Ünal Çeviköz CHP rəhbərliyindən uzaqlaşdırıldı - Azərbaycana düşmənçilik ona baha başa gəldi

14-12-2023, 16:58           
Ünal Çeviköz CHP rəhbərliyindən uzaqlaşdırıldı -
Ötən ay Türkiyənin ana müxalifətdə təmsil olunan Cümhuriyyət Xalq Partiyasında (CHP) ciddi dəyişikliklər olub. Belə ki, 13 ildir partiyaya sədrlik edən Kemal Kılıçdaroğlu sədr postunu tərk etdi və onun yerinə partiyanın parlamentdəki fraksiyasının rəhbəri Özgür Özel seçildi.

Sədr dəyişikliyindən sonra partiyanın rəhbər strukturlarında "zəlzələ" baş verdi, Kemal Kılıçdaroğlunun təyin etdiyi bir çox şəxs də vəzifəsini itirdi. Yeni komandada təmsil olunmayan siyasətçilərdən biri də Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən Ünal Çeviközdür.

Kılıçdaroğlunun sədrliyi dövründə partiya sədrinin müşaviri olan Çeviközün bu vəzifəyə təyinatı da mübahisəli idi. Belə ki, sabiq diplomat 2018-2020-ci illərdə partiya sədrinin xarici məsələlər üzrə müavini olub. Partiya sədrinin müavini təyin edilmək üçün şəxs təşkilatın məclisində təmsil olunmalıdır. Ancaq 2020-ci ildə keçirilən qurultay zamanı Ünal Çeviköz məclisə daxil ola bilməyib, buna baxmayaraq Kılıçdoğlu ondan imtina etməyib. Partiya sədri xarici məsələlər üzrə müavin postunu boş qoyaraq Çeviközü xarici məsələlər üzrə müşavir təyin edib.

O, müşavir vəzifəsində çalışarkən Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistanı məğlub edərək öz torpaqlarını işğaldan azad edib. Lakin Çeviköz müharibə zamanı və sonrasında Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edib. O, müharibə zamanı Türkiyənin Azərbaycana dəstək verməsini qınamışdı: “Təəssüf ki, biz Azərbaycana dəstək verdik”. O, bu açıqlamasından sonra sərt tənqidlərə məruz qalıb.

Çeviközün Azərbaycana qarşı düşmən mövqeyi partiya daxilində də narazılıqlara səbəb olub və bu səbəbdən partiya rəhbərliyində dəyişiklik olan kimi o, vəzifəsini itirib. Partiya daxilində Kılıçdaroğlunun yaxın adamlarından hesab edilən Çeviköz hazırda CHP-də heç bir vəzifə tutmur və sıravi üzvdür.

Şübhəsiz ki, Ünal Çeviközün partiya rəhbərliyində heç bir vəzifə tutumasının səbəbi onun Azərbaycana qarşı düşmən mövqeyi olub. Belə ki, partiyanın yeni sədri keçmiş rəhbərliyin Azərbaycanla bağlı siyasətini sərt tənqid edib və Azərbaycanla münasibətləri bərpa edəcəyinə söz verib. O, Azərbaycanın “könlünü alacağını” bildirib. Özgür Özel hazırda Bakıya gəlmək üçün danışıqlar aparır.

Modern.az-ın CHP mənbələrindən əldə etdiyi məlumata görə, Çeviközün partiya rəhbərliyində təmsil olunmaması onun narazılığına səbəb olub. Həmçinin, sabiq diplomata partiya daxilində Azərbaycanla bağlı açıqlamalarına görə açıq formada təzyiqlər edilir. O, Türkiyənin ən böyük müxalifət partiyasının və Atatürkün qurduğu təşkiların xarici əlaqələrini yanlış qurmaqda ittiham edilir.

Sabiq diplomat artıq partiya rəhbərliyində təmsil olunmadığı və partiya daxilində sıxışdırıldığı üçün CHP-ni tərk etmək istəyir. Çeviköz partiyanın heç bir iclasında və tədbirində iştirak etmir. Hətta Çeviköz iştirak etdiyi digər tədbirlərdə adının CHP ilə əlaqələndirilməməsini xahiş edir.

Beləliklə, Çeviköz Azərbaycana qarşı düşmən mövqeyinə görə partiya rəhbərliyindən uzalaşdırıldığı üçün 2015-ci ildən üzvü olduğu CHP-ni tərk etmək məcburiyyətində qalıb. Tezliklə onun partiya üzvlüyündən istefa verəcəyi barədə rəsmi müraciət edəcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.