“Alparslan Çeliki rus pilotunu öldürdüyünə görə tutmayıblar” – Türkiyənin millət vəkili
1-04-2016, 22:53
Atilla Kaya: “Ortada başqa məsələlər var”
Türkiyəli millət vəkili Alparslan Çelikin həbsindən danışdı
Xəbər verdiyimiz kimi, Türkiyə hava sahəsini pozduğu səbəbindən vurulan Rusiya qırıcısının pilotunu öldürdüyü iddia edilən Alparslan Çelik bir qrup dostu ilə gəldiyi İzmirdə həbs edilib. Alparslan Çelik İzmirin Hatay səmtində restoranda yemək yediyi zaman 14 nəfərlə birlikdə saxlanılıb.
A. Çelik 2015-ci il noyabrın 20-də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması zamanı paraşütlə xilas olmağa çalışan pilotu vurması ilə gündəmə gəlmişdi. Çelik Suriya ərazisi hesab edilən Bayır-Bucaq türkmənlərlə birlikdə Bəşər Əsəd rejiminə qarşı savaşan qruplardan birinin komandiri kimi də təqdim edilirdi.
A.Çeliyin İzmirdə 14 nəfər silahdaşı ilə birgə nahar etdiyi haqda məlumat polisə çatdırılıb. Polisə verilən məlumatda iddia edilib ki, Çeliyin də aralarında olduğu 14 nəfər silahlı restoranda əyləşib. Bundan dərhal sonra polis hərəkətə keçib və 14 türkməni həbs edib.
Aparılan araşdırma zamanı saxlanılan 14 nəfərlik qrupdan bir "Kalaşnikov" avtomatı, iki tapança, habelə çoxlu sayda patron götürülüb. Qrup üzvlərinin ifadəsini almaq məqsədilə onlar polis idarəsinə aparılıb.
Rusiya mətbuatında isə bu xəbər Türkiyə ilə Rusiya arasındakı kriz ortamından çıxış üçün atılacaq ilk addım kimi dəyərləndirilib. İddia edilir ki, rus pilotunu öldürdüyünü etiraf edən A.Çelikin həbsi, eləcə də R.T.Ərdoğanın Amerikanın Brookings İnstitutundakı çıxışında “bölgədə yaşanan problemlər ölkələrimiz arasındakı işbirliyini məcbur edir” açıqlaması ölkələr arasındakı münasibətlərin yumşaldığını göstərir.
Bundan başqa, Rusiyanın Ankaradakı eks - səfiri Pyotr Steqninin “Çelikin həbsi doğru yolda atılmış bir addımdır”, - açıqlaması da proseslərin gedişində mühüm detal sayılır.
Bugünkü “Moskovski Komsomolets” qəzeti isə “Türkiyə rus pilotunun qatili Alparslan Çeliki Rusiyaya verəcəkmi”, başlıqlı bir yazı hazırlayıb. Xəbərdə göstərilib ki, mütəxəssislər Türkiyənin münasibətləri düzəltmək uğruna Çeliki fəda edə biləcəyi ehtimalını inandırıcı hesab etmir. Amma belə bir hadisə baş verərsə, bu, ölkələrarası münasibətləri düzəldə bilər.
Demək olar ki, əksər Türkiyə saytlarının xəbərlərində A.Çelik Milliyyətçi Hərəkat Partiyasının da üzvü və vilayət Gənclər Təşkilatının rəhbəri kimi təqdim olunur. Xəbərlərin başlığında isə “MHP-çi həbs olundu” cümlələri xüsusi qabardılır.
Millət vəkili Atilla Kaya
MHP-çi millət vəkili Atilla Kaya isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, partiyanın A.Çeliklə hər hansı münasibəti və təşkilatı bir bağlılığı yoxdur: “O, bizim təlimatımızla hər hansı addım atmır. Özünü tanıyıram. Daha öncə Ülkü Ocaqlarına gedib-gəlib. Amma Türkiyə mediasının onu bu şəkildə təqdim etməsi artıq adət halına çevrilib. Hesab edək ki, bir şəxs cinayət əməli törədib. Zamanında isə MHP-nin üzvü olub. Ondan sonra ANAP-a, daha sonra isə AKP-yə keçib. Amma media onu MHP-li kimi təqdim edir. Bu, medianın arzuedilməz adətlərindən biridir”.
Müsahibimiz dedi ki, A.Çelik və onun dəstəsinin gözaltına alınması səbəbləri isə bəlli deyil. Millət vəkili hazırda bu məsələnin araşdırıldığını vurğuladı: “Hesab edirəm ki, bu həbsin arxasında başqa bir olay var. Çünki dəstə üzvlərinin üzərindən silah tapılıb. Silah daşımaq isə qanunla qadağandır”.
A.Kayanın fikrincə, A.Çeliki rus pilotu öldürməsi ilə bağlı saxlamayblar: “Çünki onun rus pilotu öldürməsi ilə bağlı ortada hər hansı sübut yoxdur. Bu, sadəcə sensasional bir iddiadır”.