Şərqi Azərbaycan vilayətinin yeni valisi təyin edilib

30-09-2024, 12:08           
Şərqi Azərbaycan vilayətinin yeni valisi təyin edilib
İranın sabiq prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğraması nəticəsində keçmiş vali Malik Rəhmətinin vəfatından sonra Şərqi Azərbaycan vilayətinin rəhbəri vəzifəsinə Bəhram Sərməst təyin edilib.

Rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, Sərməst Daxili İşlər nazirinin təklifi və Nazirlər Kabinetinin təsdiqi ilə prezident Məsud Pezeşkianın fərmanı əsasında bu vəzifəyə gətirilib.

55 yaşlı Bəhram Sərməst Şərqi Azərbaycanın Binab şəhərində anadan olub və siyasi elmlər üzrə ali təhsil alıb. O daha əvvəl Həsən Ruhaninin prezidentliyinin ikinci dönəmində dörd il Qum vilayətinin valisi vəzifəsində çalışıb. O həmçinin Şərqi Azərbaycanın siyasi və nizam-intizam məsələləri üzrə direktoru, Təbrizin meri və Daxili İşlər Nazirliyinin siyasi baş direktoru vəzifələrində də fəaliyyət göstərib.
Bəhram Sərməst mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycanın valiliyinin 17-ci rəhbəri olacaq. Ondan əvvəl bu vəzifəni tutmuş Abidin Xürrəm İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi üzvü olduğuna görə valilik üçün uyğun olmadığına dair tənqidlərə məruz qalmışdı.

Xürrəmin tənəffüs yolu infeksiyası xəstəliyindən vəfat etməsindən sonra onun yerinə təyin edilmiş Malik Rəhməti də helikopter qəzasında həyatını itirmiş və nəticədə valilik postu yenidən boş qalmışdı.

Rəsmi mənbələr həmçinin Həmid Mollanuri Şəmsinin eyni zamanda Həmədan valisi təyin edildiyini açıqlayıblar. O, Kirman vilayətində doğulub və Həmədan vilayətindən deyil. Həmədan vilayətində Kəbudərahəng, Rəzən, Bahar və Famenin kimi əsasən türklərin məskunlaşdığı geniş ərazilər mövcuddur.

Hazırda İran Azərbaycanının digər vilayətlərində, o cümlədən Ərdəbil, Zəncan və Qərbi Azərbaycanda yeni valilər hələ təyin edilməyib, bu vəzifələri İbrahim Rəisi dövründə təyin edilmiş valilər icra edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.