Türkiyə geri çəkilmədi, Qərb əks-hücuma HAZIRLAŞIR

18-05-2022, 10:41           
Türkiyə geri çəkilmədi, Qərb əks-hücuma HAZIRLAŞIR
Finlandiya və İsveç NATO-ya qoşulmaq istəsə də, Türkiyə buna imkan vermir. Rəsmi Ankara bu iki ölkənin NATO-ya qoşulmasına razı deyil. Səbəb olaraq Finlandiya və İsveçdə PKK-nın terror təşkilatı kimi tanınmaması, FETÖ terrorçularının Türkiyəyə qaytarılmasına rədd cavabının verilməsi göstərilir.

Qardaş Türkiyə mövqeyini israrla müdafiə etməkdə qərarlı görünür. Eyni zamanda dünya gücləri Ankaranı qərarından daşındırmaq üçün ciddi cəhdlə mübarizə aparır. Hazırda tərəflər arasında diplomatik kanallar vasitəsilə danışıqlar gedir. Ehtimal olunur ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına qəti şəkildə "yox" desə, Qərbin təzyiqləri ilə üzləşəcək.
Bəs, Ərdoğan hakimiyyəti Qərbin əks-hücumunu gözə almağa hazırdırmı? Türkiyənin mövqeyi dəyişə bilərmi?

Teref.az yazır ki, bu barədə Modern.az-a danışan politoloq Elxan Şahinoğlu düşünür ki, Türkiyəyə təzyiqlər olacaq, ancaq Ankara bu məsələdə tamamilə haqlı tərəfdir:

"Bununla Türkiyə ikili standartların əleyhinə çıxış edir. İkili standartlar Gürcüstan və Ukraynanın qapıda gözlədilməsi, NATO üzvlüyünə qəbul edilməməsi, ancaq Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsini ortaya qoyan kimi, onlara "yaşıl işıq" yandırılması və bütün qapıların açılmasıdır".

Politoloqun sözlərinə görə, Türkiyənin irəli sürdüyü tələblər ədalətlidir:

"Skandinaviya ölkələrində PKK-nın geniş imkanları, sempatizanları var, onlar tərəfindən terror üçün xərac toplanır. Türkiyə və Ərdoğanın tələbi odur ki, PKK terror təşkilatı ilə bağlı bu ölkələr mövqe ortaya qoysunlar. Onların ofislərini bağlasınlar, pul yığmalarının qarşısını alsınlar. Bu məsələdə siyasi gediş olsun. Əlbəttə, bu yolla Türkiyə PKK mövzusunu dünyanın gündəminə çıxarır".

Bununla belə, E.Şahinoğlu hesab edir ki, qardaş Türkiyənin mövqeyi dəyişilə bilər:

"PKK terror təşkilatına şərait yaratmaları, bu ölkələrdə təşkilatın üzvlərinin olması, terrorçu şüarların səsləndirilməsinin qarşısının alınması istiqamətində addımlar atılmamasına baxmayaraq, ABŞ da, Avropa İttifaqı da PKK-nı çoxdan terrorçu təşkilat kimi tanıyır. Eyni zamanda bir çox ölkədə PKK-nın fəalyyəti rəsmən qadağan edilib. Əgər İsveç və Finlandiya bu qadağalara sözdə və əməldə qoşulsa, PKK-ya qarşı mübarizə aparsa, orada terrorçuların ofislərinin açılmasına icazə verməsə, Türkiyənin mövqeyi dəyişə bilər".

Politoloq qeyd edib ki, hazırki şəraitdə Finlandiya və İsveçin NATO-ya qoşulması üçün Türkiyənin tələblərini yerinə yetirməkdən başqa çıxış yolu qalmayıb. Təsadüfi deyil ki, ötən gün Finlandiya Prezidenti Sauli Niinistö İsveç parlamentində çıxışı zamanı Türkiyənin qoyduğu şərtləri qəbul edə biləcəklərini söyləyib.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra İsveç və Finlandiyanın NATO-ya üzvlüyü gündəmə gəlib və hər iki ölkə rəsmi olaraq NATO-ya müraciət edəcəklərini açıqlayıb. Ötən həftə ölkələr rəsmən NATO-ya müraciət ünvanlayıb. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə müsbət yanaşmadığını bildirib: “Hazırda İsveç və Finlandiya ilə bağlı hadisələri izləyirik, lakin müsbət münasibətdə deyilik".

Rəsmi Ankara İsveç və Finlandiyanın PKK-nı terror təşkilatı kimi tanımaq tələbini irəli sürüb. Diqqətə çatdırılıb ki, yalnız bundan sonra hər iki ölkənin NATO-ya üzv olmasına razılıq verilə bilər.
Turaqay Musayev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.