Bakıda PKK-ya aid kitabı kim çap edib, kim yayır?

31-03-2016, 17:51           
Bakıda PKK-ya aid kitabı kim çap edib, kim yayır?
Bakıda PKK lideri Abdullah Öcalana həsr olunan kitab satılması haqqında məlumat yayılıb.

Məlumat ilk olaraq sosial şəbəkədə yayılsa da sonradan bunu bir çox saytların xəbər formasına salması ilə, məsələ ictimaiyyətdə geniş müzakirə obyektinə çevrilib. Belə ki, Müslüm Yücelin “Abdullah Öcalan – Amaradan İmralıya” kitabının fotosu paylaşılaraq, bunun “Əli və Nino” kitab mağazaları şəbəkəsində satıldığı iddia olunub. Kitabda Öcalanın terrorçu kimi deyil, bir qəhrəman kimi təqdim edilməsi bildirilir.

Məsələ ilə bağlı adını çəkdiyimiz mağaza ilə sıx əməkdaşlıq edən “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ilə əlaqə saxladıq. Ş. Xuduoğlu “Yeni Müsavat”a bildirib ki, bu kimi kitabların çap edilməsi və yayılmasını doğru hesab etmir:
“Ümumilikdə kitabların çap edilməsinin tərəfindəyəm. Ancaq elə kitablar var ki, onların yayılmasını, əlbəttə ki, istəmərəm. Qeyd edilən məsələyə gəlincə isə Öcalan minlərlə insanın qanının axmasına səbəb olan bir adamdır. Onun kitabının hər hansı bir formada yayılmasını istəmərəm. O cümlədən mənə də dəfələrlə bu kimi kitabları çap etməyim üçün müraciətlər olub. Misal üçün, Hitlerin “Mənim mübarizəm” kitabı ilə bağlı müraciətlər almışam. Ancaq mən bu kitabı çap etməmişəm. Hesab edirəm ki, insanlara daha çox insani dəyərləri aşılayan kifayət qədər kitablar var ki, onları nəşr edərək yaymaq lazımdır. Nəinki aqressiyanı təbliğ edən, qisasçılığı yayan kitabları... Şəxsən bir daha qeyd edirəm ki, bu cür kitabların yayılmasına tərəfdar deyiləm”.

“Əli və Nino”da bəhs etdiyimiz kitabın satılmasına gəlincə isə Ş.Xuduoğlu aşağıdakıları bildirib:
“Məncə, bu məsələ artıq təkzib olunub. Çünki qeyd etdiyimiz mağazalar şəbəkəsində, ümumiyyətlə, belə bir kitab satılmayıb. Sosial şəbəkələrdə kitabın şəkili paylaşılaraq, mağazanın adı çəkilib. Ancaq hesab edirəm ki, burada qərəzli münasibət var, çünki qeyd etdiyim kimi orada belə bir kitab satılmayıb”.

Onu da qeyd edək ki, Azərbaycan PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımasını elan etməyib. Bu halın, PKK ilə bağlı kitabların ölkədə sərbəst formada satılmasına təsiri barəsində isə “Yeni Müsavat” qəzetinə deputat Aydın Mirzəzadə münasibət bildirib. O söyləyib ki, Azərbaycanda xaricdəki təşkilatların terror təşkilatı kimi tanınması praktikası yoxdur:
“PKK qonşu və dost Türkiyənin ərazi bütövlüyünü şübhə altına alan, orada terror aktı törədən bir siyasi təşkilatdır. Türkiyəyə təhdid göstərən istənilən təşkilat avtomatik şəkildə, hər hansı bir parlament qərarı olmadan Azərbaycana da artıq düşmən təşkilat kimi qəbul edilir. Bəhs edilən kitabın Bakıda satılması informasiyası ilə rastlaşmamışam. Lakin əgər belə bir hal varsa, o zaman bununla Azərbaycanın hüquq-mühafizə orqanları ciddi şəkildə məşğul olmalıdırlar”.

Xatırladaq ki, 2004-cü ildə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Adolf Hitlerin “Mənim mübarizəm” əsərini Azərbaycan dilinə tərcümə edərək, yaydığına görə, onun barəsində cinayət işi açılmışdı. Öcalandan bəhz edən kitabın Bakıda satılması ilə bağlı

Əvəz Zeynallının da fikrini aldıq. O “Yeni Müsavat”a bildirib ki, PKK türk millətinin düşmənidir:
“Bu təşkilatı Türkiyənin dostları və Avropa dövlətləri terror təşkilatı elan edib. Bu, 35 mindən çox türk əsgərini, 30 mindən çox mülki vətəndaşı öldürən qanlı təşkilatdır. Bu baxımdan PKK-nı təbliğ edən ədəbiyyatın yayılmasına fikir olaraq qarşıyam. Doğrusu, həmin ədəbiyyatı oxumamışam. Ancaq bunu mənim tərcümə etdiyim Hitlerin kitabı ilə qarışdırmamaq lazımdır. Hitlerin kitabı tarixi və ideoloji kitabdır. Böyük bir dünya müharibəsinin yaranmasına səbəb olub. Kitabın da tərcüməsi ideoloji məsələdir. PKK-nın təbliği isə başqa məsələdir”.
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.