Rusiya Türkiyəyə bir ay vaxt qoydu

30-03-2016, 12:54           
Rusiya Türkiyəyə bir ay vaxt qoydu
Rusiya türk məhsulları üçün embarqonun genişləndirilməsini istisna etmir. ANS PRESS-in məlumatına görə, Rusiyanın “Rosselxoznadzor” Xidmətinin rəhbəri Sergey Dankvert deyir ki, Türkiyədən gələn bütün bitkiçilik məhsullarının tədarükünə bir ay ərzində məhdudiyyət tətbiq edilə bilər. "Əgər Türkiyə tərəfi ilə dialoqumuz alınmazsa, biz onların bütün məhsullarına tamamilə qadağa qoyacağıq", - deyə o əlavə edib.

Onun sözlərinə görə, əvvəllər Türkiyə tərəfinin nümayəndələri yaranan fikir ayrılıqlarına görə danışıqlar üçün tez-tez Rusiyaya gəlirdilər, xüsusən, söhbət türk məhsullarına qadağa qoyulmaqdan gedirdisə. "Amma indi onlar sadəcə məktub göndərirlər. Amma bazar bizimdir və onlar bizi razı sala bilmirlər".

Rəhbər həmçinin əlavə edib ki, hazırda bəzi məhsulların bir hissəsinə artıq embarqo qoyulub. Bundan sonra da aşkarlanan digər hissələrə də qadağa qoyula bilər. Sergey Dankertin sözlərinə görə, ya Türkiyə tərəfi danışıqlar üçün Rusiyaya gəlməlidirlər, ya da bir ay müddətinə oradan gətirilən bütün bitkiçilik məhsullarına qadağa qoyulacaq.

Türkiyədən Rusiyaya bitki və digər məhsulların ixracına 2016-cı ilin yanvarın 1-dən qadağa qoyulub. Siyahıda xüsusilə pomidor və portağal kimi mhsulların adları var. Bu addım iki ölkə arasında hərbi təyyarə insidentindən sonra atılıb. İki ölkə arasında münasibətlərin kəskinləşməsinə səbəb isə ötən ilin noyabr ayında Türkiyənin Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsini vurması olub. Türkiyə tərəfi təyyarənin hava məkanını pozduğunu bildirib.

Bir müddət əvvəl Rusiya Federasiyasının “Rosselxoznadzor”u Ermənistandan və Azərbaycandan gələn meyvə-tərəvəzlərin artmasına görə narahatlıq hissi keçirdiyini bildirib. Adı çəkilən idarə Rusiyada Azərbaycan səfirliyinin ticarət məsələləri üzrə məsləhətçisi Şövqi Mehdizadə və Ermənistanın ticarət üzrə nümayəndəsi Karen Asoyanla telekonfrans da keçirərək, izahat istəyib.

Rusiya idarəsinin nümayəndələri Ermənistandan gətirilən kələmin və başqa tərəvəzlərin çatdırılmasının 8 qat, almanın isə 4 qat artımına, Azərbaycandan gətirilən pomidorun isə 5 qat artımına diqqəti yönəldiblər. Onlar həmin məhsulların Türkiyədən idxal olunmasından şübhələndiyini bildiriblər.

Xidmətinin rəisi Camal Quliyev bildirib ki, Rusiyaya ixrac olunan məhsulların hamısı Azərbaycan mənşəlidir. "Düzdür, Türkiyədən də ölkəmizə pomidor gətirilir. Statistikaya nəzər salsaq, görərik ki, Türkiyədən Azərbaycana ötən ilin dekabrında 23,6 ton, bu ilin yanvarında isə 127,9 ton pomidor gətirilib", - deyə qurum rəsmisi qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.