Türkiyə İraqın 50-60 km dərinliyinə daxil olacaq
26-04-2022, 11:47
![Türkiyə İraqın 50-60 km dərinliyinə daxil olacaq](/uploads/posts/2022-04/1650959248_1.jpg)
Türkiyə Silahlı Qüvvələri “Pençe-Kilit” antiterror əməliyyatı çərçivəsində İraqın 50-60 km-lik dərinliyinə daxil olmağa hazırlaşır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Star” qəzeti yazıb.
Bundan əlavə, bildirilib ki, əsas tapşırıqları yerinə yetirdikdən sonra Türkiyə ordusu İraqın şimalını tamamilə tərk etməyi planlaşdırmır. Onlar təhdidlər tamamilə yox olana qədər əraziyə nəzarət etmək üçün orada müvəqqəti bazalar yerləşdirmək niyyətindədirlər. Yalnız təhdidləri zərərsizləşdirmək üçün bütün tapşırıqları yerinə yetirdikdən sonra Türkiyə Silahlı Qüvvələri İraq ərazilərini azad edəcək.
Ekstremistlərin hərəkət üçün istifadə etməyə üstünlük verdiyi ərazilərdə müvəqqəti bazalar və nəzarət məntəqələri də yerləşdiriləcək.
Məlumata görə, əməliyyat keçirilən istiqamətdə artıq bütün yollar bağlanıb. “Pençe-Kilit”in son hədəfi terrorçuların yerləşdiyi Kandil dağındakı əsas düşərgəni məhv etməkdir.
“Sabah” qəzeti isə öz növbəsində əməliyyatın keçirildiyi Kandil bölgəsində PKK terrorçularının sayının əməliyyat başlamazdan əvvəl 3 minə yaxın olduğunu qeyd edib. Bildirilir ki, hərbçilərin belə hesablamaları olub. Bundan əlavə, qəzet yazır ki, İraq Kürdüstanının rəhbərliyi Türkiyəyə yardım edir və PKK üzvlərinin muxtariyyət ərazisinə keçməsinin qarşısını alır.
Xatırladaq ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İraqın şimalında keçirilən xüsusi əməliyyat zamanı indiyədək 56 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Qeyd edək ki, aprelin 18-nə keçən gecə Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK üzvlərinə qarşı Hərbi Hava Qüvvələri və xüsusi təyinatlıların da cəlb olunduğu yeni hərbi əməliyyat – “Pençe-Kilit” antiterror əməliyyatı başladıb. Türkiyə qırıcıları İraqın Metina, Zap və Avaşin bölgələrində terrorçulara hava zərbələri endirib. H.Akar bildirib ki, əməliyyatın ilk mərhələsində qarşıya qoyulan məqsədlərə nail olunub.