Uğur Dündar: "Fətullah Gülən şəbəkəsi ilə bağlı Türkiyə hakimiyyətini ilk xəbərdar edən Milli İstihbarat Təşkilatı olub."
18-08-2016, 13:07
Axar.az xəbər verir ki, bu sözlər türkiyəli məşhur yazar Uğur Dündarın “Sözcü” qəzetindəki köşəsində yer alıb. O, bu xəbərdarlığın 22 dekabr 1996-cı ildə edildiyini bildirib:
“O gün Çankaya Köşkündə prezident Süleyman Dəmirəlin rəhbərliyi ilə Susurluk skandalı ilə bağlı təcili toplantı hazırlanmışdı. Həmin gün toplantıya Baş nazir Nəcməddin Ərbəkan, Baş nazir müavini Tansu Çillər, ANAP-ın rəhbəri Məsud Yılmaz, Dəniz Baykal və Muhsin Yazıcıoğlu da qatılmışdı. İclasda MİT-in hazırladığı 18 səhifəlik hesabat müzakirə edilirdi. Hesabat dövlətdəki təhlükəli qruplaşmalara aid idi. MİT bu hesabatda Türkiyənin 58 təşkilat və şəxslə mübarizə aparması gərəkdiyini göstərmişdi. Fətullah Gülən bu siyahıda 56-cı yerdə idi”.
Yazar o zaman bu hesabatı yayımladıqdan sonra özünün işlədiyi “Kanal D” televiziyasına gülənçilərin hücum etdiyini və məhkəmələrin onlar haqqında sərt qərarlar çıxardığını bildirib:
“Məhkəmələrdə ard-arda təkzib verməmiz qərarları çıxırdı. İnanmayacaqsınız, amma onların sayı 100-ə yaxın idi. Məhkəmə yayımlamağa məcbur olduğumuz təkzib mətnlərində Fətullah Gülən əvəzinə “Möhtərəm Fətulllah Gülən Hocaəfəndi” sözlərini yazmağımızı istəyirdi. Əslində, məhz, ozamankı görüşdə MİT dövlət rəhbərliyinə gülənçilərin cümhuriyyətdə çevriliş etmək istədiyini və bunun üçün təşkilatlandığını deyirdi”.