq qalacaq. Ancaq növbəti ildə institusional səviyyədə maliyyə alətlərini hərəkətə gətirməklə düşünürəm ki, qardaş Türkiyə iqtisadiyyatı, o cümlədən lirəyə olan təzyiq aradan qaldırılacaq. Yaranmış vəziyyəti də məhz institusional səviyyədə alətlərdən istifadə edərək öz xeyrinə yönəldə də bilər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.