Antalyanın simvolu sayılan qədim Aspendos şəhəri

24-07-2024, 10:58           
Antalyanın simvolu sayılan qədim Aspendos şəhəri
Hər il milyonlarla turist kəşf edilməmiş tarixi məkanları ziyarət etmək üçün Türkiyə səyahətinə başlayırlar. Türkiyə torpaqlarında tarix boyu bir çox mədəniyyətlər yaşayıb, yaradıb və burada aparılan arxeloji qazıntılar zamanı tarixin müxtəlif dövrlərinə aid şəhərlər, mədəniyyətlər yenidən kəşf edilir.

Serik ilçəsinin 8 kilometr şərqində, Köprüçayının dağlıq bölgəsindən düzlüyə çatdığı yerdə e.ə. X əsrdə Akalar tərəfindən qurulmuş Aspendos antik dövrün çox zəngin şəhərlərindən biri olub. Şəhər biri böyük, biri kiçik iki təpə üzərinə qurulmuşdur. Coğrafiyaçı Strabon və Pamponrus Mela, şəhərin Agruslularca qurulduğunu yazırlar. Bölgəyə e.ə. 1200-cü ildən sonra Yunan köçləri olmuşdur. Halbuki, Aspendos adının mənbəyi Rumlardan əvvəlki yerli Anadolu dilidir. Əhəmiyyətli bir ticarət yolu üzərində olduğu və Köprüçay çayı ilə limana bağlandığı üçün Aspendos, hər dövrdə ələ keçirilmək istənən şəhərlər arasında yer almışdır.

Bu binanın restavrasiya olunmasna Mustafa Kamal Atatürkün göstərişindən sonra başlanılıb. 1930-cu ildə Antalyaya səfəri çərçivəsində Aspendos antik şəhərini də ziyarət edən Mustafa Kamal Atatürk belə bir göstəriş verir: “Bu teatrı restavrasiya edin. Ancaq qapısına kilid vurmayın. Burada tədbirlər keçirin”.Beləliklə, dahi Atatürkün həmin göstərişindən sonra qədim teatra yeni həyat verilib. Restavrasiyadan sonra yeni həyatına qədəm qoyan bu ecazkar bina hər il Aspendos Opera və Balet Festivalına ev sahibliyi edir.

Aspendos Qədim Teatrı və Aspendos Akvedukları 2015-ci ildə YUNESKO-nun Müvəqqəti İrs Siyahısına daxil edilib. Yüzlərlə illik tarixi ilə zamana meydan oxuyan teatrın eramızın 2-ci əsrində Roma dövləti tərəfindən inşa edildiyi düşünülür. Dünyanın ən yaxşı akustikasına malik olan bu bina Aspendoslu Teodorun oğlu Memar Zenon tərəfindən tikilmişdir. Səhnə binasının girişindəki yazılarda Kurtius Krispin və Kurtius Ospikat adlı iki qardaşın binanı tanrılara və imperatora həsr etdiyi oxunur.

Qədim teatrın memarlığı möhtəşəm və diqqətəlayiqdir. Səhnə binası qədim Roma teatr binalarında olduğu kimi iki mərtəbədən ibarətdir. Teatr binasının hər iki mərtəbəsində müxtəlif sütunlardan istifadə olunub. Aşağı mərtəbədə İon sütunlarının, yuxarı mərtəbədə isə Korinf sütunlarının istifadəsi binanın mürəkkəb görünüşünə imkan verir. Sütunlar arasındakı taxçalara heykəllər əlavə edilərək estetik bir toxunuş əlavə edilmişdir.Binanın orta qapısındakı Dionis relyefinin ətrafı bitki və motivlərlə əhatə olunmuşdur. Qədim teatrlarda keçirilən tədbirlər Qədim Yunanıstanda şərab tanrısı kimi tanınan Dionisin adına keçirilirdi. Xüsusilə biçin mövsümündə insanlar tanrılara minnətdarlıqlarını bildirmək və məhsuldarlığı artırmaq üçün müxtəlif şənliklər təşkil etdilər.

Teatr binasının qapıları müxtəlif məqsədlər üçün istifadə olunurdu. Birinci mərtəbədəki qapılar teatr tamaşalarında sənətkarların istifadəsinə nəzərdə tutulduğu halda, yerin altındakı qapılar döyüş zamanı heyvanların girməsi üçün hazırlanmışdı. Eyni dövrdə tikilmiş digər teatr binalarından fərqli olaraq oturacaqlardan mənzərəni deyil, səhnəni görmək olur. Binanın ətrafının tamamilə bağlı olması akustikanı gücləndirir və tamaşaçıların səsləri asanlıqla eşitməsinə şərait yaradır.

Məlumdur ki, oturacaqların hər birinin eni 45 sm-dir. 9000 nəfərlik böyük tamaşaçı tutumu olan Aspendos Antik Teatrı 15.000 nəfərə qədər artırıla bilər. Ümumilikdə 41 sıra oturacaq olan teatrın orkestr bölməsi yarımdairəvi formadadır.

Bu qədim şəhərin yaxınlığında çoxsaylı qədim yaşayış məskəni mövcuddur. Bəzən bu gözəlliklərin insan əli ilə yaradılmasına şübhə ilə yanaşırlar. Turistlərin ən çox görməyə can atdığı məkanlardan biri də Zeytintaşı Mağarasıdır.

Zeytintaşı Mağarası Antalyanın Serik mahalına 15 km məsafədədir. Şimalda Akbaş kəndinin Gökçeler mahalının cənub-şərqində yerləşir. 1997-ci ildə daş karxanası işlətmək üçün çalışan işçilər tərəfindən təsadüfən kəşf edilən və 2013-cü ildə ‘Təbiət Abidəsi’ elan edilən Zeytintaşı Mağarası o gündən bu yana bölgənin turizm potensialına böyük töhfə verir.

Bir-birinə bağlı iki mərtəbədən ibarət olan mağaranın yuxarı mərtəbəsi yan dəhlizlərlə birlikdə 136 metr, aşağı mərtəbəsi isə 97 metrdir. Mağaranın aşağı mərtəbəsi onu məhv olmaqdan qorumaq üçün ziyarətçilər üçün bağlıdır. Böyük sütunlar arasında yerləşən gölməçələr mağaranın görünüşünü daha da maraqlı edir.

Valehedici atmosferi, ləl-cəvahirat kimi sütunları, sarkıtları, stalaqmitləri və hər cür damcı daşları ilə böyük diqqət çəkən mağaraya bələdçi ilə baş çəkib unudulmaz vizual ziyafətə şahid ola bilərsiniz. Havası və təbiəti ilə insanlara dinclik və rahatlıq bəxş edən mağaranın ətrafı toxunulmamış və təbii gözəlliklərə malikdir. Mağaraya baş çəkdikdən sonra ətrafda gəzinti, dırmaşma, safari turu və canlı təbiəti müşahidə edə bilərsiniz. Antalyanın gözəlliyinə heyran qalan turistlərin böyük hissəsi Aspendos Qədim Şəhərini ziyarət edir. Rəsmi rəqəmlərə görə 2024-cü ilin 6 ayı ərzində Antalyaya 9 milyon 680 min turist gəlib. Gələn turistlərin böyük hissəsi bu qədim şəhərləri və tarixi məkanları ziyarət edib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.