Türkiyə ilə bağlı ŞOK PROQNOZ: Putin nüvə silahına əl ata bilər
30-03-2016, 23:32
Tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenhauer Polşanın “Do Rzeczy” nəşrinə müsahibəsində bildirib ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə potensial hərbi münaqişə zamanı nüvə silahına əl ata bilər. Virtualaz.org xəbər verir ki, hərbi ekspert Putinin hərbi qüvvələri Suriyadan çıxarmaq barədə bəyanatının əlsində manevr olduğunu deyib. Onun bildirdiyinə görə, heç bir çəkilmədən söhbət getmir və Rusiyanın ağır texnikası, xüsusi təyinatlıları Suriyada qalmaqdadır. Üstəlik yeni qüvvələrin daşındığı haqda məlumatlar var.
Ekspert Rusiyanın Suriya-Türkiyə sərhədindən başlaya biləcək potensial müharibə zamanı nüvə silahına əl atması ehtimalının yüksək olduğu haqda danışıb. “Mən bu haqda Moskvada da demişəm, Vaşinqtonda da, Brüsseldə də. Görüşlərimdə, müsahibələrimdə, məqalələrimdə bu haqda danışıram. Mənim məqsədim çəkindirməkdir, çünki doğrudan da qorxulu vəziyyətdir. Təhlükə realdır. Bu, o demək deyil ki, müharibənin başlaması qaçılmazdır. Lakin müharibə ötən onilliklərdə olduğundan daha realdır. İstisna deyil ki, bu, nüvə müharibəsi olacaq”-Pavel Felqenhauer deyib.
Ekspert hazırda Rusiya ilə Türkiyə arasında münasibətlərin çox gərgin olduğunu xatırladıb. Onun fikrincə, əgər türklər daha bir təyyarəni vursalar və ya Rusiya gəmisini batırsalar, Moskva hökmən cavab verəcək. O zaman Ankara da daha irimiqyaslı hücum həyata keçirə, münaqişə Aralıq dənizinə, Qara dənizə, Qafqaza yayıla bilər.
“Yer kürəsinin həmin hissəsində Türkiyə ilə müharibə apara bilmək üçün Rusiyanın kifayət qədər konvensial qüvvələri mövcud deyil. Hər iki tərəfdən itkilər artmağa başlayanda Putin orta mənzilli nüvə raketi tətbiq edəcək. O, Sibirdəki şaxtalardan böyük raketlər buraxmayacaq. Nümayiş etdirəcək ki, Amerikaya hücum etməyə hazırlaşmır, ancaq Türkiyədəki bir neçə hədəfi məhv etmək istəyir. Putin özü Rusiya qanadlı raketləri barədə danışarkən dolayısı ilə bu haqda bəhs edib. O, qanadlı raketlərlə nüvə başlıqlarının daşına biləcəyini deyib. Belə raketlər Türkiyədə bir neçə hədəfə tuşlana bilər”-Felqenhauer deyib.
Ekspertin fikrincə Rusiyanın uzun müddət konvensial müharibə aparmaq imkanları məhduddur. Total nüvə müharibəsində isə qalib ola bilməz. Ona görə də əgər nüvə silahından istifadə edilsə hücum iki-üç hədəflə məhdudlaşacaq. Bununla da Rusiya nümayiş etdirəcək ki, NATO üzvü olan ölkəyə qarşı bu cür silahdan istifadədə tərəddüd etmək fikrində deyil.
Felqenhauer deyib ki, Türkiyə ərazisində NATO-nun nüvə başlıqları var və əgər Rusiya bu ölkəyə qarşı nüvə silahı tətbiq etsə adekvat cavab alacaq. Moskva da bunu cavabsız qoymayacaq. “Belə vəziyyətdə Rusiya və Avropa özünü necə aparacaq-artıq ritorik sualdır”-o əlavə edib.