Rusiya Qarabağa qoşun yeridərsə, Türkiyə nə edəcək?

16-04-2016, 13:22           

Ankara ilə Moskva arasında ötən ilin noyabr ayında Suriya sərhədində Su-24 təyyarəsinin vurulmasından sonra iki ölkə arasında münasibətlər xeyli gərginləşdi. Bundan sonra hamı gözləyiri ki, Türkiyə ilə Rusiya Qarabağ münaqişəsi zonasında üz-üzə gələcək.

ANS PRESS-in məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının nüfuzlu “The Huffingtn Post” yazır.

Rusiya Bakı ilə münasibətləri korlasa bu, Azərbaycan, Gürcüstan və Türkiyə ittifaqının möhkəmlənməsinə təkan verəcək.

Türkiyə ilə Rusiya arasında gərginliyin yaranmasının Ermənistanı çətin vəziyyətə saldığını qeyd edən nəşr bunun səbəbini belə izah edir ki, Ankara - Moskva münasibətlərinin kəskinləşməsi Bakı ilə İrəvan arasında gərginliyin artmasına səbəb olub.

Rusiyanın Azərbaycan və Ermənistanı silahla təchiz etdiyini yazan nəşr Moskvanın indiki vəziyyətdə barışdırıcı kartını işə saldığını qeyd edir.

"Bununla da Rusiya çalışır münaqişə bütün Cənubi Qafqazda tarazlığı pozmasın. Rusiya prezidenti Vladimir Putin daha əvvəl hər iki tərəfi dərhal atəşkəsə riayət etməyə çağırdı. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Rusiyanın təhlükəsizlik çətiri altında olsa da Kreml Bakı ilə münasibətlərdə də balanslı yanaşma nümayiş etdirir", - “The Huffingtn Post” yazır.

Moskvanın özünü Azərbaycan və Ermənistan arasında vasitəçi kimi təqdim etdiyi qeyd olunan məqalədə bildirilir ki, Putin Rusiya sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsini də təklif edə bilər: "Əgər belə olsa bu, Ankaranın narazılığını tamamilə yeni səviyyəyə çıxarardı”.

"The Huffingtn Post” qeyd edir ki, münaqişə ətrafındakı indiki hərbi status-kvo erməni tərəfinə sərf edir. Çünki Ermənistan və erməni diasporu Dağlıq Qarabağı müstəqilliyinin tanınmasına nail olmağa çalışır. Nəşr yazır ki, hərbi qüvvələr nisbəti artıq Azərbaycanın xeyrinə dəyişib. Azərbaycan hazırda həm də ciddi demoqrafik üstünlüyə malikdir, eyni zamanda enerji resurslarından istifadə edərək ordusunu modern silahlarla təchiz edir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur.

Qarabağda fəlakət gətirən müharibə xəbərdarlığı

“1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra tərəflər arasında ən qanlı döyüşlərlə müşaiyət olunan son hərbi əməliyyatlara aparıb çıxaran səbəblərin bəziləri bunlardır. Məlum olduğu kimi münaqişə ərazi mübahisələrindən kənara çıxır, çünki Qafqaz regionunda tarixən bir-biri ilə rəqabət aparmış Rusiya və Türkiyə arasında gərginliyi daha da kəskinləşdirir”, - nəşr qeyd edir.

Nəşr yazır ki, Azərbaycanın Türkiyə ilə gözəl münasibətləri heç də Rusiyanın ürəyincə deyil. Əgər Rusiya Bakı ilə münasibətləri korlasa bu, Azərbaycan, Gürcüstan və Türkiyə ittifaqının möhkəmlənməsinə təkan verəcək. Bu isə Rusiyanın Ermənistan və İranla alyans layihəsinə zidd olardı.

"Əgər Türkiyə Rusiya ilə Qafqazda üz-üzə gəlməli olsa NATO-dakı müttəfiqlərinin ona dəstək verəcəyi ehtimalı azdır. Çünki bu situasiya NATO Nizamnaməsinin 5-ci maddəsinin tətbiqi şərtlərinə uyğun gəlmir. Deməli belə vəziyyətdə münaqişənin həllinin axtarılması yükü Minsk Qrupunun üzərinə düşür", - məqalədə deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.