Təbriz İnqilab Məhkəməsi 13 Azərbaycanlı fəalı yekun iclasa çağırıb
Bu gün, 17:24
İran Azərbaycanında 13 milli fəalın Təbriz İnqilab Məhkəməsinə çağırıldığı bildirilib. Həmin türk fəallar daha öncə İran Azərbaycanının müxtəlif şəhərlərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmışıdı.
Araz News saytının yaydığı məlumata görə, 2023-cü ilin sentyabr ayında və sonrakı aylarda həbs olunan və həftələrlə təhlükəsizlik qüvvələrinin nəzarətində sorğu-sual edilən fəallar son müdafiələrini təqdim etmək üçün Təbriz Ümumi və İnqilab Məhkəməsinin 15 saylı şöbəsinə çağırılıblar.
Bölgədəki insan haqları müdafiəciləri məhkəmənin çağırış vərəqəsinin surətini sosial mediada yayımlayıb. Çağırışa əsasən, İbrahim Əvəzzadə, Nasir Rəzmcu, Mürtəza Nurməhəmmədi, Hüseyn Azadi, Seyid Məhəmmədrza Müvəhhid, Cavad Sudbər, Davud Şiri, Əli Babayi, Mehrdad Qadiri, Araz İbrahimnejad, Əmirhüseyn Ağayi, Hamid Yeganəpur və Yürüş Mehrəlibəyli məhkəməyə çağırılıb.
Bu çağırış yanvarın 9-da fəallara məhkəmənin elektron bildiriş vasitəsilə bildirilib və məhkəməyə müraciət etmələri üçün 5 gün vaxt verilib. Araz İbrahimnejad, Davud Şiri, Mehrdad Qadiri, Yürüş Mehrəlibəyli və Hamid Yeganəpurun məhkəmə iclası keçirilib və digər fəallar isə yaxın günlərdə məhkəməyə müraciət etmələri gözlənilir.
Azərbaycanlı fəallar "İran İslam Respublikasına qarşı fəaliyyət göstərmək məqsədilə qeyri-qanuni Demokratlar qrupuna üzv olmaq" və "daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və əlbir olmaq" ittihamları ilə üzləşiblər.
2023-cü ilin sentyabr ayında İran Azərbaycanının müxtəlif şəhərlərində türk fəalların kütləvi şəkildə həbsi dalğası başlamışdı. Azərbaycanlı fəalların vəkilə çatım hüququ təmin olunmadan, ailələri ilə görüşdən məhrum edilərək, həftələrlə Təbrizdə Kəşfiyyat Nazirliyinin təcridxanasında təkadamlıq kameralarda sorğu-suala və işgəncəyə məruz qalmışdılar.
2023-cü il 13 sentyabr tarixində Cavad Sudbər, Əli Babayi, Davud Şiri, Seyid Məhəmmədrza Müvəhhid, Araz İbrahimnejad və Əmirhüseyn Ağayi Təbrizdə həbs edilmişdilər. Onların həbsi ilə başlayan bu prosesdə, sonrakı günlərdə Təbriz və İran Azərbaycanının başqa şəhərlərində də digər fəallar saxlanılmışdı. Milli fəallar Hamid Yeganəpur, Mehrdad Qadiri və Hüseyn Azadi Təbrizdə, Nasir Rəzmcu Ərdəbildə və Yürüş Mehrəlibəyli də Culfada bu kütləvi həbslər dalğasında saxlanılanlar arasında idi.