Bu gün “Traxtur”un oyununda Təbriz Qarabağa hay verəcək
6-04-2016, 19:11
Bu gün Təbrizin “Traxtur” futbol komandasının oyununda Qarabağda şiddətlənmiş hərbi qarşıdurma ilə əlaqədar şüarlar səsləndiriləcək.
Musavat.com-a daxil olan məlumata görə, Bakı vaxtı ilə saat 18-45-də Təbrizin Səhənd stadionunda Özbəkistanın “Paxtakor” və “Traxtur” futbol komandaları arasında baş tutacaq oyunda çoxlu sayda milli fəallar, millətsevər soydaşlarımız iştirak edəcək. Güneyli soydaşlarımız tərəfindən Qarabağın azadlığı haqda müxtəlif, o cümlədən “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağda şəhid olmaq şərəfdir”, “Ölüm olsun Ermənistana, ölüm olsun faşist erməninin qardaşı fars şovinizminə”, “Biz ölməyə hazırız, Qarabağ əsgəriyiz” kimi şüarlar səsləndirələcəyi bildirilir.
Qeyd edək ki, bu günlərdə Qarabağda yaranmış gərgin vəziyyətlə əlaqədar Güney Azərbaycanda yaşayan çoxlu sayda soydaşlarımız prezident İlham Əliyevə bəyanatla müraciət ünvanlamışdı. Urmu Universitetinin tələbələri və müxtəlif şəhərlərin, o cümlədən Təbriz, Urmiya, Zəngan, Ərdəbil, Muğan, Salmaz, Qoşa Çay, Sulduz, Əhər və digər bölgələrin gənclərinin qoşulduğu bəyanatda soydaşlarımız prezidentdən Azərbaycan milli ordusunda xidmət etmək üçün qəbul edilməsini istəmişdilər.