Həmədanda iki edam məhkumunun hökmü Quranı əzbərlədikləri üçün həbsə endirilib

2-11-2023, 12:24           
Həmədanda iki edam məhkumunun hökmü Quranı əzbərlədikləri üçün həbsə endirilib
Həmədan vilayətində iki edam məhkumu Quranın bəzi hissələrini hifz etdikləri üçün ölüm cəzasından azad edilib.

Rəsmi dövlət agentliyi İRNA bu barədə Həmədan Ədliyyəsinə istinadən məlumat yayıb.

"Həmədan ədliyyəsinin bildirdiyinə görə, narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar edama məhkum edilmiş məhkumlardan biri Quranın 30 cüzündən 13-nü, digəri isə 6 cüz əzbərlədikləri üçün hökmləri həbsə endirilib. Bundan əlavə, məhkumların davranışlarında da ciddi yaxşılaşma maşahidə edilir", İRNA yazıb.

Ədliyyənin əfv komissiyasının eksperti Ruhullah Heydəri deyib ki, "bu iki məhbusun ərizəsi daha öncə rədd edilmiş və hökmün tətbiq edilməsinə dair qərar çıxarılmışdı. Ancaq əfv komissiyasının və xüsusilə ədliyyə rəisinin diqqət və etinası ilə onların ölüm cəzası sonunda həbsə çevirildi."
İranda İbrahim Rəisinin hakimiyyətə gəlməsindən sonra tətbiq edilən edam hökmlərinin sayı kəskin artıb.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) təşkilatı Fransanın Birlikdə Ölüm Cəzasına Qarşı Təşkilatının (ECPM) dəstəyi ilə keçən il hazırladığı hesabata görə, İranda bəluçlar başda olmaqla, qeyri-fars icmalar arasında ölüm cəzası statistikası həddən artıq yüksəkdir. Həmin hesabata əsasən, 2021-ci ildə İranda əhali sayına görə edam hallarının ən çox olduğu vilayətlər siyahısında türklərin əksəriyyətdə olduğu Qəzvin və Zəncan vilayətləri 3-cü, Ərdəbil vilayəti isə 4-cü yeri tutub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.